Modern.az

Türk dünyası üçün çalışan adam...

Türk dünyası üçün çalışan adam...

Mədəni̇yyət

9 Aprel 2024, 19:19

Azərbaycan Yazıçılar Birliyində Milli Məclisin deputatı Cavanşir Feyziyevin 60 illik yubileyinə həsr olunan “Ulu Çinar” jurnalının təqdimatı keçirilib.

 

Təqdimat mərasimində millət vəkilləri, tanınmış yazıçı və şairlər iştirak edib. Millət vəkilini təbrik edən Yazıçılar Birliyinin sədri yazıçı Anar Rzayev Cavanşir Feyziyev gördüyü işlərə diqqət çəkib.

 

Anar bildirib ki, Cavanşir Feyziyevin gördüyü işlər Türk dünyası üçün olduqca vacibdir.Tədbirin sonunda Cavanşir Feyziyevə Azərbaycan Yazıçılar Birliyinin Fəxri diplomu və “Mahmud Kaşğari” medalı təqdim olundu.

 

Sonra məclisin aparıcısı, fondun yaradıcısı və “Ulu Çinar” jurnalının baş redaktoru Elxan Zal Qaraxanlı qələm dostunun ictimai və elm xadimi kimi mədəniyyətimizin inkişafına göstərdiyi xidmətləri yada salaraq bildirdi ki, AYB rəhbərliyinin təklifi ilə Cavanşir Feyzi­yev Mahmud Kaşğari adına Beynəlxalq Fonda prezident təyin olunub və özünün indiyədək daşıdığı bu vəzifədə son mis­siya olaraq, Fondun “Mahmud Kaşqari” medalını yubliyara təqdim edib.

 

Qeyd edək ki, türkologiyanın banisi hesab olunan Mahmud Kaşğari dünya ədəbiyyatında türkdilli xalqların ilk ensiklopediyası olan “Divani-lüğətit-türk”ün müəllifi kimi şöhrət qazanıb. Mahmud Kaşğari adına təsis edilən medal türk dünyası qarşısında xidmətlərə görə təqdim olunur.

 

Saytımıza açıqlamasında publisist Əkbər Qoşalı bildirib ki, deputat Cavanşir Feyziyevin Mahmud Kaşğarlı adına mükafat alması xoş hadisədir:

 

"Hörmətli millət vəkilimiz, Milli Məclisin Mədəniyyət komitəsinin dəyərli üzvü tanınmış türkoloq alim Cavanşir Feyziyevin həyat və fəaliyyətini əks etdirən jurnalın nəşri, üzvü olduğu AYB-nin fəxri diplomu və ulu əcdadımız Mahmud Kaşğarinin adını daşıyan medalla təltif olunması əlbəttə xoş haldır. Hər üç təltifə görə hörmətli millət vəkilimizi bir daha təbrik edirəm. Mənsubu olduğumuz ocağa, türk dünyası ailəsinə aid iş görmək bir qədirşünaslıq hadisəsidir. Görülən işlərin ictimai qurumlar, vətəndaş cəmiyyəti institutları tərəfindən dəyərləndirilməsi də müsbət qiymətləndirilməlidir. Cavanşir müəllimin həyat və fəaliyyəti dövlətimiz tərəfindən də yüksək dəyərləndirilir. O, "Şərəf" və "Şöhrət"  ordenləri ilə təltif olunub. Eyni zamanda bir neçə çağırışda xalq rəğbətilə Milli Məclisə deputat seçilib.  AYB 10 illər boyu fəaliyyət göstərən qocaman yaradıcılıq qurumudur. Yalnız Azərbaycan deyil, Türk dünyasının ədəbiyyatında ustad, ağsaqqal kimi müraciət olunan Anar müəllimin şəxsən Cavanşir müəllimin ünvanına xoş sözlər deməsi ümumi mənzərədə fərqləndiriləsi və qədirşünaslıqla qeyd olunası olaydır".

 

Ə.Qoşalının sözlərinə görə, Cavanşir Feyziyev türk dünyası ilə bağlı sistemli, arası kəsilməz, məna dərinliyi olan əməli fəaliyyət göstərməkdədir:

 

"Biz Cavanşir müəllimin beş cildlik türk dünyası kitablarına onun "Xəmsə"si demişik. Əlbəttə, bu təsadüfi deyil. Bunun məsuliyyətli yaraşdırma olduğunun fərqindəyik. Mən də daxil olmaqla, Cavanşir müəllimin həyat və fəaliyyətindən məlumatlı insanlar onun 5 cildliyi və digər kitabları haqqında zaman-zaman dövri mətbuatda çıxış ediblər. Həmin məqalələrin bir hissəsinin, o cümlədən Cavanşir müəllimin öz yazılarının toplandığı jurnalın nəşr olunması və əlbəttə adının "Ulu Çinar" olması ayrı bir gözəllik yaradır. Mahmud Kaşğari adına medal təqdim olunarkən Cavanşir Feyziyev barəsində müxtəlif müsbət fikirlər səsləndirildi. Bunu yalnız millət vəkilinin şəninə deyilən sözlər kimi qiymətləndirmək olmaz.Orada Türk dünyası üzrə fikir mübadiləsi getdi. Dəyərli fikir adamlarımız, yeni nəsilin nümayəndələri Cavanşir müəllimin türk dünyasına yönəlik fəaliyyətlərini yüksək qiymətləndirərək kitabları haqqında ürək sözlərini söylədilər".

 

Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid isə Cavanşir Feyziyevin mükafatlandırılmasını belə dəyərləndirib:

 

"Cavanşir Feyziyev Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bədii ədəbiyyat fransız dilindən tərcümələrin müəllifidir. Eyni zamanda türk dünyası çoxcildliyinin müəllifidir. 60 illiyi ilə bağlı AYB-nin diplomu təqdim olundu. Mahmud Kaşğari müstəqil fonddur. Vaxtilə onun rəhbəri Anar müəllim ( AYB-nin sədri Anar Rzayev-red)  olub. Daha sonra rəhbər Elxan Zal oldu. Razılaşıldı ki, Mahmud Kaşğari Fondunun rəhbəri o, olsun. "Mahmud Kaşğari" medalını 60 illik münasibəti ilə haqlı olaraq Cavanşir Feyziyevə verdi".

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!