Modern.az

Mənəviyyat adamı

Mənəviyyat adamı

Mədəni̇yyət

3 Dekabr 2023, 11:35

Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin professoru Yalçın Mustafa oğlu Əlizadə 83 yaşında vəfat edib.

 

Modern.az professor Qulu Məhərrəmlinin mərhumun 80 illiyində yazdığı məqaləni təqdim edir.

 

İstənilən cəmiyyətin gücü mənəviyyatdadır. Mənəviyyat varsa sabaha ümid, getməyə yol, nəfəs almağa oksigen var. Mənəvi işartılar olmayan yerə həmişə mağara havası hopur. Hətta balaca bir kollektivdə də söykənəcək üçün mənəvi dəyərlər yoxdursa, orada ruhi birlik alınmır, sadəcə ora hərəsi bir hava çalan adamlar yığnağına çevrilir. 

 

Qaranlığa işıq salan mənəviyyatı da, adamları bu işıqdan məhrum edən mənəviyyatsızlığı da insanlar yaradır. Bir az Şərq didaktasına bənzəyən bu məlum fikirləri ona görə yazıram ki, hazırda Azərbaycan cəmiyyətini az qala cənginə almış mənəviyyatsızlıq burulğanı o səbəbdən bizə güc gələ bilmir ki, hələki savaş vadisində sayrışan, şərə müqavimət göstərə bilən ayrı-ayrı parlaq insanlar var. Mənim tanıdığım belə insanlardan biri Bakı Dövlət Universitetinin professoru, televiziya və radio tarixinin tanınmış tədqiqatçısı, görkəmli təhsil təşkilatçısı Yalçın Əlizadədir.

 

Adam var ki sadəcə, forma kimi mövcuddur, nəfəs alır, hərəkət də edir, amma xüsusi bir məzmun daşımır. Adam da var ki bütün varlığı ilə  mahiyyətdir. Professor Yalçın Əlizadə başdan-ayağa mahiyyətdir, yaşayan dəyərdir. O, adı jurnalistika və təhsil tarixinə yazılmış Nurəddin Babayev, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Tofiq Rüstəmov, Qulu Xəlilov, Famil Mehdi, Nəriman Zeynalov kimi şəxsiyyətlərin yaratdığı dəyərlərin təmsilçisidir.

 

Yanvarın 17-də ömrünün 80-ci ilini tamamlamış professor Yalçın Əlizadə üzdə olan başqa ziyalılarla müqayisədə kütlə arasında, bəlkə çox da populyar deyil (çünki hədsiz təvazökardır, özünü gözə soxmaz, kimlərəsə difiramblar oxumaz, haqqa “nahaq” deməz), amma jurnalistika mühitində, ali təhsil sistemində hamı onu yaxşı tanıyır, nüfuzlu şəxsiyyət və mənəviyyat adamı kimi ehtiram göstərirlər.   O, öz prinsipləri ilə yaşayan, davranışlarına çərçivələr qoymağı bacaran ağır taxtalı kişilərdəndir. Tutduğu vəzifələrə heç vaxt “bəhrələnmək fürsəti” kimi baxmayıb, harada olubsa vicdan və ləyaqətlə çalışıb, kimlərinsə xoşuna gəlmək üçün özünü oda-közə vurmayıb, nahaq söz danışmayıb, yaltaqlara meydan verməyib. Elmi, biliyi, şəxsiyyəti, mənliyi ilə çoxlarına nümunə olub.

 

Zahirən quru, ünsiyyətə meylli olmayan, bir az sərt, hövsələsiz, hər xırda məsələ üzərində dayanan, sanki prinsipial olmayan bir şeyə görə güzəştə getməyən adam təsiri bağışlayır. Amma yaxınlaşdıqca, mahiyyətə vardıqca, tanıdıqca, xüsusən böhranlı vəziyyətlərdə onun mərdanə davranışlarını gördükcə, bu adamın hansı böyük mənəvi ölçülərlə yaşadığının şahidi olursan. Tanıdıqca da onun dürüstlüyünə heyran olmaya bilmirsən.

