Azərbaycan kino sənətinin incilərindən olan məşhur “Şərikli çörək” filminin baş qəhrəmanı haqqında maraqlı foto və məlumat var. Modern.az saytı xəbər verir ki, filmdə Vaqif obrazını canlandıran aktyor Kamran Rəcəbli hazırda ABŞ-da yaşayır. Aktyor 1966-1976-cı illərdə Bakıda 1 nömrəli məktəbdə təhsil alıb. Azərbaycan kino tarixinində uşaq rollarının ən mahir ifaçlarından biridir. Ailəlidir. İki övladı var. Axırıncı dəfə Azərbaycanda 2010-cu ildə olub.
Xatırladaq ki, “Şərikli çörək” kinopovestində İkinci Dünya Müharibəsinin son günlərində və müharibədən sonrakı ilk aylarda uşaqların çətin, fərəhsiz həyatından danışılır.
“Şərikli çörək” 1969-cu ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilib. Filmin rejissoru Şamil Mahmudbəyov, ssenari müəllifi Alla Axundova, operatoru Teyyub Axundov, rəssamı Fikrət Bağırov, bəstəkarı isə Vasif Adıgözəlovdu.
Filmdə həmçinin Tuna Namazova (Leyla), Firuz Əliyev (Tofiq), Xosrov Mamayev (Əşrəf), Mirzağa Mirzəyev (Sultan), Çingiz Quliyev (Mişka), Cəmilə Məmmədova (Cəmilə), Adilə Məmmədova (Adilə), Yelena İnyakina (Lina), Sədayə Mustafayeva (Şamama), Fazil Salayev (Məhəmməd), Ağahüseyn Cavadov (İsmayıl baba), Əliheydər Həsənzadə (Novruz), Sofa Bəsirzadə (Roza), Əminə Yusifqızı (Südabə) və dogər sənətkarlar rol alıblar.
Qeyd edək ki, “Sehirli xalat”ın Rəşidi -sovet kinematoqrafiyasının digər uşaq ulduzu aktyor Azər Qurbanov da 1992-ci ildən ABŞ-ın Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayır.
Elçin MURAD