Ermənistanın ikinci prezidenti Robert Köçəryanın gəlini, erməni müğənni Siruşo sosial şəbəkələrdə 2023-cü ilin yekunları haqda yazıb.
Modern.az xəbər verir ki, erməni müğənni "İlin nəticələri bizim üçün nağıl deyil",- deyə qeyd edib.
O, 2023-ün çətin keçdiyini vurğulayıb. Köçəryanın gəlini Qarabağın itirilməsini də faciə kimi qiymətləndirib.
“Arzumuzu məhv etdilər, qürur ruhunu qırdılar... biz özümüzün də sınmağına imkan verməyəcəyik”, - Siruşo bildirib.
Müğənni 2023-cü ildə həyatında baş verən digər xoşagəlməz hadisələrdən bəhs edib, əri Levon Köçəryanın həbsinə toxunub:
“Levona qarşı vəhşiliyi, sonra onun heç bir əsas olmadan həbsdə saxlanması, bu müddət ərzində uşaqların stresli vəziyyəti və bütün bunların nəticələri, haqqımızda aramsız axmaq söz-söhbətlər, işdə süni şəkildə yaradılmış problemlər, şəxsi hesabların bağlanması, bizi nüfuzdan salan böyük kampaniyalar və s.”.
Siruşo adı ilə səhnədə tanınmış Siranuş Arutunyan sabiq prezident Robert Köçəryanın kiçik oğlu Levon Köçəryanla 2009-cu il iyunun 6-da ailə həyatı qurub.
O, vaxtilə dəfələrlə Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfərlər edib, Şuşada, Cıdır düzündə şəkil çəkdirib və bunları sosial şəbəkələrdə paylaşıb.