Modern.az

Arzularının tumurcuqlayan zamanıdır...

Arzularının tumurcuqlayan zamanıdır...

Mədəni̇yyət

5 Mart 2024, 13:54

Deyir ki, - “Məni ciddi bir insan kimi tanıyırlar. Hətta bəziləri- O, çox sərt danışır- söyləyirlər. Heç də sərt danışmıram, sadəcə düşündüyümü deyirəm. İkiüzlülük mənim əqidəmə ziddir. İkiüzlülər hər zaman olub. Bəzi insanlar iradəli, güclü deyil, zəif tərəfləri var. Bəzən qorxaraq, çəkinərək hamının üzünə gülmək məcburiyyətində qalırlar. Amma ikiüzlü olmaq özü bir bacarıqdır. Fəqət, o cür insanlar hələ özlərini cəmiyyətdə tapmayanlardır. Bəzən özü o sifətlərin içində itib batır, yəqin özünə sual verir ki, hansı mənəm?! Bütün ortamlarda özünü yaxşı hiss edir. Lakin birdən ayılır ki, heç kim onu adam yerinə qoymur, heç kimdir. Həyatda elə ən qorxulu şey də budur. Hamının sevimlisi olmaq arzusu, hamının xoşuna gəlmək istəyi düşüklükdür.”

Allah ondan heç nəyi əsirgəməyib. Qadın gözəlliyi, istedad və cəsarət. Mərdanə xanımdır, sözünü deməyi bacarır. Özünə və başqalarına qarşı çox tələbkardır. Bəstəkardır, xeyli mahnılar bəstələyib, onlar əsasən estrada janrındadırlar...

Haqqında söhbət açdığım Gövhər Həsən-Zadə 1969-cu ildə Bakıda dünyaya gəlib. Atası, mərhum Sudef Həsənov bir vaxtlar Azərbaycan Elmlər Akademiyası Respublika Təcili Məlumat Xidmətinin rəisi vəzifəsində çalışıb, anası isə filoloqdur. Sözsüz ki, bu vəhdətdən dünyaya gələn Gövhər xanım istedadsız ola bilməzdi. Gövhər xanım 1976-cı ildə Bakı şəhər M. Rahim adına 7 saylı orta məktəbin birinci sinfinə,1977-ci ildə isə Səbail rayonundakı 2 saylı yeddiillik musiqi məktəbinin fortepiano sinfinə müsabiqəsiz daxil olub. 1984-cü ildə orta məktəbin 8-ci sinfini, musiqi məktəbinin 7-ci sinfini fərqlənmə ilə bitirərək elə həmin ildə də Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin musiqi nəzəriyyəsi və tarixi fakültəsinə qəbul olunub. İlk bəstəkarlıq dərslərini Əməkdar incəsənət xadimi, bəstəkar Leonid Vaynşteyndən alıb. 1988-ci ildə təhsilini fərqlənmə ilə başa vuraraq Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsinə daxil olub. Ali və peşəkar təhsilini Xalq artisti, professor Cövdət Hacıyevin sinfində alaraq, 1993-cü ildə həmin təhsil ocağını bitirib.

“Musiqimizdə, ifaçılıq sənətində o qədər eybəcərliklər var ki, bu səbəbdən Bədii Şuranın yaradılmasına ehtiyac duyuldu və ATV-də yaratdıq. Şuranın müzakirə obyekti isə Azərbaycan dili oldu. Azərbaycan dilinə, sənətinə, musiqisinə və dövlətçiliyinə qulluq etmək üçün nə lazımdırsa, onları mükəmməl şəkildə, efir vasitəsi ilə təqdim etmək şuranın əsas prioriteti oldu. Televiziya məkanında uşaqlar üçün proqramlar olsa da, yeniyetmələr üçün verilişlər yoxdur. Çalışacağıq ki, onların maraq dairəsində keyfiyyətli və baxımlı verilişlər də yayımlansın.”- söyləyir.

1993-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəvəti ilə Heydər Əliyev Sarayında bədii rəhbər və rejissor vəzifəsinə təyin edilib və 3 aprel 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə M. Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin olunub.

Gövhər Həsən-zadə inzibati işlə bərabər peşəkar yaradıcılıq ilə də məşğul olub. 1993-cü ildən fəaliyyət göstərən ümumrespublika gənc estrada musiqisi ifaçılarının "Zirvəyə doğru" müsabiqəsinin yaradıcısı və bədii rəhbəridir. O, böyük simfonik orkestr üçün poema, simfoniya, fortepiano və orkestr üçün konsert, skripka və orkestr üçün konsert, simli kvartet və kvintet, fortepiano və skripka alətləri üçün prelüd, sonata və bir çox klassik janrda yazılmış 50-yə yaxın əsərin və 300-ə yaxın mahnının, eləcə də Azərbaycan Respublikası Gənclərinin Himni, "Olimpiada yolları" himni, "Biz varıq” adlı BMT Azərbaycan nümayəndəliyi üçün himn, "Sən qalib gələcəksən", "Sən azərbaycanlısan" kimi layihələrin müəllifidir...

