Modern.az

Ziyalılar dillə bağlı Prezidentə müraciət etdilər

Ziyalılar dillə bağlı Prezidentə müraciət etdilər

Mədəni̇yyət

24 May 2024, 13:37

Bir qrup ziyalı ölkədə ədəbi dilin zənginləşməsi prosesini tənzimləyən ayırca quruma ehtiyac olduğunu bildirib.

Modern.az xəbər verir ki, dilin qorunması və inkişaf etdirilməsini zəruri sayan ziyalılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ediblər.

Müraciətdə deyilir:

"Möhtərəm Prezident!

Azərbaycan Respublikasında dövlət dilinin qorunması və inkişaf etdirilməsi bütün vətəndaşların şərəfli borcudur. Azərbaycan dili yüzillər boyunca cilalanmaqla daim yenilənmiş, qazandığı yeni sözlər hesabına zənginləşmiş və bu minvalla indiki gözəlliyinə çatmışdır. Bu dilin formalaşmasında İzzəddin Həsənoğlu, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Bəxtiyar Vahabzadə kimi şairlərimizin, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Mir Cəlal Paşayev kimi yazıçı və dramaturqlarımızın,  eləcə də bir sıra elm və mədəniyyət xadimlərimizin böyük əməyi olmuşdur.
Ulu öndərimiz Heydər Əliyev ölkəmizdə Azərbaycan dilinin işləkliyinin daim qayğısına qalmış, dövlət orqanlarında doğma dilimizdən istifadəni ciddi şəkildə tələb etmişdir. Məhz onun 2002-ci ildə imzaladığı fərmanla “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilmişdir.

Bu gün də dövlət dilimizin xüsusi qayğıya ehtiyacı var. Qloballaşmanın, elmi-texniki tərəqqinin sürətli gedişatı dilə yeni sözlərin gəlməsini tələb etdiyi bir dövrdə dilimizə labüd olaraq yeni terminlər daxil olur. Bu terminlərin, demək olar ki,  hamısı əcnəbi dillərdən alınmadır və əksəriyyətinin Azərbaycan dilində qarşılığı yoxdur. Kortəbii termin axını dili zənginləşdirmək əvəzinə, onun təbiətinə zidd meyillərin ortaya çıxmasına səbəb olur. Görünən budur ki, son vaxtlar həyatımızın müxtəlif sahələrində söz yaradıcılığı günün tələbləri ilə ayaqlaşa bilmir. Ona görə də dilə termin axınını şərtləndirən prosesi tənzimləyə biləcək məsul bir qurumun yaradılmasına ehtiyac vardır. Məsələn, qardaş Türkiyə Cümhuriyyətində otuza yaxın ştatlı əməkdaşı olan bir təsisat mövcuddur. Onlar dilin yenilənməsi prosesini nəzarətdə saxlayır, yeni terminlərin türk dilində qarşılığını yaradır.

Möhtərəm Prezident!


Biz hesab edirik ki, ölkəmizdə də müvafiq qurumun yaradılmasına böyük ehtiyac vardır. Bu qurum dilimizə daxil olan əcnəbi mənşəli terminləri araşdırıb zərurət  yaranarsa, ana dilimizin daxili imkanları hesabına yeni sözlərlə əvəz edə bilər. Səhiyyə, təhsil, iqtisadiyyat, informasiya-kommunikasiya texnologiyaları sahəsində əcnəbi dillərdən alınma terminlər xüsusilə çoxluq təşkil edir. Müvafiq sahələrdə çalışan ixtisaslı kadrların iştirakı ilə belə bir qurum yaradılarsa, Azərbaycan dilinin lüğət tərkibinin mahiyyətcə dolğunlaşması, inkişafı, zənginliklərinin qorunub saxlanması və müasirləşməyə uğurla uyğunlaşa bilməsi üçün çox gözəl imkanlar açıla bilər.

Möhtərəm Prezident!
 

İnanırıq ki, təklifimiz dövlət əhəmiyyətli bir məsələ kimi diqqətinizi cəlb edəcək və sırf sözügedən işlərlə məşğul olacaq ştatlı mütəxəssislərdən ibarət müvafiq dil qurumunun yaradılması məsələsi tezliklə həllini tapacaqdır.


Hörmətlə
 

Zümrüd Dadaşzadə, professor

Aida Qasımova, professor

Fəxrəddin Veysəlli, professor

Qulu Məhərrəmli, professor

Ədalət Tahirzadə, professor    

Elmira Məmmədova-Kekeç, professor

Ramazan Qafarlı, professor

Tərlan Quliyev, professor

Seyfəddin Rzasoy, professor

Qurban Bayramov, professor

Səadət Şıxıyeva, dosent

İradə Musayeva, dosent

Əkrəm Bağırov, dosent

Pərvanə Məmmədli, dosent

Dürdanə Rəhimzadə, dosent

Könül Nəhmətova, dosent

Aybəniz Rəhimova, dosent

Afaq Yusifli, dosent

Güldəniz Qocayeva, dosent

İsmayıl Məmmədov, dosent

Yeganə Kərimzadə, yazıçı

Nəriman Əbdülrəhmanlı, yazıçı

Fuad Islamzadə, dosent

Vasif Sadıqlı, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri".

Whatsapp
Bizə yazın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?