 

Yalçın müəllimi tələbəlikdən tanıyıram, elə tələbəlikdən də beynimdə onun zəhmətkeş, dürüst və vicdanlı adam obrazı ilişib qalıb. Əslində onunla ünsiyyətdə olduğum ilk epizod həmişə yaddaşımdan kino kadrı kimi təkrar-təkrar gəlib keçir. 

 

…İkinci kursda oxuyurdum, o vaxt universitetin əsas binasında hansısa fakültədə yanğın olmuşdu və belə halların təkrar edilməməsi üçün bütün fakültələrdə gecə-gündüz növbətçilik sistemi tətbiq olunmuşdu. Gecə növbələrində mütləq bir tələbə və bir də müəllim qalmalı idi. Növbətçilik cədvəlində mənimlə Yalçın müəllimin adı yanaşı yazılmışdı. Axşam saat təxminən 10-da biz növbəni təhvil aldıq. O zaman fakültənin sayılıb-seçilən pedaqoqlarından biri olan Yalçın müəllimlə söhbət etmək imkanı qazanmışdım, amma bir az ordan-burdan söz saldıqdan sonra başa düşdüm ki, müəllim çox danışan deyil və mənimlə söhbətə çox da həvəsi yoxdur. Odur ki, işimi bilib onu söhbətə tutmaq niyyətimdən vaz keçdim. Hərəmiz özümüzlə gətirdiyimiz kitabı açıb vərəqləməyə başladıq. Yalçın müəllim arada kitabdan başını qaldırır nə isə fikirləşir, sonra qarşısındakı ağ vərəqdə qeydlər edirdi. Onun sürətlə yazmağı və muncuq kimi xətti diqqətimdən yayınmadı.

 

Biz Jurnalistika fakültəsinin Y.Saratov küçəsindəki kiçik binasında növbə çəkirdik. Mən yuxum gəldiyini hiss edəndə çıxıb dəhlizdə gəzişirdim, Yalçın müəllim isə heç nəyə əhəmiyyət vermədən aramla yazmaqda davam edirdi. Gecə saat 2-yə işləyəndə mən onun yorulduğunu hiss etdim, arada gözlərini ovuşdururdu. Düzü, qeyrət məni boğdu və təklif etdim ki, o, evinə getsin, mən növbəni tək yola verərəm, heç bir problem də olmaz. Yalçın müəllim mənim bu “kişi” təklifimə maraqlı reaksiya verdi, üzünə qəribə bir səmimiyyət və təbəssüm qondu, ürəkdən güldü, amma qəbul etmədi. Səbəbini belə izah elədi ki, belə məsul növbə də bir meydandır və onu qoyub getmək olmaz. Müəllimə qulaq asa-asa mən “kişi”ni nə vaxt yuxu apardığını bilmədim. Bir də Yalçın müəllim məni astaca, mehribanlıqla silkələyib oyadanda gördüm ki, hava yavaş-yavaş işıqlanır. Gözlərindən yuxu tökülən müəllim bildirdi ki, indi o, radioya gedir, rəsmi qəzetlərin saat 8.40-da efirə gedəcək xülasəsini yazacaq, oradan da qayıdıb dərsə girəcək...

 

Yalçın Əlizadə universitet müəllimliyinə praktikadan gəlib. Jurnalistika fəaliyyəti isə birbaşa radio ilə bağlı olub. 1962-ci ildə Universitetin Jurnalistika bölməsini bitirdikdən sonra bir müddət Azərbaycan radiosunda çalışıb, reportyorluq edib, redaktor və şöbə müdiri olub. Efirə bir-birindən maraqlı reportaj və oçerkləri gedib, daim axtarışda olan bacarıqlı jurnalist kimi qeyri-adi insanlarla müsahibələr aparıb, görkəmli elm xadimlərinin efir portretini yaradıb. Çalışdığı kollektivdə tezliklə böyük hörmət sahibi olub, biliyi, bacarığı, istedadı ilə çoxlarından fərqlənib. Nəhayət, “Xəbərlər” baş redaksiyasının baş redaktoru vəzifəsinə irəli çəkilib, radionun çox mühüm, hər dəqiqəsi yüksək məsuliyyət tələb edən informasiya işinə rəhbərlik edib. Radioda Hacı Hacıyev, Valid Sənani, Bəhram Gözəlov, Aydın Qaradağlı, Mailə Muradxanlı, Əhməd Xaspoladov, Ramiz Mustafayev, Sabutay Quliyev, Altay Zahidov kimi parlaq jurnalist, diktor və radio xadimləri ilə çiyin-çiyinə çalışıb.

