Modern.az

Martin 20-si səhər saat 07:06-da… Bu nə rəsmiyyət, bu nə ciddiyyətdir?

Mədəni̇yyət

20 Mart 2024, 09:13

Hər kəs 07:06 yazır, amma o saatda nə olacağını sadə dildə ifadə edən yoxdur.

Əslində bunu ya Elmlər Akademiyası, ya da Şamaxı rəsədxanasının alimləri etməlidirlər.

Belə baxanda edirlər, amma elə edirlər ki, sanki bir siyasi xəbər verirlər:

“Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildiriliblər ki…”

Bu nə rəsmiyyətdir, bu nə ciddiyyətdir?

Nə baş verir, yoxsa bizimkilər yeni planetmi kəşf ediblər, ya da yeni sivilizasiya ilə kontaktamı keçiblər?

Yoooox, “işin kolayına” gediblər türklər demiş.

Yaz iki cümlə, sonra göndər AZƏRTAC-a, o, nə də olsa yayacaq xəbəri.

Xəbəri də kim bilir neçə il əvvəl, bəlkə 15-20 il öncə yazıblar, hər il gün və saat dəyişdiyi üçün ancaq günü və saatı yeniləyib göndərirlər agentliyə…

Ay çox sağ olun, ay əlləriniz dərd görməsin, çox əziyyət çəkdiniz, vallah…

Bax elə bu cür duzsuz, həyəcansız olduğunuz üçün kimsə astronom, astrofizik olmaq istəmir, alim olmaq istəmir, riyaziyyat öyrənmir, yerindən duran mikrofon alıb müğənni olmaq istəyir…

Halbuki Rəsədxana və ya Elm və Təhsil nazirliyi bir simulyasiya və ya bir kompüter qoloqramı hazırlaya bilərdi;

bir Günəş çəkər, məsələn, belə, saçaqlı…özünü sarıya boyayar, saçaqları isə atəş rəngində edərdi, məsələ;

sonra o Günəşə bir hərəkət verər (nə proqramlar var, elə deyilmi), onu Cənub yarımkürəsindən tutub Şimal yarımkürəsinə “çəkərdilər”;

Mən daha yaxşı “əyaniləşdirmək” üçün bir də bir ekliptika çəkərdim…önəmlidir axı…

Günəşin ulduzlar arasında illik hərəkəti zamanı cızdığı yoldur çünki ekliptika…

Çünki Günəş Cənub yarımkürəsindən Şimala, yəni biz tərəfə məhz bu ekliptika, yəni trayektoriya üzrə keçir.

Nəticədə, Bahar Şimal yarımkürəsinə ayaq basır.

Belə bir vizualizasiya hazırlamaq çoxmu çətindir?

Ay Elm və Təhsil Nazirliyinin stajlı məmurları, belə bir şey hazırlamaq sizin üçün çətindir, amma çox sayda gənc var ki, kompüterdə “ölünü belə dirildirlər”, onlar nələr dizayn edə bilərdilər…

Sizin sadəcə buna həvəsiniz yoxdur,

sizin elmi populyarlaşdırmaq kimi bir iddianız yoxdur,

Siz Gələcəyin Elmlə gələcəyini anlamırsız,

Siz bu ölkənin insanlarına yaxşı vərdişlər aşılamaq istəmirsiz,

Siz Gələcəyin Çox Tez gələcəyini Bilmirsiz!!!

Açın pəncərələri, Yaz gəlib!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü