Modern.az

Novruzu gözdən salmağa çalışan dini təriqətçilər - nə oyunlardan çıxırlar...

Novruzu gözdən salmağa çalışan dini təriqətçilər - nə oyunlardan çıxırlar...

22 Mart 2024, 16:43

Mürtəza Bünyadlı
 

Novruz milli bayramdı və İslam dini ilə heç bir ziddiyət təşkil etmir.


Əksinə, Novruzla İslam fələsəfi mahiyyəti eynilik təşkil edir. Sosiallaşma, yardımlaşma və sair baxımdan.


Novruz Avrasiyada Balkanlardan ta Şərqi Türküstanadək (Çin) uzanan geniş bir coğrafiyada qeyd olunur. Əsasən də türkdilli xalqların yaşadığı regionlarda. Bu isə onu deməyə əsas verir ki, Novruzun bu qədər geniş coğrafiyaya yayılmasında türklərin müstəsna rolu olub.
 

Amma və lakin... Əfsuslar və təəssüflər olsun ki, son illərdə bəzi dini təriqət daşıyıcıları Novruzu İslam bayramı hesab etməyərək, ona qarşı çıxmaqdadırlar və durmadan bunu təbliğ edirlər. Hətta evlərində belə bu bayramı keçirməyə imkan vermirlər. Olsun. Nə deyirik...


Təbii ki, Novruz ərəbin bayramı deyil. Əgər ərəbin milli bayramı olsaydı, ərəb din alimləri bunu hansı formadasa İslama calayardılar...
 

Zamanında düşmənlərimiz Novruzu və digər milli-mənəvi, mədəni, dini dəyərlərimizi əlimizdən almağa çox cəhdlər etdilər və ya onun formasını dəyişmək üçün ən müxtəlif addımlar atdılar. Hətta qadağalar belə tətbiq etdilər. Nə oyunlardan çıxmadılar. Lakin heç nəyə nail ola bilmədilər.
 

İndi həmin mərkəzlər İslam dininin bəzi təriqət daşıyıcıları vasitəsilə yenidən çirkin niyyətlərini gerçəkləşdirməyə cəhd edirlər. Onlar təmsil olunduqları dini təriqət mərkəzlərinin sifarişilə bədəvi ərəbi, puştu, fars və digər xalqların sosial-məişət qaydasından tutmuş digər həyat tərzini İslam ehkamları adı altında cəmiyyətimizə sırımağa çalışırlar. Hələ onların cəmiyyətdə dözümsüzlüyü, ayrımçılığı təlqin etməsini demirəm. Bir sözlə, bəzi xarici güclər İslamı alətə çevirməklə həm onu parçalayıb gözdən salmağa, həm müsəlman aləmində nifaq toxumu səpməyə, həm də bu ad altında milli-mənəvi, mədəni ənənələri, dəyərləri aradan götürməyə çalışırlar.


Bu mərkəzlərin məqsəd və hədəfi aydındır. Daxildən parçala, nifaq sal, hakim ol.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir