Modern.az

Trabzonda “Neytral zona” - Firuz Mustafa danışdı

Trabzonda “Neytral zona” - Firuz Mustafa danışdı

Mədəniyyət

4 Noyabr 2023, 12:17

Firuz Mustafa: “Seyrçilər aktyorları uzun müddət ayaqüstə alqışladılar...”

                            
Qardaş Türkiyənin Trabzon şəhərində  Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Firuz Mustafanın “Neytral zona” (“Tərəfsiz Bölgə”) pyesi Sənət Teatrında tamaşaya qoyulub. Premyerada iştirak edən müəllif  tamaşa ilə bağlı Modern.az-a bunları deyib:

  
“Əvvəla, onu vurğulamaq istəyirəm ki,  “Tərəfsiz bölgə” adlı dram əsərinin maraqlı və qəribə taleyi olub. Belə ki, pyes  əvvəlcə Azərbaycanda, daha sonra sonra  Ukrayna və Rusiyadakı teatrlarda səhnəyə qoyulub.  İkncisi,  Trabzon teatrına hazırlanmış tamaşa öz orijinal quruluşu ilə fərqli yozumdadır. Teatrın rejissoru və qurucusu Necati Zəngin sənət sahəsində, incəsənət aləmində tanınmış şəxsiyyətdir. Zənnimcə, tamaşa uğurlu alınıb. Bunu tamaşaçı reaksiyasından da bilmək olar. Seyrçilər aktyorları uzun müddət ayaq üstə alqışladılar”.

Bəs “Tərəfsiz bölgə” dramında  nədən bəhs edilir, əsərin qayəsi nədir?

Firuz Mustafa:

“Olsun ki,  indiki halda bu gərgin süjetli əsərin məzmun və süjetini danışmaga ehtiyac duyulmur. Sadəcə olaraq onu demək olar ki, tamaşada iki dövlət sərhəddi arasındakı neytral zonada - tərəfsiz bölgədə öz sənədini, yəni pasportunu itirən qəhrəmanın – Vasifin başına gələn  qəribə,  həm komik, həm də faciəvi hadisələrdən bəhs edilir. Onu nə getdiyi, nə də gəldiyi sınırdan içəri buraxmırlar.  Hadisələrin gedişi zamanı məlum olur ki,  tərəfsiz bölgədə qalan Vasifin  hər iki tərəfdə ailəsi və uşaqları var. Onu üzləşdiyi problemdən “xilas etmək”  niyyəti ilə arvadlarının hər ikisi hadisə yerinə gəlir. Bir nəticə hasil olunmadıqda, hər iki dövlətin insan haqlarını müdafiə edən əməkdaşları neytral zonaya təşrif buyurur.  Və belə məlum olur ki, Vasifin düşdüyü situasiyadan xilas oması heç də asan məsələ deyildir. Pasportsuz qalan bu şəxsin tərəfsiz bögədən çıxması ən yüksək iclas, sessiya və toplantılarda həll olunmalıdır. Məsələyə, hətta beynəlxalq qurumlar müdaxilə etməlidir. Bürokratik əngəlliklər fonunda personajların iç dünyası, psixologiyası tragikomik vəziyyətlərlə təqdim olunur.

Burasını da qeyd edək ki, Vasif tərəfsiz bögədə heç də tək deyildir. Tikanlı məftillər arasında onunla birlikdə bir sahibsiz it də vurnuxmaqdadır. Amma həmin azmış it də Vasif kimi düşdüyü çətin vəziyyətdən çıxış yolu tapa bilmir. Sonra hadisələr kəskin şəkildə dəyişir. Məlum olur ki, bu it artıq beynəlxalq  axtarışa verilib. Sən demə,  həmin “buraxma it” heç də “sahibsiz” deyilmiş. O, hansısa əcnəbi ölkələrdən birinin yüksək rütbəli vəzifə sahibinin arvadının iti imiş. Həmin qadın  dövlət sərhəddini keçərkən sevimli it sakitcə, xəlvəti olaraq maşının  açıq pəncərədən yerə atılır. Beləliklə, it ilə Vasif bir müddət qonşu olurlar. Amma sonda “axtarışa” verilmiş it sərhəd məntəqələrinin əməkdaşları tərəfindən tutularaq  təntənəli şəkildə, böyük bir ehtiram və hörmət-izzətlə  öz sahibinə təhvil verilir. Əsərdə şən və kədərli situasiyalar bir –birini əvəz edir...

Tamaşada iştirak edən aktyorlar Lale İsgenderoğu, A. Songül Nadir, Kevset Nur Yılmaz, Süleyman Sarıkaya,  Serkan Serbest, Haktan Özkan, Seyman Ali Pervanoğlu, Mete Aslan öz rollarını məharətlə oynayıblar.

 Əsəri mərhum, zəlzələ qurbanı Abdulkadir Özkan türkcəyə  çevirmişdi. Tamaşanın quruluşçu rejissoru Cemre Can Avçı, dekor, kostyum və rəsmlərin müəllifi isə Murat Aslan və Lale İsgenderoğludur.  İşıq mühəndisi isə Aygün Güner Aslandır.

Kollektiv “Neytral zona”nı yaxın gələcəkdə Azərbaycana gətirmək arzusundadır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu