Modern.az

Nəfis, zəngin və unikal dizaynlı qədim Qarabağ xalçaları

Nəfis, zəngin və unikal dizaynlı qədim Qarabağ xalçaları

Mədəni̇yyət

20 May 2024, 10:00

2500 il yaşı olan dünyanın ən qədim xalça Qarabağda toxunub

Azərbaycanda xalçaçılıq tətbiqi sənət növünün ən qədim sahələrindən biridir. Arxeoloji qazıntılar və yazılı mənbələrə görə, ölkədə xalça toxuculuğu tunc dövründə, yəni 5 min il bundan əvvəl yaranıb. Azərbaycan orta əsrlərdə Şərqdə xovlu və evdə toxunan xalçaların istehsalına görə mühüm mərkəzlərdən sayılıb. Xüsusən də, Qarabağ xalçaları keyfiyyət və kəmiyyətinə görə Qafqazda birinci yerdə olub, sonralar sorağı bütün dünyaya yayılıb.

 

Toxunan xalçaların ipini əhali özü hazırlayıb

 

Nəfisliyi, zənginliyi və unikal dizaynı ilə digər xalçalardan fərqlənən Qarabağ xalçalarının tarixi orta əsrlərə gedib çıxır. Hələ X əsrdən başlayaraq Qarabağ yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi tanınıb. Toxunan xalçaların ipini əhali özü hazırlayıb. Yunu qırxıb, yuyub, cəhrədə əyirib ip edərək, boyayıblar. Müxtəlif rənglərin alınmasında soğan, fındıq, alma qabığı, qoz ağacından istifadə ediblər. Qarabağ xalçaları rəng çalarlarının zənginliyi ilə hər zaman göz oxşayıb.

 

33 kompozisiyası olan qədim Qarabağ xalçaları dörd qrupa bölünür: medalyonsuz, medalyonlu, namazlıqlar və süjetli. Sıx hündür və yumşaq xova malik olması onları digər xalçalardan fərqləndirir. Bu xalçalar orijinal naxış elementləri və maraqlı təsvirləri ilə də diqqət çəkir.

 

Təsadüfi deyil ki, Altayda Pazırıq kurqanlarından tapılmış və dünyanın ən qədim xalçası hesab edilən “Pazırıq” xalçası da Qarabağda toxunub. 2500 il əvvəl hazırlanmış bu xalça kurqanda uzun illər ərzində buz bağlayıb qaldığına görə çürüməyib. Yerli və əcnəbi tədqiqatçıların araşdırmalarına əsasən, xalçadakı motivlər və elementlər onun türk dünyasına aid olduğunu sübut edir. Xalça hazırda Sankt-Peterburqun məşhur Ermitaj muzeyində saxlanılır.  

 

Sahibləri haqda məlumat verə bilən sirli xalçalar…

 

Sirlərlə dolu Qarabağ xalçalarının daha bir unikallığı odur ki, onlar öz sahibləri haqqında məlumat verə bilir. Belə ki, bu xalçaları toxuyan insanlar onun üzərindəki elementlər və işarələr vasitəsi ilə müəyyən informasiyaları kodlaşdırıblar.

 

Qeyd edək ki, XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi əsasən Şuşa şəhərində cəmlənib. Burada 35-dən artıq orijinal xalça çeşnilərindən istifadə olunub. Şuşa həm də ipək xalçaları ilə şöhrət qazanıb. Qarabağın əksər yerlərində, o cümlədən Şuşada toxunan xalçalar Rusiya, Avropa və Asiya ölkələrinə ixrac olunub.

 

31 ildən sonra xalçalar Şuşaya qaytarıldı

 

İllər keçdikcə Şuşada xalçaçılıq sənəti daha da inkişaf edib. Bu inkişaf sayəsində 1987-ci ildə Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin (indiki Azərbaycan Milli Xalça Muzeyi) Şuşa filialı açılıb. Muzey Mehmandarovlara məxsus XIX əsr abidəsi olan malikanədə yaradılıb. Lakin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü xalçaçılıq sənətinə də ağır zərbə vurub. 1992-ci ildə Şuşa şəhərinin işğalı nəticəsində muzeyin fəaliyyəti dayandırılıb. 246 eksponatdan 183-ü təxliyə edilərək muzeyin əsas fonduna təhvil verilib. Düz 31 il Şuşa filialı öz fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirib.

 

2020-ci ildə Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad etdikdən sonra qəribçilik həyatı yaşayan xalçalar da öz doğma yurduna qaytarılıb. İşğal dövründə yararsız hala düşən və tarixi görkəminə müdaxilələr edilən Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialında Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. Nəhayət, ötən il mayın 10-da muzey yenidən qapılarını ziyarətçilərin üzünə açıb. Hazırda Şuşa filialında vaxtilə təxliyə edilmiş və əsasən XVIII-XX əsrlərə aid eksponatlarla yanaşı, son illər filialın kolleksiyasına daxil edilən dəyərli xalçalar da sərgilənir.

 

Milli Xalça Muzeyində 900-dək Qarabağ incisi qorunur

 

Qədim Qarabağ xalçaları Azərbaycan Milli Xalça Muzeyinin zallarını da bəzəyir. Muzeydəki ən qədim xalçalar məhz XVII əsrə aid Qarabağ inciləri hesab olunur. Milli Xalça Muzeyinin mətbuat katibi Ulvinə Fərzəliyevanın sözlərinə görə, hazırda kolleksiyada 900-dək Qarabağ xalçası var. 2018-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycana qaytarılan və muzeyə bağışlanan “Xətai” və “Naxçıvan” xalçaları ziyarətçilərin böyük marağına səbəb olur. Bu xalçalar vaxtilə Qarabağda toxunaraq İpək Yolu vasitəsilə xarici ölkələrə daşınıb. Onlar bu gün dünyanın aparıcı muzeylərinin kolleksiyalarının inciləri sırasındadır.

 

Turistlər ən çox hansı xalçalarla maraqlanır?

 

Milli Xalça Muzeyinin səyi nəticəsində xarici kolleksionerlər də öz şəxsi kolleksiyalarında yer alan Azərbaycan xalçalarını muzeyə hədiyyə edirlər. Ulvinə Fərzəliyevanın sözlərinə görə, belə maraqlı eksponatlardan biri XVII əsrə aid Qarabağ bölgəsinə məxsus “Əjdahalı” xalçasıdır ki, onu 2013-cü ildə muzeyə amerikalı kolleksiyaçı mərhum Qrover Şiltsin həyat yoldaşı Beverli Şilts verib: “Bu xalçanın 500 ildən çox yaşı var. O dövrdə Qarabağın peşəkar emalatxanalarında toxunan “Əjdahalı” xalçalarından biridir. İnanca görə, belə xalçalar evə xoşbəxtlik və ruzi gətirib. 18-ci əsrə aid əsrarəngiz “Qarabağ” xalçası isə azərbaycanlı xeyriyyəçinin dəstəyi ilə italiyalı kolleksionerdən əldə edilərək muzeyə bağışlanıb. Vətən müharibəsi dövründə doğma vətəninə qayıdan xalça qalibiyyətimizin simvoluna çevrilib”.

 

Qarabağ xalçaları Azərbaycana gələn xarici turistlərin də böyük marağına səbəb olur. U. Fərzəliyevanın sözlərinə görə, muzeyi ziyarət edən əcnəbilər Qarabağ xalçaları ilə bağlı məlumatları böyük həvəslə dinləyirlər.

 

Mədəniyyət Nazirliyi: “Xarici muzeylərdə qorunan xalçalarımızın atribusiyası müəyyənləşdirilir”

 

Qarabağ xalçalarının qorunması, təbliği və inkişafı sahəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi də mühüm işlər görür. Nazirlikdən aldığımız məlumata görə, tabeliyində olan muzey müəssisələri ilə birgə müxtəlif beynəlxalq layihələr reallaşdırılır: “Milli Xalça Muzeyi dünyanın aparıcı muzeyləri ilə əməkdaşlıq müqavilələri imzalayır, ikitərəfli razılaşma əsasında sərgi və elmi layihələr həyata keçirir, xarici muzey kolleksiyalarında qorunan Azərbaycan xalçalarının atribusiyasını müəyyənləşdirir. Ümumilikdə 30-dan çox xarici muzey və digər institusiyalarla anlaşma memorandumları və əməkdaşlıq müqavilələri imzalayıb. Yarandığı gündən etibarən muzey Azərbaycan xalçası və digər dekorativ-tətbiqi sənət nümunələrini xaricdə təbliğ etmək məqsədilə 30-dək sərgi təşkil edib”.

 

“Azərxalça”: Qarabağ xalçaları dünya bazarına çıxarılır

 

Hazırda Qarabağ xalçalarına dünyanın bir sıra məşhur muzeylərində rast gəlinir. O cümlədən, bu nadir incilərin dünya bazarına çıxarılması istiqamətində “Azərxalça” ASC müxtəlif layihələr həyata keçirir. Cəmiyyətin ölkənin 14 müxtəlif regionunda fəaliyyət göstərən emalatxanalarında Azərbaycanın 4 xalçaçılıq məktəbinin hər birinə aid xalçalar toxunur.

 

“Azərxalça” ASC-nin mətbuat xidmətinin rəhbəri Xatuna Abdullayevanın sözlərinə görə, Qarabağ xalçaları bir sıra xarici ölkələr ixrac edilir: “44 günlük Vətən müharibəsi və möhtəşəm qələbəmiz, eləcə də Qarabağın yenidən dirçəlməsi ilə əlaqədar Qarabağ xalçalarına maraq və tələbat artıb. “Azərxalça” ASC-nin yaradıcı heyəti həm klassik, həm də daha müasir rəng tonlarında və dizaynda hazırlanan Qarabağ xalçaları üzərində çalışır”.

 

2021-ci ildə “Azərxalça” özünün “Qarabağ xalçalarına yeni baxış” xalça kolleksiyasını təqdim edib. Bu il isə SOCAR ilə “Azərxalça”nın əməkdaşlığı nəticəsində “Xarıbülbül” eksklüziv, limitli kolleksiyası hazırlanıb. Kolleksiya haqqında məlumat verən X. Abdullayeva deyir ki, Vətən müharibəsində parlaq zəfərimizin rəmzi olan Xarıbülbül milli xalça əlifbasına uyğun olaraq toxunub: “İlk dəfə sıfırdan Qarabağ xalçası çeşnisi yaradılıb, xalçaların üzərində möhtəşəm qələbəmizlə bağlı detallar da əksini tapıb. Klassik Qarabağ xalçaçılıq ənənələrini saxlayaraq yeni üslubda işlənilmiş bütün bu xalçalar “Azərxalça”nın həm Azərbaycanda, həm də xarici ölkələrdə təşkil etdiyi tədbirlərdə nümayiş olunur və maraqla qarşılanır”.

 

Xatuna Abdullayeva Qarabağ xalçalarına xaricilərin də böyük maraq göstərdiyini bildirir: “Satışla yanaşı həm yerli, həm də xarici xalçasevərlərdən sifarişlər qəbul olunur. Ötən il xarici ölkələrə 612 kvadrat metr xalça ixrac edilib. Əsas ixrac olunan ölkələr sırasına ABŞ, Almaniya, İspaniya, İsveçrə və Latviya daxildir”.

 

Azərbaycanın xalça sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb

 

Qeyd edək ki, qədim Qarabağ xalçalarının bəziləri xarici ölkələrdə erməni xalçası kimi tanıdılır. Azərbaycanın bir sıra mədəni sərvətini mənimsəyən ermənilər Qarabağ xalçalarını da öz adlarına çıxarırlar. Bu xalçaların Azərbaycana məxsus olduğunu sübut etmək üçün dövlət tərəfindən bir sıra işlər görülür. Onlardan biri də Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2010-cu ildə Azərbaycanın xalça sənətinin UNESKO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilməsidir. Artıq 14 ildir ki, Azərbaycan xalçaları UNESCO tərəfindən bəşəriyyətin yüksək dəyəri kimi qorunur.

 

P.S. Bu yazı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə yardımı ilə icra edilən “Qarabağın və Zəngəzurun zəngin mədəni irsinin beynəlxalq və yerli mediada təbliği” layihəsi çərçivəsində hazırlanıb. Nazirlik yazının tam məzmununa görə məsuliyyət daşımır.

***

2500 yaşı olan və hazırda “Ermitaj”da saxlanılan Pazırık xalçası

 

Milli Xalça Muzeyində Əjdaha motivli xalça

 

XVIII əsrin sonlarına aid olan Qarabağ xalçası

 

Londondakı "Victoria & Albert" muzeyində saxlanılan XVII əsrə aid Qarabağ yun xovlu xalçası

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi