Modern.az

Aktiv, işgüzar və səliqəli...

Aktiv, işgüzar və səliqəli...

Mədəni̇yyət

20 Mart 2024, 15:37

Ona nəyisə bəyəndirmək çətin məsələdir, o, yalnız öz qənaətinə üstünlük verir. Təbiətən üsyankardır, amma başını aşağı salıb işini görməyi xoşlayır. Səbirsiz olduğundan tez hiddətlənə bilir...

Deyir ki,- “Mənim həyatımda Sankt-Peterburqun xüsusi yeri var. Erkən gəncliyimdə üç il orada yaşamışam və mənim formalaşmağımda əhəmiyyətli rol oynayıb. Bakıdan gedəndə bir başqa adam idim, qayıdanda isə tamam başqa adam kimi Bakıya döndüm. Məni dəyişən o şəhərin mühiti oldu...”

Fəal təşəbbüskardır, insansarı istiqamətləndirmək, yönəltmək bacarığı var. Yüksək enerjisi ona bütün maneələri dəf etməyə yardımçı olur. Odur ki, çəkinmədən özünü qabağa verməyi xoşlayır. Hazırcavabdır, həm də olduqca yumoristikdir. Cazibədar görünüşü var. Nəzakətli, incə və nəcibdir, elə bu xüsusiyyətlərinə görə də ətrafdakıların diqqətini özünə çəkə bilir.

Onunla cəmi iki dəfə üz-üzə gəlmişik. Məndə elə bir təəssürat yaradıb ki, cismən olduğu yerdə görünsə də, ruhən sanki həmin məkandan çox-çox uzaqlardadır...

“Mənim üçün uğur anlayışı məsuliyyət, işinə, yazılarına daha həssas və ciddi yanaşmaq deməkdir. Yaxşı xatırlayıram, pandemiya müharibəsində teatrlar üçün çox darıxmışdım. Bildiyiniz kimi, ölkəmizdə teatr və digər sənət ocaqları çox gec açıldı. Teatrın tozlu pərdələrini bəlkə də hörümçək toru basmışdı. Bunu düşünəndə mənə pis təsir edirdi. Həm də nə qədər sənət adamları evləri saydığı teatrdan ayrı düşmüşdü. Onlar bir növ "məcburi köçkün" həyatı yaşayırdılar. Bilirsiniz, nə qədər sənət adamı teatrdan ayrı düşdüklərinə görə depressiyadan əziyyət çəkirdi. Kim deyirsə ki, teatra maraq yoxdur, kökündən yanlış fikirdədir. Teatr ən qədim sənət növüdür. Sistem, repertuar bərbad ola bilər. Amma ümumilikdə teatr heç vaxt və heç yerdə köhnəlməyəcək. Bilirsiniz niyə? Çünki teatrı millətin ruhu yaşadır.”- söyləyir...

Ölkədə onu yazıçı, dramaturq, ssenarist kimi tanıyırlar. 1981-ci ildə Əli Bayramlı rayonunda (indiki Şirvan şəhəri) anadan olub. 2005-ci ildə Azərbaycan İctimai-Siyasi Universitetinin jurnalistika fakültəsini bitirib. 2009-ci ildə isə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib. Azərbaycan Kinematoqrafçılar İttifaqı nəzdindəki Rüstəm İbrahimbəyovun Bakı Kino Məktəbində, Oskar mükafatı laureatı, dünya şöhrətli yazıçısı Rüstəm İbrahimbəyovun ssenari kursunu, Azərbaycan Teatr Xadimlər İttifaqının Dramaturgiya laboratoriyası, görkəmli kinodramaturq, Xalq artisti Ramiz Fətəliyevin kursunu və İngilis ssenaristi Paul Fraserin ustad dərsində təhsil alıb. İlk qələm təcrübəsi 1997-ci ildə Şirvan şəhərində çıxan "İşıq" qəzetində dərc edilib. Müxtəlif mətbuat orqanlarında, o cümlədən "Pəncərə", "Ölkəm" jurnallarında, "Az-media", "Vətəndaş həmrəyliyi" qəzetlərində müxbir kimi çalışıb. Bədii, publisistik yazıları ilə "525-ci qəzet"də, “Lit.az”, “Lent.az”, “Kultaz.com”, “Kulis.az”, “Sim- sim.az” və bir çox mətbuat orqanlarında çıxış edir. Hal-hazırda Azərbaycan Televiziyası QSC-nin “Mədəniyyət xəbərləri” redaksiyasında müxbir vəzifəsində çalışır...

Çox aktiv, işgüzar və səliqəli xanımdır. İçi ruh coşqunluğu ilə doludur, təəccüblənir ki, niyə onun etdiklərini başqaları bacarmırlar? Əslində, bu tərəddütündə haqlıdır. Sürətli düşnmə səriştəsi var, cəlddir. O, əgər idmançı olsaydı inanın ki, bir qayda olaraq “finiş”ə hamıdan tez gəlib çatardı...

Onun "Noutbuk" povesti 2008-ci ildə I Nəsimi Milli Ədəbiyyat Müsabiqəsində nəsr üzrə I yer qazanıb. "Noutbuk" povesti, həmçinin 2008-ci ildə Rəsul Rza adına Ədəbiyyat Fondunun gənc yazıçıların debüt əsərləri üçün təsis etdiyi "Ümid işığı" mükafatına layiq görülüb. Yazıçı 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub. 2014-cü ildə qələmə aldığı "Yad Daş" pyesi Azərbaycan Dövlət YUĞ Teatrında səhnəyə qoyulub. Müəllifi olduğu “Uşaqlıq” monopyesi 2018-ci ildə Almaniyanın Höte İnstitutu tərəfindən seçilib və yazıçı Potsdam şəhərində keçirilən “Next Stage Europe-2018” Beynəlxalq Teatr Festivalında Azərbaycanı təmsil edib. Həmin pyes Moskvada keçirilən “XXI əsr- ilk hadisə” Müstəqil Beynəlxalq Müasir Dramaturgiya Müsabiqəsinin “Tənha artist” nominasiyanın uzun siyahısına düşüb. 2019-cu ildə Bakıda keçirilən IV Avrasiya Ədəbiyyat Festivallar Festivalının laureatıdır. “Uşaqlıq” və “Pələng” monopyesləri Sumqayıt Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulub. Mədəniyyət Nazirliyinin 2019 və 2020-ci illərdə elan etdiyi ssenari müsabiqəsində Qarabağ müharibəsinə həsr etdiyi “Bazar günü” və “Borc” qısametrajlı bədii film ssenariləri qalib gəlib. 2020-ci ildə “Pələng” monopyesi Moskvada keçirilən “XXI əsr – ilk hadisə” Müstəqil Beynəlxalq Müasir Dramaturgiya Müsabiqəsinin “Tənha artist” nominasiyanın qısa siyahısına düşüb. 2020-ci ildə “Uşaqlıq” monopyesi Batumi Beynəlxalq Monodrama Festivalında qalib gəlib. Mükafat olaraq monopyes Batumidə gürcü dilində tamaşaya qoyulub. 2021-ci ildə “Pələng” monopyesi Moskvada “Bolşaya medvediça” teartının quruluşunda Rusiyanın Əməkdar artisti İrina Maksimkina tərəfindən ifa olunub...

Ona xoşbəxt adam desəm, yəqin ki yanılmaram. Ruhu, bütün varlığı ilə həyatı hiss edir və həmişə ayaq üstə qalmağa çalışır. Doğrudur, xəstələnəndə o, özünü dünyanın ən bədbəxt adamı sanır, amma nə yaxşı ki, bu tez-tez baş vermir. Başqa sözlə desəm, çətinliklər yarananda o, xüsusilə cani-dildən hərəkət etməyi bacarır və məqsədinə nail olana qədər ruhdan düşmür. Bəli, onun gücü elə məhz bundadır...

2021-ci ildə Azərbaycanda “Teatral studiya” tərəfindən tamaşaya qoyulan “Pələng” monopyesi ökəni Türkiyənin Diyarbakır şəhərində keçiriləm 2-ci SoloFest Beynəlxalq Teatr Festivalında təmsil edib. 2021-ci ildə Litvada keçirilən böyük rus yazıçısı Fyodor Dostoyevskinin 200 illiyinə həsr olunan V “Baltiyskiy Qamayun” Beynəlxalq Ədəbiyyat Festivalında “Nəsr” üzrə qalib gəlib, festivalın laureatı olub. Müəllifi olduğu “İnanıram” mono pyesinə Akademik Milli Dram Teatrında hazırlanmış eyniadlı monotamaşa 2021-ci ildə “Qalib olan Azərbaycan” Tamaşalar Festivalında II Yerin qalibi olub. Azərbaycan Gənc Tamaşaçılar Teatrında səhnələşdirilən “İnanıram” mono tamaşası 2022-ci ildə 4.4 Qısa Tamaşalar Festivalında II yerə layiq görülüb. Ölkə rəhbəri onu mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edib...

Bəli, bəli, bəli, söhbət Ülviyyə Heydərovadan gedir. O, həm də ona görə xoşbəxtdir ki, ad günü martın 20-nə, Novruz bayramına təsadüf edir. İlin başqa aylarında doğum gününü qeyd edən adamların süfrəsində Novruz aterbutlarının hamısı bir yerdə olmayanda, onun ad günlərində süfrəsi bunlarsız olmur...

Hörmətli Ülviyyə xanım, sizi həm Novrüz və həm də ad gününüz münasibətilə təbrik edirəm.

Çox yaşayın!
 

Elman Eldaroğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…