Modern.az

Topal Teymur

Mədəni̇yyət

28 Avqust 2023, 16:14

621 il əvvəl bu gün -28 avqust 1402 tarixində Ankara yaxınlığındakı Çubuk düzündə Osmanlı İmperiyası ilə Teymurilər İmperatorluğu arasında tarixə “Ankara müharibəsi” kimi düşmüş qanlı savaş baş verdi. Teymurilərin qəti qələbəsi ilə nəticələnən bu döyüşdən sonra Osmanlı sultanı Yıldırım Bayezid Əmir Teymura əsir düşmüş, 11 illik hökmdarlığı sona çatmışdı…

Əmir Teymurla bağlı hansısa bir kitabı əlimə alanda, nəsə bir məqalə oxuyanda hər dəfə yadıma böyük Hüseyn Cavid və onun “Topal Teymur” pyesi düşür. “Topal Teymur” deyəndə isə eyniadlı televiziya filmini xatırlayıram.

Bizim yeni nəsil və sadə “obıvatel” çox kitab oxumaz, tarix kitablarına rəğbət eləməz. Hətta Azərbaycan ədəbiyyatının zirvələrindən biri olan Hüseyn Cavidi də çox bilməz. Orta nəsil də çox qabağa getməyib – nə Cavidi qiraət edib, nə də “Topal Teymur”u tanıyır…

1983-cü ildə çəkilmiş “Topal Teymur” filmi mədəni həyatımızda hadisəyə çevrildi. Beyinlərdə bir inqilab etmişdi o il. Dövrün siyasi konyukturası və senzurasının icazə verdiyi, texniki bazanın imkanları daxilində görkəmli teatr, kino və televiziya rejissoru, bacarıqlı prodüser Ramiz Həsənoğlu özünün komandası ilə ortaya bir şedevr çıxartmışdı. Bu tamaşa sayəsində bizim tamaşaçı Türk tarixinin ən acı səhifələrindən biri ilə tanış oldu. İnsanlarımızda müştərək tariximizə maraq oyandı. Tarixi sevməyə başladıq, araşdırma və öyrənmə istəyi yarandı bizdə.

“Ankara müharibəsi”nin ildönümündə Ramiz Həsənoğlunun televiziya və kino tarixinə qızıl hərflərlə yazılan bu tamaşasını xatırlamaq istədim. Çünki bu il həm də tamaşanın ekrana çıxmasından 40 il keçir...



Ramiz müəllim mükəmməl aktyorları çəkmişdi: Hamlet Xanızadə (Topal Teymur), Mikayıl Mirzə (şair Girmani), Hamlet Qurbanov (Yıldırım Bayezid), Amaliya Pənahova (Olqa), Yaşar Nuri, Rəfael Dadaşov, Nəcibə Məlikova, Firəngiz Mütəllimova, Ramiz Novruzov və başqaları.

Ancaq bu gün ekran arxasında qalan, tamaşaçının görmədiyi əjdahalardan ibarət digər heyəti də xatırlamaq istədim:

Quruluşçu operatör, Azərbaycan televiziya məkanının əfsanəvi operatörü, əziz dostum Eldar Məmmədov;

Quruluşçu rəssam, televiziya tariximizə misilsiz töhvələr vermiş, bənzərsiz Rafael Əsədov;

Bəstəkar, görkəmli sənətkarımız Cavanşir Quliyev;

Azərbaycan televiziyası və radiosunun simfonik orkestri və dirijor Ramiz Məlik-Aslanov …

“Topal Teymur” mənim zövqümün formalaşmasında böyük rol oynayıb. İş həyatıma da təsiri olub – filmin operatorlarından biri, televiziya məkanımızın ən istedadlı peşəkarlarından olan Əlövsət Aslanov mənim Türkiyədəki ilk operatorum olmuşdu. Əlövsəti mənə Eldar Məmmədov tövsiyə etmiş, “Bax gör “Topal Teymur”da necə işləyib, apar özünlə Türkiyəyə, peşman olmazsan” demişdi. Ankarada birgə az çalışsaq da, Əlövsət Aslanovdan çox şey öyrənmişəm…

Ramiz müəllim mənə bir ssenari yazdırmaq istəyir neçə ildir. Mən də hər dəfə min bir bəhanə ilə “baxarıq, danışarıq” deyərək əziz Ustadımızın istəyini həyata keçirmirəm.

Bu gün, “Ankara müharibəsi”nin ildönümündə Ramiz müəllimə mütəşşəkkirik. Hüseyn Cavidin ölməz əsərini ekranlaşdırdığı, bizi tariximizin ən vəlvələli qatlarına endirdiyi və minlərlə insanın beynində Türkçülük qıvılcımı çaxdığı üçün...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir