Modern.az

Babəkin cəmiyyətimizlə əlaqəsi yoxdur - Rasim Balayevin çıxışına REAKSİYALAR

Babəkin cəmiyyətimizlə əlaqəsi yoxdur - Rasim Balayevin çıxışına REAKSİYALAR

9 Avqust 2023, 16:45

Prezident İlham Əliyev avqustun 8-də Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib. Prezident Rasim Balayevin fəaliyyətini yüksək qiymətləndirib.

 

Xalq artisti prezidentlə səmimi söhbət edib və İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəklədiyini bildirib.

 

“Dediyim odur ki, mən Sizin apardığınız bütün siyasəti – daxili və xarici siyasəti dəstəkləyirəm. Möhtəşəm Qələbə də Sizin adınızla bağlıdır. Mən xalqın arasında oluram, bütün təbəqələrlə görüşürəm, Siz öz adınızı tarixə bir Ali Baş Komandan kimi, elə əsl Babək kimi yazdınız. Əsl Babək Sizsiniz, biz onun obrazını oynayırıq”, - Xalq artisti deyib.

 

Bəzi sosial media istifadəçiləri tərəfindən Rasim Balayevin ifadələri birmənalı qaşılanmayıb. Xalq artistinin sözləri bəzi kəsimlərin tənqidinə məruz qalıb.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Babəkin Azərbaycan cəmiyyəti ilə əlaqəsinin olmadığını bildirib.

 

“Bütövlükdə bu məsələdə hər bir bənzətmə, təşbeh insanların özünün seçimidir, bu cür yanaşırlar. Mənim Babək obrazına münasibətim birmənalıdır. Əsərlərimdə və ayrı-ayrı çıxışlarımda da bildirmişəm. Bu obrazın Azərbaycan cəmiyyəti ilə əlaqəsi kifayət qədər müzakirə olunası məsələdir. Sovet dövrünün formalaşdırdığı qəhrəman obrazıdır. Azərbaycan xalqı ilə o qədər də əlaqəsi olmayan bir qəhrəmandır. Bu tarixə baxış fərqliliyindən doğan məsələdir. Kimsə onu qəhrəman saya bilər, amma mən bu obraza ümumiyyətlə Azərbaycan tarixində müsbət obraz kimi yanaşmıram”.

 

Xalq artisti, tanınmış kinorejissor Şeyx Əbdül (Əbdül Mahmudov) isə Babəkin Azərabaycan tarixi üçün önəmli qəhrəman, şəxsiyyət olduğunu vurğulayıb.

 

“Mən prezidentə təşəkkür edirəm ki, kino xadimlərimizə, kinomuza yüksək münasibət göstərir. Məni kino maraqlandırır, başqa şəxsi münasibətlər yox. Mənim üçün kino ilə əlaqəli hər hansı narazılıq faciədir, xoş xəbər toy-bayramdır. Əgər kinonun inkişafı ilə bağlı dövlət başçısı tərəfindən yüksək etimad göstərilirsə, nə olmalı idi ki? Məntiqsiz, qərəzsiz yanaşmalar, qurşaqdan aşağı yumruq vurmaq, lüzumsuz qarşıdurma yaratmaq artıqdır. Çox təəssüf ki, bu artıq ənənəyə çevrilib. Bu, nəticə etibarı ilə birliyimizə, milli-mənəvi dəyərlərimizə, ideologiyamıza çox ciddi problem yaradır. Kino günümüzdə bizə diqqət, parçalanan ittifaqlarımızın birləşməsi və prezidentimizin kinomuza münasibət bildirməsi, dəyər verməsi çox gözəldir. Tarixən belə olub ki, biz özümüzü yaxşı iş görən tarixi qəhrəmanlarımızla müqayisə etmişik. Bu pisdir ki? Qısqanc yanaşma düzgün deyil. Babəkə, Qaçaq Nəbiyə, Koroğluya oxşamaq nə vaxtdan pis olub? O yerdə ki, ümumi əxlaqdan, mədəniyyətdən, tarixdən, ideologiyadan, dəyərlərdən söhbət gedir, xahiş edirəm, gəlin, dedi-qodu, söz-söhbətlə məşğul olmayaq”.

 

Jalə Rövşən

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu