Bu gün Milli Kino Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino sənəti bəşəriyyətin ən böyük kəşflərindən biridir. Kino yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləşdirir. Kinonun bir üstünlüyü də tamaşaçıları inandırma gücünə və təsirinə malik olmasındadır.
Təəssüflər olsun ki, zəngin inkişaf dövrü keçmiş Azərbaycan kinosu son illər durğunluq yaşayır. Lentə alınan filmlər əvvəlki kimi insanları ovsunlaya bilmir. Doğrudur, bu haqda çox danışılıb, tənqidlər və təkliflər səsləndirilib. Mütəxəssislərin əksəriyyəti kinomuzun geriləməsinə görə Mədəniyyət Nazirliyini günahlandırır, tamaşaçılar isə aktyorların qeyri-peşəkarlığından narazıdır. Bir sözlə, “Arşın mal alan”, “Qayınana”, “Bəxt üzüyü”, "Ögey ana” və s. kimi illər öncə lentə alınmış filmləri bu gün də sevərək izləyir, niyə indiki kinolarımızın o dövrdəki kimi populyar olmadığını sual edirik.
Xalq artisti, tanınmış kinorejissor Əbdül Mahmudov Modern.az-a açıqlamasında Azərbaycan kinosunun bugünkü durumu və gələcəklə bağlı planlardan danışıb.
O, ümid edir ki, artıq kinonun inkişafı istiqamətində uğurlu addımlar atılır və qısa müddətdə Azərbaycanın kino sahəsi əvvəlki nüfuzuna qayıda biləcək. Lakin bunun heç də asan məsələ olmadığını söyləyən Xalq artisti Mədəniyyət Nazirliyinin yeni rəhbərliyindən gözləntilərinin müsbət olduğunu bildirib.
“Təsadüfi deyil ki, bütün dünyanın xalqları kino sənətindən maddi gəlir kimi istifadə edir. Kino həm də böyük qazanc əldə edilən sahədir. Müstəqillik dönəmində ictimai-siyasi mühit dəyişəndə inkişaf bir qədər ləng gedir. O cümlədən kinomuzda da belədir. Çox şükür ki, artıq bizim nazirliyə yeni rəhbər təyin olundu. Cənab prezidentin məqsədi kinonu bərpa etmək və 70-80-ci illərin möhtəşəm səviyyəsinə qaytarmaqdır. Deyə bilərəm ki, bununla bağlı ciddi işlər görülür. Əlbəttə, bu, bir günün, beş günün işi deyil, kino sənəti həm də vaxt və maddiyyat tələb edən işdir. Kino sənəti ideoloji və təbliğat baxımdan çox böyük xeyir gətirirsə, həm də böyük xərc tələb edir. Bunlar hamısı sistemləşdirilir, planlaşdırılır. İnanıram ki, xalqımızın həsrətində olduğu 1950-80-ci illərin kinosu bərpa olunacaq. Həm maddi-texniki bazada, həm yeni yaradıcılıq, həm də yüksək sənət əsəri olaraq”.
Şeyx Əbdül Xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi kino ittifaqlarının birləşməsinə də münasibət bildirib. Onun sözlərinə görə, belə bir addımın atılması kinonun inkişafı üçün vacib idi.
“Artıq iş başlayıb. Nümunələrdən biri ittifaqların birləşməsi oldu. Kinoya dəxli olmayan insanlar bu sahənin inkişafına mane oldular. Unutmaq olmaz ki, kinonun əsl sahibi kinostudiyadır. Heç bir ittifaqın kinonun yaradılışına, çəkilişinə, alqı-satqısına müdaxilə etmək səlahiyyəti yoxdur. Sadəcə ömrünü kinoya həsr edənlərin müəyyən maddi, mənəvi baxımdan bir araya gətirilməsi üçün ittifaqlar yaratmışdılar. Bəziləri deyir ki, kino ictimai cəmiyyətdir. Mən o savadsız ziyalılara cavab verirəm. Bəli, kino ictimai təşkilatdır. Ancaq kino müstəqil olmalı və onun öz büdcəsi formalaşmalıdır. Axı kinostudiyalar, kino adamları çox böyük maddi çətinliklər içində boğula-boğula qalıb. Nə vaxtsa, kinonun qapısından keçənlər özləri üçün ittifaq yardıblar və bu ittifaq dövlət büdcəsindən təmin olunur. Əgər bir sahəyə dövlət büdcəsindən pul ayrılırsa, o ürəyi istədiyi kimi müstəqil ola bilməz, mümkün deyil. Kinoya yaxından-uzaqdan dəxli olmayan adamlara pul xərcləməyin nə əhəmiyyəti var? O pulu kinonun zəhmətini çəkənlərə verərik. Bu mübarizəni aparan mən idim, ona görə də düşmən qazanmışdım. Nəhayət, bu məsələ nazirlik səviyyəsinə çatdı, obyektiv olaraq hər iki ittifaqın yazılı bəyanatla birləşməsi üçün qərar qəbul olundu. Bir ay ərzində vahid kino ittifaqı bir araya gələcək, bir yerdə filmlərin çəkilişinə xidmət edəcəyik, ayrıseçkilik, qarşıdurma olmayacaq”, - deyə Xalq artisti vurğulayıb.
Jalə Rövşən