 

Bakı Dövlət Universitetində Jurnalistika bölməsi fakültəyə çevrildikdən sonra zəngin jurnalist təcrübəsi olan müəllimlərə, həm nəzəriyyəni yaxşı bilən, həm də öz sahəsinin peşəkarı olan jurnalistlərin tədris işinə cəlb edilməsi zərurəti yaranmışdır. Bax belə bir vaxtda Yalçın Əlizadə Jurnalistika fakültəsinə müəllimliyə dəvət edilib. Radio və televiziya jurnalistikasından dərs deməyə və elmi axtarışlar aparmağa başlayıb. Ölkəmizdə ilk dəfə Azərbaycan radiosunun tarixini araşdırıb, tanınmış televiziya nəzəriyyəçisi, Moskva Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor, həmyerlimiz Ənvər Bağırovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə etdi. Tezliklə fakültədə yeni yaradılmış televiziya, radio jurnalistikası və tərcümə kafedrasının müdiri seçilib.

 

Bu dövrdə praktik jurnalistika fəaliyyətini davam etdirən, televiziya və radio üçün maraqlı ssenarilər yazan Yalçın müəllim elmi araşdırmalarını da davam etdirib. İlk dəfə “Radio jurnalistikası” dərsliyini (1991) yazıb, bu kursun xüsusi proqramını hazırlayıb. Daha sonralar “Azərbaycan efiri: tarix və müasirlik” kimi sanballı monoqrafiyanı (2006) ortaya qoyub, neçə-neçə dissertanta və aspiranta elmi rəhbərlik edib. Adıçəkilən monoqrafiya üzərində biz Yalçın müəllimlə birgə çalışırdıq və mən həqiqi elmi məktəb görmüş ciddi alim kimi Yalçın Əlizadənin hər faktı, sənədi, rəqəmi, sitatı necə incəliklə dəqiqləşdirib yoxlamasını müşahidə etməkdən zövq alır, onun xarakterində mənə tanış olmayan yeni qatların açıldığını görürdüm.

 

İnsanın hansı mənəvi keyfiyyətlərə sahib olması, o, vəzifə başında olanda daha aydın üzə çıxır. Bu mənada professor Yalçın Əlizadə Jurnalistika fakültəsində uzun illər dekan vəzifəsində çalışarkən yüksək əxlaq sahibi olduğunu, hansı ictimai ideallara xidmət etdiyini, mənəvi təmizliyini, dürüstlüyünü və başqa parlaq mənəvi keyfiyyətlərini nümayiş etdirə bilib. Əslində Jurnalistika fakültəsində başqa cür olmaq da mümkün deyil, çünki bu tədris ocağı yaranandan burada Nurəddin Babayev, Şirməmməd Hüseynov, Nəriman Zeynalov, Tofiq Rüstəmov kimi jurnalist-alimlər və parlaq mənəviyyat adamları fakültənin dekanları olublar. Ona görə də burada dekan vəzifəsini tutmaq daim rentgen şüaları altında olmaq deməkdir: sənin hər addımın görünür, izlənir və qiymətləndirilir. Nəcabətli bir ailədən çıxmış Yalçın müəllim də öz sələflərinin yolu ilə gedərək Jurnalistika fakültəsində əxlaqi varisliyi məharətlə təmin edə bildi. Nəzərə alsaq ki, onun dekanlığı mürəkkəb keçid dövrünə, insanların əxlaq və psixologiyasında ciddi pozuntuların başlandığı bir dövrə düşmüşdü, onda bu böyük şəxsiyyətin fakültədə əxlaqi dəyərləri hansı mənəvi gücün hesabına saxladığını anlamaq olar. Təbii ki, prinsipiallıq vəzifə adamına asan başa gəlmir, bəzən səndən küsür, inciyir və daha çox da güzəşt, nöqsanlara göz yummaq, yumşaqlıq və mərhəmət umurlar... Əlbəttə, Yalçın müəllim mərhəmətli və humanist adamdır, amma keyfiyyətli tədris və intizam məsələsində ondan güzəşt gözləmək mümkünsüzdür.

