Mədəniyyət Nazirliyi Əməkdar artist Aygün Bəylərin ölüm xəbəri ilə bağlı dünən gecə yaşanan anlaşılmazlığa aydınlıq gətirib.
Modern.az-ın məlumatına görə, Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova deyib ki, sənətçinin bioloji ölümü rəsmi təsdiqləndikdən sonra mediaya açıqlama verilib.
Onun sözlərinə görə, müalicə aldığı xəstəxanada süni tənəffüs aparatına qoşulan A.Bəylərin xüsusi ambulans tipli təyyarə ilə Azərbaycana gətirilməsi nəzərdə tutulurmuş:
“Lakin həkim-mütəxəssislər tərəfindən onun bu vəziyyətdə ölkəyə gətirilməsinin qeyri-mümkün olduğuna dair rəy verildi. Təəssüf ki, zəruri olan bütün tibbi müdaxilələrə rəğmən, Aygün Bəylərin həyatını xilas etmək mümkün olmadı. Mədəniyyət Nazirliyi sənətçinin bioloji ölümü rəsmi təsdiqləndikdən sonra mediaya açıqlama yaydı”.
Qeyd edək ki, Aygün Bəylər uzun müddət idi onkoloji xəstəlikdən müalicə olunurdu.
Mədəniyyət Nazirliyi bildirib ki, Əməkdar artistin səhhəti ilə əladədar məsələlər ötən müddət ərzində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fond tərəfindən nəzarətə götürülmüşdü və müalicəsinə zəruri dəstək göstərilirdi.
Müalicəsinə yerli həkimlərlə yanaşı, xarici mütəxəssislərin də cəlb olunduğu Aygün Bəylər bir müddət əvvəl müvafiq müayinələrdən keçmək məqsədilə Türkiyəyə getmişdi. Lakin həkimlərin səylərinə baxmayaraq, Aygün Bəylərin səhhətində ağırlaşma baş verib və müğənninin həyatını xilas etmək mümkün olmayıb.