Modern.az

Hərmişə, hər yerdə sevgiyə tuş gələn Xalq artisti

Hərmişə, hər yerdə sevgiyə tuş gələn Xalq artisti

8 Mart 2024, 16:22

Deyir ki;-“Heç yadımdan çıxmaz, mən imtahana girəndə müəllimlər baxıb gülürdülər, mənsə özümü itirmişdim ki, görəsən, nəyə gülürlər. Gah əlimlə paltarımı düzəldirdim, gah da saçımı. Sən demə, məndən xoşları gəldiyi üçün gülürlərmiş. Müəllim sarıdan bəxtim çox gətirib. İnstitutda da oxuyanda həmişə baş rolları mənə verirdilər. İnstitutu bitirəndə Həsən Seyidbəyli, Tofiq Kazımov, Mehdi Məmmədov və bir çox tanınmış sənət adamları mənim diplom tamaşalarıma baxmışdılar. Tofiq Kazımov mənə "Şöhrət və unudulan adam" tamaşasında rol verdi. İstəyirdilər ki, mən "Azdrama"ya gedim. Amma mən Gənc Tamaşaçılar Teatrını seçdim. Ona görə ki, boyum balaca idi. Düşünürdüm ki, boyu balaca aktrisa Akademik Milli Dram Teatrında gedib nə edəcək? İndi orda balaca boy aktrisalar var. O zaman yox idi. Şəfiqə Məmmədova, Amaliya Pənahova orda idi. Mən televiziyada mərhum böyük sənətkarımız Yusif Vəliyevlə bir tamaşada oynadım. O, mənim əlimdən tutub Gənc Tamaşaçılar Teatrına gətirdi”.

Həyatı çox maraqlı keçib. Hara gedibsə sevgiylə qarşılanıb, sevgi ilə də yola salınıb. Sanki sevilmək onun alın yazısıdır, qismətidir...

“Desəm ki, gözəl olmuşam, bu, düzgün olmaz, mənim haqqımda başqaları nəsə deyə bilər. Şəkillərimi göstərə bilərəm. 1981-ci ildə Leninqradda keçirilən gözəllik fotomüsabiqəsinin qalibi olmuşam. O yarışmaya bütün ölkələrdən qızlar qatılmışdı. Sizə bir söz deyim də, o vaxtlar indiki kimi gonbul deyildim. Dərzilər mənim bədən ölçülərimi götürəndə təəccüblənir və deyirdilər ki, sənin ideal ölçülərin var. Bircə problemim vardı: boyumun balacalığı. Amma boyuma görə də bədən ölçülərim vardı. Mən qrim otağına girəndə hamı gizlincə mənə baxırdı. İndi o günlərin həsrətini çəkirəm. Bizim qrimçimiz vardı, Sara xala, otağında bir mənim şəklimi vurmuşdu, bir də Ornella Mutinin. Mən onun otağına girəndə o şəkilləri dəyişik salırdım. Bilmirdim ki, hansı mənəm. İlk dəfə elə bildim ki, Ornellanın da şəkli mənim hansısa tamaşadan çəkilən şəklimdir. Özündən soruşdum ki, Sara xala, bu, hansı tamaşadan çəkilən fotodur? Qayıtdı ki, bu, Ornella Mutidir, səni bu aktrisaya bənzədirəm. Bilmirəm, gəncliyimə görə idi, ya gözəlliyimə, sənətimə görə, nədənsə, məni çox istəyirdilər. Yaxınlaşan hər kəs məni “krasotka” deyə çağırırdı. O müsabiqədən sonra məni çox gözəllik müsabiqələrinə dəvət etdilər, amma getmədim”.- söyləyir.

Söhbət xalq artisti Nübar Novruzovadan gedir. O, 1958-ci ildə Naxçıvanda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. Universitetdə oxuyarkən Adil İsgəndərov, Rza Təhmasib və Zəminə Hacıyeva kimi pedaqoqlardan təhsil alıb. 1980-ci ilin iyul ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışır. Ötən müddət ərzində xeyli tamaşa və filmlərdə çəkilib. Teatr sənətinin inkişafındakı xidmətlərinə görə, 1991-ci ildə Əməkdar artist, 2018-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2022-ci ildən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alır...

Deyir ki,- “Süküt divarı” adlı bir tamaşa var, həmişə o tamaşada oynamaq istəmişəm. Onda cavan qız idim, Naxçıvan Teatrı bu tamaşanı Bakıda Aktyorlar Evində göstərmişdi. Əsas rolda da Zemfira Əliyeva oynayırdı. Mən bu tamaşanı həm Naxçıvanda, həm də Bakıda görmüşdüm. 19 yaşım vardı və düşündüm ki, kaş müəyyən yaşa çataydım, bu ana rolunu oynayaydım. Artıq o yaşa çatdım, amma o tamaşanı teatrdan yox elədilər. Arzuladığım və möhür vura biləcəyim rollar çox olub, amma mənə verməyiblər”.

Martın 8-i onun üçün ikiqat bayramdır. Həm doğum günüdür və həm də Beynəlxaq Qadınlar Bayramı. Onu bu qısa, yığcam yazı ilə təbrik edir, möhkəm can sağlığı arzuıayıram.

Çox yaşasın!

Hörmətlə, Elman Eldaroğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var