Birinci Qarabağ müharibəsində şəhid olmuş Məmmədov Ələsgər Kamran oğlu haqqında portret-xatirə filmi çəkilib.
Modern.az xəbər verir ki, ekran əsərinin ssenari müəllifi yazıçı Tağı Türk, quruluşçu operator və rejissoru Ramin Ələsgərli, köməkçi operator Fərhad Kərimli, montaj rejissoru və dron operatoru Aqil Əhmədlidir.
Filmdə şəhid Ələsgər Məmmədovun ailəsi, yaxınları, hərbçi yoldaşı çəkilib. Filmdə şəhidin həyatından, keçdiyi döyüş yolundan və şəhidlik zirvəsinə necə yüksəldiyindən bəhs edilir.
Qeyd edək ki, filmin bir hissəsi işğaldan azad edilmiş Füzuli rayonunun Dövlətyarlı kəndinin qəbristanlığında – şəhidin məzarı başında çəkilib.
Məmmədov Ələsgər Kamran oğlu 7 iyul 1972-ci ildə Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olub. 1992-ci ilin may ayında rayonun Yuxarı Veysəlli kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə itkin düşüb. Nəşi həmin ilin iyun ayının 5-də Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun səyi nəticəsində düşməndən alınaraq doğma kəndində dəfn edilib.
Onun xidmətləri yüksək qiymətləndirilmiş, doğulduğu Dövlətyarlı kənd orta məktəbinə adı verilmişdir.