Onu bu gün televiziyalarımızı başına götürən şou proqramlar çox narahat edir. Bu bayağı verilişlərdə aparılan söhbətlərə dözümsüz yanaşır.

Deyir ki,- “Niyə efirlərdə sadə adamların, eləcə də məşhurların şəxsi həyatları ortalığa çıxarılır? Guya kiminsə şəxsi həyatını açıb-ağardanda nə olur? Üstündən 3-5 ay keçəndən sonra dalaşanlar yenidən barışırlar. Camaatın hissiyatı ilə niyə oynayırlar bilmirəm. Doğrudur, populyar insanların həyatı hər zaman maraqlı olur. Onların böyük eyiblərini sosiallaşdırmağa çalışırlar. Amma başa düşmürlər ki, onun eybini efirə çıxarıb müzakirə edəndə, onun tamaşaçısını incidirlər, pərt edirlər. Məgər hamının nəsli-kökü təmizdir? Ailə qurduğumuz şəxslərin ailələrində, dost-tanışımızların arasında nankor, nanəcib adam yoxdurmu? Təbii ki, var və bu, bizim eyibimizdir. Elə bir eyib ki, hamıda var. Bunu o zaman sosiallaşdıra bilərik ki, ona yardımımız, köməyimiz dəysin.”

2008-ci ildə Azərbaycanı ilk dəfə təmsil olunduğu Avroviziya Mahnı Müsabiqəsində "Day After Day" mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəridir. 2013-cü ildə isə Türkviziya Mahnı Müsabiqəsinda yenə də Azərbaycanı ilk dəfə təmsil edərək "Yaşa" mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəri kimi, 24 türkdilli ölkələr arasında birinciliyi ölkəmizə qazandırıb. Bu günə qədər Azərbaycan musiqiçiləri ilə bərabər Türkiyə, ABŞ və Avropada fəaliyyət göstərən Zərrin Özər, Mustafa Ceceli, Nilufer, "İn-Grid", MİŞA, Pınar Aylin, Bengü, "Studio-A", Kaan Yalçın, Kanun Yıldırım, Zeliha Sunal, Barrbaros, Meyra, Ayla İşıl, Senem və bir çox peşəkar müsiqiçilər və yaradıcı kollektivlərlə çalışmışdır. Hal-hazırda "Azərbaycan professional mahnı janrının yaranmasının tarixi aspekti" mövzusunda elmi iş və iki cildlik kitab üzərində çalışır. Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının dissertantıdır. 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb. Eyni zamanda "Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin Bədii Şurasının üzvüdür. 2021-ci ildən "Müəllif Hüquqları Uğrunda" İctimai Birliyin sədridir və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" Mədəniyyət Mərkəzi rəisinin müavini və mədəniyyət-təminat şöbəsinin rəisi vəzifəsində çalışır...

Göründüyü kimi, Gövhər Həsənzadə sıradan bir bəstəkar deyil, o, öz sahəsində mükəmməl təhsil alan bəstəkarlardandır. Necə deyərlər, sənətini akademik səviyyədə bilən insanlardandır. İstedadla təhsilin vəhdəti isə xarüqələr yaradır...

Din, fəlsəfə, mistika ilə dərindən maraqlanır. Bu mövularda xeyli kitablar da oxuyub. “Məsələn, din mənim üçün ciddi elmdir. Ən mürəkkəb sualların cavabını İslam dinində tapıram. Doğrudur, İslam elmini tam anlamağa ömür yetməz. Amma çalışıram ki, hökm və adətlərinə riayət edim.”- dilə gətirir.

Deyir ki,- “Səmimi olmağım, çox hallarda başa düşülməməyim həyatıma problem yaradır. Bunu gizlətmirəm. İllər mənə onu öyrətdi ki, hər kəsə etibar etmək olmaz və çalışmaq lazımdır ki, cəmiyyətə axıra qədər açıq olmayasan, özünü bədniyyət adamlardan gözləməlisən. Mən tənhalığa həmişə nifrət etmişəm. Amma həyat elə gətirib ki, çətin də olsa, bunu özüm seçmişəm. Cəmiyyətdə məni başa düşən, fikirlərimi bölüşənlər yoxdursa, deməli, təkəm, bura aid deyiləm. Başqa necə ola bilər? Söykənə biləcəyim insanlar illərlə azaldılar və mən də özümə qapandım. Bunun səbəblərindən biri də atamı itirməyim oldu. Ondan sonra dünyanın faniliyini dərk elədim. Anladım ki, bu dünya nə əvvəldir, nə son...”

Bəli, haqqında söhbət açdığım Gövhər Həsən-Zadə belə xanımlardandır. Martın 6-da 50 yaşı tamam olur. Bu yaş xanımlar üçün, ömrün bahar fəsli, arzularının tumurcuqlayan zamanıdır. Bu tumurcuqların barını dadacağı dövr hələ qabaqdadır…

Təbrik edirəm, çox yaşasın!
 

Hörmətlə, Elman Eldaroğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?