Modern.az

İctimai Şura Sabirabadda izdihamli tədbir keçirib

İctimai Şura Sabirabadda izdihamli tədbir keçirib

Mədəni̇yyət

26 Aprel 2024, 19:30

Mədəniyyət Nazirliyi yanında İctimai Şura Mil-Muğan Regional Mədəniyyət İdarəsinə tabe mədəniyyət müəssisələri üzrə ictimai dinləmə keçirib

Mədəniyyət Nazirliyi yanında İctimai Şura aprelin 26-da Sabirabad rayon Mədəniyyət Mərkəzində Mil-Muğan Regional Mədəniyyət İdarəsinə tabe müəssisələr üzrə 350 nəfərə yaxın mədəniyyət işçisi və incəsənət xadiminin iştirakı ilə ilk regional ictimai dinləmə keçirib.

Mədəniyyət Nazirliyinin məsul əməkdaşlarının, İctimai Şuranın üzv və ekspertlərinin, Regional Mədəniyyət İdarəsi rəhbərliyinin və digər qonaqların iştirak etdiyi tədbir şəhidlərin xatirəsinə sayğı duruşu ilə başlayıb.

İctimai dinləməni giriş sözü ilə açan Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı geniş nitq söyləyərək tədbirin keçirilməsinin məqsədləri barədə danışıb.

Əkbər Qoşalı mədəniyyət qavramı, mədəniyyət iqlimi və qalib ölkənin mədəniyyət strategiyası haqqında fikirlərini bölüşərək, insan əli, ağlı və ruh gücü ilə yaradılmış bütün pozitivlərə kulturoloji baxışa vurğu edib.

Sədr müavini əcdadlarımızın hərb gələnəyinin çağdaş texnoloji yeniliklərlə üzvi birliyi, Dövlət-Xalq birliyi əsasında hərb meydanında qazanılmış şanlı Zəfərin mədəniyyət cəbhəsində davamının özəlliklərindən söz açıb. “Mədəniyyət” və “cəbhə” qavramlarının ilk baxışda sanki təzad təşkil etməsini isə xalqımızın uzun illərdir mütəşəkkil beynəlxalq anti-Azərbaycan erməni şəbəkəsi ilə üzləşməli olmasıyla bağlayıb. O, Azərbaycanafobiya, türkofobiya mərəz və şakərliləri ilə mübarizənin hər kəsin öz yerində və dərəcəsində öz işini ləyaqətlə yerinə yetirməsi ilə sıx əlaqədar olduğunu deyib.

Əkbər Qoşalı Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun Ümummilli liderin zəngin irsi əsasında, Azərbaycan həqiqətlərinin təbliğ-tərənnümü işinə, beynəlxalq mədəni əlaqələrə yüksək diqqət-qayğısını hər bir mədəniyyət işçisi üçün örnək olaraq xarakterizə edib.

İctimai dinləmədə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı hesabat məruzəsi ilə çıxış edərək idarənin son bir ilə dair fəaliyyəti, əldə edilmiş uğurlar, qayğılar və yeni vəzifələr haqqında geniş bilgi verib. İdarə rəisinin sözlərinə görə, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində 332 müəssisə var:
“Onlardan 98-i Sabirabad, 82-si Saatlı, 80-i İmişli, 72-si Beyləqan rayonunda yerləşir. Ümumilikdə Kitabxanalar üzrə 189 müəssisə, klub müəssisələri üzrə 128 müəssisə, təhsil müəssisələri üzrə 5 müəssisə, Heydər Əliyev Mərkəzləri üzrə 4 müəssisə, Tarix-Diyarşünaslıq Muzeyləri üzrə 4 müəssisə və 2 Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir.

Eyni zamanda, regionu əhatə edən rayonlarda müxtəlif kollektivlər fəaliyyət göstərir. Bu kollektivlərdən 6-sı instrumental ansamblı, 4-ü xalq çalğı alətləri ansamblı, 3-ü Folklor kollektivi, 4-ü Xor kollektivi, 1-i Pəhləvanlar kollektivi, 2-si Xalq teatrı olaraq fəaliyyət göstərir”.

Faiq Xudanlı hesabat məruzəsində qeyd edib ki, İdarə tərəfindən Ulu öndər Heydər Əliyevin 100 illiyinə töhfə olaraq regionda ilk çoxfunksiyalı, müasir tələblərə cavab verən, gənclərin asudə vaxtının səmərəli təşkili və regionda mütaliəyə olan marağın artırılması məqsədi ilə nümunəvi “Hophopnamə” Kitab Mərkəzi yaradılıb.

İctimai Şura adından məruzə ilə çıxış edən Şuranın sədr müavini Vüqar Qədirov Mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi altında nazirliyin fəaliyyətində ciddi dönüş yarandığını, idarəçilik sistemində yeni yanaşmanın tətbiq edildiyini, İctimai Şuraya xüsusi önəm verdiyini vurğulayıb və nazirliyin bütün strukturlarına və əməkdaşlarına bundan nəticə çıxarmalarının vacib olduğunu qeyd edib.

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın eksperti, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar çıxışı zamanı regionda fəaliyyət göstərən gənclər profilli təşkilatlarla əməkdaşlığın artırılmasını, Türk Dövlətlərinin müvafiq mədəniyyət idarələri ilə müştərək layihələrin həyata keçirilməsini, Bakı şəhərində fəaliyyət göstərən yeni nəsil ədəbiyyat nümayəndələri ilə görüşlərin intensivliyinin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Tədbirdə həmçinin Mil-Muğan Regional Mədəniyyət İdarəsinin mədəniyyət müəssisələri üzrə iş sektorunun baş məsləhətçisi (Beyləqan rayonu üzrə nümayəndə) Məhəmməd Qələndərov, Saatlı şəhər Bülbül adına Uşaq Musiqi Məktəbinin direktoru Ramella İsmayılova, İmişli rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova, Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürəyya Zeynalova, Sabirabad MKS-nin Kürkəndi kənd kitabxana filialının müdiri Əsmayə Davudova, Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev, Saatlı Dövlət Rəsm Qalereyasının bərpaçı rəssamı Nazim Fərəcov çıxış ediblər.

Onlar öz çıxışlarında fəaliyyət göstərdikləri mədəniyyət müəssisələri üzrə əldə edilən nəaliyyətlər, mövcud problemlər və İctimai Şuranın üzvlərinin və ekspertlərin tədbirdə səsləndirdiklərii təkliflər barədə fikirlərini bölüşüblər və qarşılıqlı fikir mübadiləsi aparıblar.

İctimai dinləmədə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin fəaliyyət istiqamətləri, gələcəkdə icra olunacaq layihələr və digər məsələlər barədə də müzakirələr aparılıb.

Tədbirin sonunda mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə bir sıra mədəniyyət işçiləri Fəxri Fərmanla təltif olunublar.

İctimai Şura üzv və ekspertləri çoxfunksiyalı Mədəniyyət Mərkəzi ilə, həmçinin "Hophopnamə" Kitab Mərkəzi ilə yaxından tanış olub, Kitab mərkəzinə müxtəlif kitablar bağışlayıblar.


 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var