 

Bir dəfə hansısa mətbuat tədbirindən çıxanda Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri Hacı Hacıyevi və professor Şirməmməd Hüseynovu evlərinə aparırdım. Yolda söhbət Jurnalistika fakültəsindən düşəndə hər ikisi Yalçın Əlizadənin dekanlığı barədə xeyli xoş sözlər dedilər. Hacı müəllim fəxrlə əlavə etdi ki, “bəxtiniz gətirib ki, belə bir zamanda orda dekan Yalçın kimi mənəviyyatlı adamdır”. Sonra da radioda birgə çalışdıqları dövrdən söz saldı və Yalçın müəllimin həmin illərdə “Xəbərlər”baş redaksiyasına necə rəhbərlik etməsi barədə epizodlar danışdı...

 

 

Yalçın müəllimdə mənim müşahidə etdiyim çox parlaq keyfiyyətlər var: şəxsi ləyaqət hissini yüksək tutar, çox qürurludur, gözü toxdur və həmişə nəfsinə hakimdir, ömründə kimsənin qabağında əyilməz, layiq olmayan adamı tərifləməz, zərrə qədər də kiçilməyi özünə rəva görməz. Yaltaq adamları heç sevməz, həmin adamlar danışanda mən Yalçın müəllimin üzündə həmişə qəribə istehza görürəm. 

 

O, istedadlı adamlara dəyər verər, öz həyat prinsiplərinə sadiq qalar, gənclikdən bu yana dostluq etdiyi insanları həmişə yüksək qiymətləndirər, ehtiyacları varsa, onlara əl uzadar. Dünyasını dəyişmiş dostlarından birinin dara düşmüş övladı üçün necə böyük əziyyətlərə qatlaşmasını, hansı qapıları döyərək onu fəlakətdən qurtarmasını görəndə, yaxud ədalətsizliklə üzləşmiş tələbəsinin müdafiəsinə qalxanda həmişə ürəyimdə ona minnətdarlıq eləmişəm.

 

Əslində mənim özümün də Yalçın müəllimə bir minnətdarlıq borcum var, çünki 1998-ci ildə məni Bakı Dövlət universitetində ştatlı müəllim olaraq dərs deməyə, məhz professor Yalçın Əlizadə təkidlə dəvət edib. Nə yaxşı ki, bu dəvətdən heç birimiz peşman deyilik.

 

2011-ci ildə Yalçın müəllim dekan və kafedra müdiri vəzifəsindən imtina etdi. Bəli, hər iki vəzifədən istefa verdi. O vaxt hamı bu istefadan danışırdı... 

 

BDU-da keçirilən mühüm bir toplantıda onun çıxışına “bir az ucadan danış” deyə ədəbsiz şəkildə müdaxilə edən rektorun səsindəki amiranəliyi, yekəxanalığı  və hörmətsizliyi duysa da, Yalçın müəllim “mənim danışığım belədir” deyə nəzakətlə cavab qaytardı. Əlbəttə, cavabdakı istehzanı da duymamaq mümükün deyildir. Ertəsi gün isə ərizəsini yazıb dekanlıqdan və kafedra müdirliyindən imtina etdi. Çoxlarına başa saldı ki, insan üçün vəzifə deyil, LƏYAQƏT, ŞƏXSİYYƏT və MƏNLİK hissi önəmlidir.

 

Bəzən dəyərlərin itdiyi, norma və meyarların pozulduğu, fərasətli diletantların və mənəviyyatsızların önə çıxmağa can atdığı bir mühitdə yanında dürüst və ləyaqətli insanların olmasını hiss etmək  bir başqa duyğudur. Bizlərə bu duyğunu yaşatdığına görə  də Yalçın müəllimə minnətdarıq... 

 

Qulu MƏHƏRRƏMLİ

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi