Modern.az

Şuşada iki yeni məscid TİKİLİR

Şuşada iki yeni məscid TİKİLİR

Mədəni̇yyət

15 İyun 2024, 10:10

Şuşanın dağıdılmış 200-dək tarix və mədəniyyət abidəsindən bu günədək 18-i bərpa edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” beynəlxalq konfransında Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

 

O, konfrans iştirakçılarına məlumat verib ki, şəhərin 17 məscidindən 16-sı işğalçılar tərəfindən dağıdılmışdı. Azərbaycan Prezidentinin tapşırığı ilə məscidlərin dərhal bərpa edilməsi işinə başlanılıb və nəticədə 4 il ərzində şəhərdə 4 məscid tam şəkildə bərpa edilib, biri şəhərdə, digəri isə Daşaltı kəndində olmaqla 2 yeni məscidin inşasına başlanılıb.

 

“Mühəndis infrastrukturunun yenidən qurulduğu Şuşada aparılan bütün işlər şəhərin müfəssəl Baş planına uyğun olaraq həyata keçirilir. Artıq 960 nəfərlik yeni tam orta məktəb tikilərək istifadəyə verilib, rayon mərkəzi xəstəxanasının inşasının isə cari il ərzində yekunlaşdırılması planlaşdırılır”, - deyə xüsusi nümayəndə bildirib.

 

O deyib: “Prezident İlham Əliyevin bizim qarşımızda qoyduğu əsas vəzifə Ermənistanın apardığı işğalçı siyasət nəticəsində yurdlarından məcburi köçürülmüş vətəndaşlarımızın öz ata-baba yurdlarına qaytarılması və məşğulluğunun təmin edilməsidir. Böyük qürur hissi ilə bildiririk ki, artıq Şuşa öz sakinlərinə, buradan didərgin salınan soydaşlarımız isə öz doğma şəhərlərinə qovuşub”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var