Modern.az

\"Cəmiyyətin bir hissəsi hələ də mənasız, axmaq, primitiv düşüncələrə inanır\"

\

5 İyun 2024, 16:49

Cadu-piti, cin, şeytan və sair kimi ibtidai insanın düşüncə tərzinə aid olan anlayışlarla bağlı ancaq inkişaf etməmiş, təhsildə və elmdə geri qalmış, texnologiyalara fikir verməyən cəmiyyətlərdə maraq var. 

 

Bunu Modern.az-a açıqlamasında kulturoloq Aydınxan Əbilov deyib.

 

O qeyd edib ki, insan beyni, bəşəriyyət sürətlə inkişaf edir, elm, texnika, mədəniyyət, estetik dəyərlər insanın beyninin analizə cavab verən hissəsini məşğul etdiyi üçün onun bu kimi primitiv düşüncələrə yer qalmır:

 

"Avropada və dünyanın aparıcı dövlətlərində bununla bağlı bir neçə əsr mübarizə aparıldı. Hətta caduya inanan və insanların başını aldatmaq istəyənləri tonqallarda yandırdılar ki, cəmiyyət təmizlənsin və elmə, texnologiyaya, mədəniyyətə maraq göstərsin. Amma bizim cəmiyyətin bir hissəsi hələ də təhsilə, elmə, analitik təfəkkürə fikir vermədiyi üçün belə mənasız, axmaq, primitiv düşüncələrə inanır. Xəzər dənizi ilə yanaşı, qəbirstanlıqlarda, evlərin altında bu kimi əşyalar tapılır. Bir çox fırıldaqçılar savadsız, oxumağa meyilsiz, başında ciddi informasiya olmayan insanların başını aldatmaqla onları məhv edən düşüncəsizliyə aparıb çıxaran cadu-piti kimi məsələlərə yönəldirlər. Bu da ona gətirib çıxarır ki, insanlar oxumaq, karyera qurmaq, kimi məşğuliyyətlərə, intellektual sahələrə yox, insanı tənbəlləşdirən, kütləşdirən, həyatını və dünyaya baxışını məhv edən bu kimi baxışlara yönəlir. Aparıcı cəmiyyətlərdə kosmosa çıxış, ümumdünya cazibəsi, müxtəlif analizlər getdiyi bir vaxtda bizdə hələ də cadulardan söhbət gedir”. 


A.Əbilov qeyd edib ki, Xəzər dənizinin buxarlaşması, iqlim dəyişkənliyi kimi məsələləri müzakirə edən yox, məhz dəniz suyu çəkiləndə hansısa qıfılı cadu kimi qəbul edən insanlardan ibarət topluma malik olmaq təəssüf doğurur:

 

“Bizi məhz bu düşündürməlidir ki, niyə ekoloji, mənəvi, ictimai, psixoloji məsələlər yox, məhz belə mənasız məsələlər bizi qayğılandırır. Biz məhz bu məsələləri düşünməli, ictimai qınağa və pisləməyə cəlb etməliyik. Toplumumuz hər zaman insanları tənbəlliyə aparıb çıxaran nağıllara inanırıq. Bu kimi düşüncələr də məhz bundan qaynaqlanır. Amma müasir dövrdə artıq gənclərimiz inkişaf edir və getdikcə bu primitiv düşüncə tərzi də azalır. Biz inanırıq ki, bu tipli mənasız düşüncə tərzi tezliklə təhsil və elm kimi silahlarla məhv ediləcək. Bundan sonra da bu kimi mənasız anlayışlar da bizim ictimai düşüncəmizdə yox olub gedəcək. İnsanlarımız ölkəmizi daha da irəli aparacaq, nəinki təbil çalmaq, dua etməklə təbiət hadisələrinə təsir göstərməyə çalışacaq”.

 

Rəşid Qarayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri