Modern.az

Azərbaycanlı məşhurlar Ərdoğanın qələbəsinə BELƏ SEVİNDİLƏR

Azərbaycanlı məşhurlar Ərdoğanın qələbəsinə BELƏ SEVİNDİLƏR

30 May 2023, 10:12

Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsi Azərbaycanda sevinclə qarşılanıb. Sadə vətəndaşlarla yanaşı, ölkənin tanınmış simaları da Ərdoğanın qələbəsini coşqu ilə qeyd ediblər.

 

Sevinc təəssüratlarını Modern.az-la bölüşən azərbaycanlı məşhurlar Ərdoğanın Türkiyə xalqı qarşısında xidmətlərini, eləcə də Azərbaycana olan münasibətini yüksək qiymətləndiriblər.

 

Ərdoğanın qalib gəlməsi üçün dua edirdik...

 

 

Xalq artisti, xanəndə Mənsum İbrahimov:

 

“Mən hisslərimi sözlə ifadə edə bilmirəm. Çünki bu, bizim hər birimizin və türk dünyasının qələbəsidir. Türkiyənin inkişafında Ərdoğanın hakimiyyətinin çox böyük rolu olub. Eyni zamanda onun bizim Qarabağ zəfərimizdə mənəvi və siyasi dəstəyi danılmazdır. Ərdoğan həmişə Azərbaycanın yanında olub, dəstək verib. Mən də daxil olmaqla bütün Azərbaycan xalqı Ərdoğanın qalib olmasını istəyirdi. Hesab edirəm ki, hər birimizin duaları həyata keçdi, ədalət zəfər çaldı. Türk xalqı öz seçimini etdi. Yenidən demokratik yolla Ərdoğan 13-cü cümhur başqanı seçildi. Düşünürəm ki, növbəti 5 il də Türk dünyası və Azərbaycan üçün çox önəmli olacaq - həm inkişafımız üçün, həm də Qarabağla bağlı sülh prosesinin başa çatması üçün. Hamımız çox sevincliyik. Bütün Türk dünyasını təbrik edirəm. Türkiyədə sözün əsl mənasında dünyaya örnək olacaq demokratik seçki keçirildi”.

 

Bizim üçün ikiqat bayram oldu...

 

Əməkdar artist, müğənni Elza Seyidcahan:

 

“Təəssüratlarım çox gözəldir. Mən çox sevinirəm ki, 28 mayda həm bizim ölkəmizdə həm də qardaş ölkədə Ərdoğanın seçilməsi ikiqat bayram oldu. Biz onu dəstəkləyirik. Onun üçün dualar edirdik. Azərbaycan xalqı Ərdoğanın qələbəsinə sevinir”.

 

Dualarımız çin oldu...

 

 

Xalq artisti, müğənni Bilal Əliyev:

 

“Azərbaycan vətəndaşları Ərdoğanın qələbəsini bayram ab-havasında qeyd edir. Türkiyənin qələbəsi Azərbaycanın, Azərbaycanın qələbəsi isə Türkiyənin qələbəsidir. Bir millət iki dövlət olaraq birlikdəyik. Ərdoğan böyük siyasətçidir. O hər zaman Azərbaycanın yanında olub, bizim haqq səsimizi dünyaya çatdırıb, Qarabağ probleminin həllində siyasi dəstək göstərib. Onun yenidən prezident seçilməsi hamımızın arzusu idi. Dualarımız çin oldu. Haqq, ədalət, düzgünlük, qələbə daim Türkiyə və Azərbaycan xalqı ilə birlikdədir”.

 

Bizim bir dostumuz var, o da Türkiyədir...

 

 

Xalq artisti, aktyor İlham Namiq Kamal:

 

“Ulu öndərimiz zamanında çox gözəl qeyd edib ki, biz bir millət iki dövlətik. Azərbaycanın həqiqi dostu, qardaşı məhz Türkiyədir. Bu gün biz Ərdoğanın prezident seçilməsinə çox sevinirik. İnanırıq ki, bundan sonra dostluq, qardaşlıq əlaqələri həm Türkiyənin, həm də Azərbaycanın inkişafında müsbət rol oynayacaq. Ərdoğanın Azərbaycanın Müstəqillik Günündə qələbə qazanması bizim üçün ikiqat bayram oldu”.

 

Bu seçki bizim qələbəmizdir...

 

Xalq artisti, teatr və kino aktyoru Nurəddin Mehdixanlı:

 

“Türk xalqı, türk dünyası və türk milləti üçün xeyirli-uğurlu olsun. Əslində bu qələbə təkcə Ərdoğanın qələbəsi deyil, türk millətinin Türkyənin 100 illiyini istəməyən böyük güclərin üzərində qazandığı qələbədir. Mənfi güclər Türkiyəni bugünkü strateji istiqamətlərindən, gələcək planlarından yayındırmaq üçün güclərini sınadılar. İstər Avropa, istər Amerika açıq və gizli yollarla Türkiyənin rəhbərliyini, idarəetməsini dəyişmək və ələ almaq istədilər.  Amma türk milləti öz iradəsini göstərdi.

 

Düşünürəm ki, Türkiyə Cümhuriyyəti həm də dünyaya seçki mədəniyyətini göstərdi. İki tur seçki oldu. Seçki müddəti ərzində ciddi mənada qarşıdurmalar və toqquşmalar olmadı. Seçkidə yüksək səviyyədə iştirak qeydə alındı. Fikrimcə, bu çox vacib məqamdır. Əgər seçkidə iştirak etmə hüququ olan əhali seçkidə iştirak edirsə, əgər bir oğul 85 yaşlı anasını çiynində seçki məntəqəsinə gətirirsə, bu, həmin xalqın seçkiyə nə qədər önəm verdiyini göstərir. Bu seçki həm Azərbaycanla, həm də Azərbaycanın gələcək planları ilə bağlıdır. Türkiyə və  Azərbaycanın birliyini istəməyən güclər hər cür oyundan çıxdılar. Azərbaycanla Türkiyə arasında nifaq toxumları əkməyə çalışdılar, amma alınmadı. Ərdoğanın qələbəsi bizim qələbəmizdir. Mayın 28-də bayram bayrama qarışdı”.

 

Aytac Əsədova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?