Modern.az

Axır Çərşənbənin EHTİŞAMI

Mədəni̇yyət

19 Mart 2024, 08:54

Atalı-analı illərimdə, özümü bildim biləli Novruz Bayramını əsl Axır Çərşənbədə ehtişamlı qeyd edərdik. Valideynlərim bu bayramı belə bilirdilər, çünki doğulduqları torpaqlarda əsl şadyanalıq, baca-bacalar, xurcun atmalar məhz dördüncü çərşənbədə olurdu.

Oxumaq üçün gəldikləri Bakıda da o ənənəyə sadiq qalmış, evləndikdən sonra da bayramı doğulduqları uşaqlıqda gördükləri kimi keçirərdilər.

İndi, aradan çox illər keçdikdən sonra Axır Çərşənbə üçün istifadə etdiyim “ehtişam” kəliməsinin altında yatan zəngin masalar, paxlava, kömbə, fəsəlilər deyil, bütün ailənin sadə bir bayram süfrəsi arxasına şad-xürrəm oturmasıdır.

Bütün ailə fərdlərinin bir arada olma mutluluğu…

İllər sonra Azərbaycandan xaricə köçəndən sonra mənim ailəm də bu ənənəni əvvəlcə Ankarada, daha sonra isə İstanbulda davam etdirdik – Axır Çərşənbə uşaqlarla evdə bayramlaşır, çox da təfərrüatlı olmayan bayram plovu yeyirdik.

Ancaq Vətəndən kənarda bayramın abu-havası fərqlidir, bir məqaləmdə yazdığım kimi “Qürbətdə Novruz Bayramı başlamadan bitir”.

Novruz bütün Türk coğrafiyasında ən zəif Türkiyədə qeyd olunur. Uzaq uyğurların, qıpçaqların və digər bütün Türk xalqlarının, boylarının bayram etdikləri Novruz nə üçün Türkiyədə belə sönük idrak edilir? Səbəbini Osmanlıda axtarmaq lazımdır. İmperatorluqda elliklə ancaq və ancaq dini bayramlar – Qurban və Ramazan bayramları zikr edilirdi. Xıdır Əlləzlər, filanlar isə lokal olaraq bölgə-bölgə qeyd edilirmiş…

Biz tərəfdə Axır Çərşənbə Bayram axşamından daha əfsəldir.

Doğrudur, Bayram axşamı da qeyd edilir, amma Novruzun o “Dəli Kür”dəki məşəlli, toplu-tüfəngli şadyanalığı məhz Axır Çərşənbədədir.

Yəqin ki, oxuyub razılaşmayanlar da olacaq.

Olsun, razılaşmasınlar, ancaq enerjilərini məni appelyasiya etməyə deyil, bu gözəl bayramı inkar edib, onu gətirib İslamla qarşı-qarşıya qoyanlara sərf etsinlər…

Sabah Axır Çərşənbədir.

Bütün dostlarımı ürəkdən təbrik edirəm, ailələrinə firavanlıq və səadət arzu edirəm.

Eviniz-eşiyiniz şen olsun!

Whatsapp
Bizə yazın!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi