Modern.az

Möhtəşəm "Xarıbülbül" festivalı: "Həmişə Şuşadan musiqi, şeir səsləri gəlsin"

Möhtəşəm

Mədəni̇yyət

14 May 2024, 16:36

Qarabağda daha bir möhtəşəm mədəniyyət tədbiri keçirilib. Belə ki, işğaldan azad olunmuş torpaqlar növbəti dəfə “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı iki gün davam edib, Şuşada başlayan mötəbər tədbir Laçında başa çatıb.

 

Builki festivalda çıxış edən mədəniyyət və incəsənət xadimlərinin təmsil etdikləri ölkələr təsadüfi seçilməyib. İfaçılar və yaradıcı kollektivlər ICESCO-ya üzv olan ölkələrin təmsilçiləridir. Belə ki, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. 

 

Festivalda diqqət çəkən məqamlardan biri isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın yaşlı nəslin nümayəndəsi olan qonaqlara xüsusi ehtiram göstərmələri olub.

 

Belə ki, Prezident və birinci xanım Xalq artistləri Arif Babayev, Zeynəb Xanlarova, Xalq yazıçısı Anar və digər qonaqlara tək-tək görüşüb, onlarla səmimi söhbət ediblər.

 

"Şuşa bizim otuz illik həsrətimiz idi"

Festivalda iştirak edən mədəniyyət xadimləri öz təəssüratlarını Modern.az-la bölüşüb.


Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev saytımıza açıqlamasında deyir ki, Şuşada bu festivalı keçirmək çox gözəl hisdir:

 

 "Çünki Şuşa illərdir əsarətdə idi, nəhayət, azad oldu. Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. İndi mədəniyyəti paytaxtında mədəniyyət tədbirləri keçirilir. O cümlədən, "Xarıbülbül" festivalı da möhtəşəm keçdi. Müxtəlif ölkələrdən gələn ifaçıların çıxışları oldu. İslam dünyasından gələnlər öz sənətlərini göstərdilər. Şuşaya layiq festival oldu. İşğaldan öncə Şuşada keçirilən festivalları da xatırlayıram. Nəhayət ədalət bərpa olundu. Öz doğma şəhərimizə qayıtdıq. Mən çox istəyərəm ki, Şuşada yaşayım. Şuşa bizim otuz illik həsrətimiz idi. İnsan oradan doymur. Arzu edirəm ki, həmişə Şuşadan musiqi, şeir səsləri gəlsin".

"Şuşa hər dəfə məni təəccübləndirir"

 

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu "Xarıbülbül"ü tarixi festival adlandırıb:

 

"Həm ötən festivallara bənzəyirdi, həm də yox. Ötən festivallar bizim incəsənət nümunələrimiz əsasında keçirilirdi. Bu dəfə dünya səviyyəli tədbir keçirildi. İslam dünyasından mədəniyyəti xadimləri iştirak edirdi. Çox yaddaqalan hadisələr oldu. Ən yaddaqalan məqam o idi ki, Prezident parlaq çıxış etdi. İslam mədəniyyətinə,  türk dünyasına bütün dünyaya inteqrasiyamızdan danışdı. Şuşanın tarixi, bu günü, sabahı haqqında çox gözəl sözlər dedi. Dünyanın  bir çox ölkəsindən qonaqlarımız var idi.  Bir çox xalqların nümayəndələri birləşmiş musiqi nömrələri ilə çıxış etdilər. Şuşaya həmin gün ilk köç baş verdi. Şuşalı sakinlər öz torplaqlarında əbədi yaşamaq üçün qayıtdılar. 


Əziz dostum uzun illərdir görmədiyim Zeynəb xanımla, Nəsibə xanımla görüşüb, söhbət etdik. 


Rasim Balayev Azərbaycan Kinematoqrafiyaçılar İttifaqında mənim sədrimdir. Bir-birimizi hər gün görürük, ancaq heç belə gözəl söhbətlər etmirdik. Şuşa, sanki, bizi daha da doğmalaşdırdı. Orada olan söhbətləri başqa yerdə edə bilmərik. Şuşada ürəyimiz açılmışdı. Sovet Şuşasında çox olmuşam. Şuşa azad olduqdan sonra ora 8-ci gedişimdir. Ancaq Şuşa hər dəfə məni təəccübləndirir. Ucsuz- bucaqsız meşələrə, dağlara baxıb düşünürəm ki, bunlar 30 il ərzində bizim olmayıb. Şuşaya qədəm basanda əvvəlcə kədər hissi insanı bürüyür.  Vətən uğrundan canından keçən şəhidlərimizi xatırlayırıq. Bütün bu möcüzəni bizə bəxş  edən Ali Baş Komandan İlham Əliyevin adını qürurla çəkirik. Dostlara deyirəm ki, biz ömrümüzü daha bir qürurlu  gününü yaşadıq. Böyük məmnuniyyətlə orada yaşayaram. Mən İsmayıllının həsrətini heç vaxt çəkməmişəm. Çünki istədiyim vaxt gedə bilmişəm. Amma Şuşanın həsrətinin çəkmişəm. Seçim imkanı verilsə, orada yaşamaq istəyərəm".

Xalq artisti Rasim Balayev Şuşada olmağın ağlasığmaz olduğunu vurğulayıb:

 

"İşğaldan sonra ikinci dəfədir Şuşada tədbirdə iştirak edirdim. Şuşa işğal olmazdan öncə də orada olmuşam. Sonuncu dəfə Şuşada 1986-cı ildə olmuşdum. Yenidən orada olmaq çox sevinc dolu hislərdir.  Mən 30 il bu intizarda qaldım. Düşünürdün ki, həmişəlik getdi. Ancaq anidən hər şey dəyişdi. Şuşa işğaldan azad olundu. Çox şükür ki, arzum yerinə yetdi. Festival isə çox yaxşı keçirildi. Şuşanın suyu da, havası həyatdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdakı silahlı insidentdə qətlə yetirilən polislər torpağa tapşırıldı