Modern.az

"Azərbaycan mədəniyyəti Aygün Bəylərsiz qaldı" - Sənət yoldaşları DANIŞDI

Mədəniyyət

8 Yanvar 2024, 14:00

Əməkdar artist Aygün Hümmətova ilə (Bəylər) Səttar Bəhlulzadə adına Mədəniyyət evində vida mərasimi keçirilib. Mərasimdə mərhumun sənət yoldaşları, tanınmış şəxslər də iştirak ediblər.

 

Sənət yoldaşları mərhumla bağlı açıqlamalar verib. Modern.az həmin açıqlmaları sizə təqdim edir:

 

Xalq artisti Brilliant Dadaşova Aygün Bəylərin itkisinin hamının kədəri olduğunu deyib: “Aygün Bəylərin ruhu şad olsun. İstedadlı insan həyatını itirdi. Allah rəhmət eləsin. Mən onunla danışmamışdım, amma proqramıma dəvət etmişdim. Aygün Bəylərin itkisi hər birimizin kədəridir”.

 

Əməkdar artist, müğənni Firuzə İbadova deyib ki, Azərbaycan musiqisinə qida verən incini itirmişik:

“Onunla ailəvi çox yaxın idik. O qızlar hamısı gözümün qabağında böyüyüblər. Xəstəxanaya gedən gün Aygünlə əlaqə saxladım. Bacıları da çox əziyyət çəkirdilər. Biz, bilirsiniz, kimi itirdik? Biz Azərbaycan musiqisinə qida verən bir incini itirdik”.

Əməkdar artist mərhum həmkarının itkisi ilə barışa bilmədiyini bildirib: “O, böyük musiqiçi idi. Mənim solo konsertim olanda gəlmişdi. Dedi, bu konsertlərdən çoxlu et. Biz onunla çox şey bölüşürdük. Cananla bağlı böyük arzuları var idi. Dünən Canana dedim ki, mən gəlmişəm sənin yanına, ağlama ki, anan narahat olmasın”.

 

Əməkdar artist Bəhram Bağırzadə vurğulayıb ki, Aygün Bəylər haqqında danışmaq çox çətindir:

 

"Bəziləri üçün əməkdar artist, bəziləri üçün müğənni getdi. Mənim üçün isə bu dünyadan namuslu, qeyrətli şəxsiyyət getdi. Allah rəhmət eləsin. Artıq tut ağacımız yoxdur".

 

Əməkdar incəsənət xadimi “Tut ağacı”nın bəstəkarı Aygün Səmədzadə mərhumu qoruya bilmədiklərini söyləyib:

 

“Mədəniyyətimiz üçün çox ağır itkidir. Onu qoruya bilmədik. Özü də özünü qoruya bilmədi… Əslində xəstəliklə bağlı sonu bilirdik. Amma nə qədər bilsək də, Aygünün həmişə yaşayacağını düşünürdük. Bizim onunla çox fərqli münasibətimiz olub. Mənim mahnılarımı ifa edib. Məni kimsə tanımayanda deyirəm ki, “Məktəb illəri” və “Tut ağacı”nın bəstəkarıyam. İnsanların siması o anda dəyişir. Mahnıların özü bir xatirəyə çevrildi. Əslində Aygün haqda çox danışa bilərəm, amma hazırda çox çətindir”.

 

Əməkdar artist Elza Seyidcahan Aygün Bəylərin səsinin heç vaxt unudulmayacağını deyib: “Aygün Bəylər mənə həmişə bir böyük kimi hörmət edib. Nə zaman məni görsə, bir kiçik bacı kimi qarşıma gəlirdi. Hörmətimi saxlayırdı, sənətimə böyük dəyər veriridi. Dünəndən anamla özümüzə gələ bilmirik. Şəxsən mənə dedi ki, get, bacılarına, övladına başsağlığı ver.  Onun ölümünə çox üzülürük. Təəssüf ki Aygün Bəyləri tez itirdik. Özündən geriyə bir övladı qaldı. Allah ailəsinə, övladına səbir versin. Çox çətindir. Onun səsi heç vaxt unudulmayacaq”.

 

Zaur Baxşalıyev  mərhumla sonuncu dəfə Milli Onkologiya Mərkəzində olanda əlaqə saxladığını qeyd edib: "Həmin vaxt bütün mətbuatda yazılmışdı ki, Aygün Bəylərin vəziyyəti ağırdır. Aygün Bəylərə zəng etdim. Mənə dedi ki, "Zaur, sənin və xalqımın məni bu vəziyyətdə görməsini istəmirəm. Mən sənə söz verirəm, növbəti həftə mütləq verilişə çıxacağam".

 

Müğənni Elnarə Xəlilova Aygün Bəyləri çox sevdiyini söyləyib: “ Aygün Bəylərlə çox yaxın olmasaq da, bir-birimizin sənətini uzaqdan da olsa,  bəyəndiyimizə əminəm. Könüldən-könülə həmişə yol olur. Aygün xanımı çox sevirdim. Tələbələrimlə onu mərkəzimizdə qonaq etmişdik. Yeni layihələr etmək istəyirdik, əcəl imkan vermədi”.

 

E.Xəlilova mərhumun son konsertində iştirak edə bilmədiyini söyləyib:

 

“Aygünün dekabrın 26-da Heydər Əliyev Sarayında baş tutan konsertinə gədə bilmədim. Onu o vəziyyətdə görmək istəmədim. Tələbələrim konsertə getmişdilər, video çəkmişdilər. Onu o vəziyyətdə görmək çox çətin idi. Azərbaycan mədəniyyəti Aygün Bəylərsiz qaldı”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər