Modern.az

Ana itirmişəm Ana yaşında

Ana itirmişəm Ana yaşında

Mədəni̇yyət

23 İyun 2024, 00:12

Füzuli İSMAYILOV

 

Ana! Ana!.. O adın qarşısında bir qul tək

Həmişə səcdədə olmaq mənə fəxarətdir.

Onun əliylə bəla bəhrinə yuvarlansam,

Yenə xəyal edərəm, bəzmi-istirahətdir.

(Cəfər Cabbarlı)

 

Bu misraların müəllifi olan böyük Cəfər Cabbarlı, eləcə də ulu şairlərimiz Məmməd Araz, Bəxtiyar Vahabzadə və daha kimlər-kimlər analara ədəbi və əbədi heykəl ucaldıblar...

Heyif... 2024-cü il iyunun 6-da saat 23.50 radələrində Anam bu dünyadan köçdü...

Bu köç məni də məndən alıb köçürdü, amma hara köçürdü, bilmirəm!

Barmağıma tikan batmasına belə razı olmayan Anam, mənim anasız qalmağıma necə razı oldun və ya razı oldunmu?!

Axı mənim, yaşıma-başıma baxmayaraq, “Ana Uşağı” olduğumu sən bilirdin!

Axı, sən mənim bütün dərdlərimin, xəstəliyimin şəfası idin, Anam.

Telefonuna bir az ləng cavab verəndə, ya bir qədər gec zəng vuran kimi həyəcanla soruşurdun: “Sən Allah, yaxşılıqdımı, niyə gec zəng eləmisən, bayaqdan telefon əlimdə sənin zəngini gözləyirdim”. İndi mən telefonu əlimə alıb baxışlarımı sənin nömrənə zilləyib məəttəl qalmışam. Sanki yuxuluyam...

Duruşun, yerişin, baxışın, zarafatların gəlib keçir gözümün önündən.

Həmişə deyərdin ki, sənin adını Füzuli qoydum ki, sən də söz adamı olasan. İndi danışmağa söz tapa bilmirəm.

Amma yox, Anam canından çox istədiyi məni yolun ortasında qoyub heç bir yerə getməz, indi gələcək, gülə-gülə deyəcək ki, “sən Allah bu bircə tikəni ye, sonra gedək”. Mən də: “Vallah, yeməyə yerim yoxdur, bayaq verdiyin yeməyi nə vaxt həzm elədim ki?” - deyəcəm.

Lakin...

...Ana! Oda aşiq pərvanədir...

Mənim qayğıkeş, zəhmətkeş, heç vaxt özünü düşünməyən Anam, sən də sözün əsl mənasında, pərvanə idin. Hər kəsdən sonra yatar, hər kəsdən əvvəl qalxardın.

Hamının halına yanardın. Mən də “əsəbiləşərdim” ki, axı sənin bu özünə yük elədiklərin axırıncı dəfə nə vaxt səninlə maraqlanıb? Deyərdin ki, onların işi çoxdur, eybi yox.

Həyatda bir neçə dəfə sağlamlığın səni sınağa çəkmişdi. Hər dəfə sanki mənim dualarımı Allah eşidirdi. Hamıya deyirdin ki, Füzulinin hesabına bir belə yaşamışam. Bu dəfə isə o fəlakət anında “Füzulini çağıraqmı?” deyiləndə dilin tutar-tutmaz niyə “yox” demisən? Bəlkə həmin gün gec zəng elədiyimə görə incimisən?! Yox, sən məndən inciməzdin, küsməzdin, mən narahat olaram deyə sən həmişə öz xəstələnməklərini məndən gizlətməyə çalışardın.

Xəbəri alandan 7-8 saat sonra, gecə saat 2-də yanındaydım. Gözünü açıb baxdın, amma...

Sübh tezdən həkimlər gəldi, xəstəxanaya qaldırmaq barədə qərarlaşdıq. Ancaq pilləkənlərdən düşürüb ambulansa mindirmək məqamında, çətinliklə olsa da, boynunu arxaya çevirib, evimizə baxmağın və sanki “qoy illərimi verdiyim bu isti yuvamda vidalaşım”, demək istədiyin, amma nitqini cəmləyə bilmədiyin o anı unudammıram. “Narahat olma, sağalacaqsan, deyə-gülə qayıdacağıq evimizə, həmişəki kimi”, - dedim.

Həkimlərin ilkin müdaxiləsi də məni xeyli ümidləndirmişdi. Ertəsi gün tibb bacılarından soruşmuşdum ki, Anam 48 saatdan bəri acdır, ona nə verə bilərik? Təcrübəli bir xanım, yəqin mənim rahatlığım üçün: “Yoqurt al”, - dedi. Tələsik qaçıb iki qutu yoqurt aldım. Tibb bacısının biri isə: “İstəsən, anana qab-qacaq, stəkan, qaşıq da gətir, özününkü olsun”, - dedi. Elə sevinmişdim ki, deməli, anam sağalacaq. Ona görə də dükandan hər şeyin təzəsini aldım. Yoqurtu su ilə durulaşdırıb, səni əzizləyə-əzizləyə, körpə uşaq kimi, çay qaşığı ilə az-az yedizdirən o tibb işçilərinə təşəkkür üçün söz tapmırdım. Hətta həmin gün mən sənin üz-gözündən öpəndə gözlərinə qonan gülüşdən, çöhrənə saçılan nurdan elə ruhlanmışdım ki, istəyirdim deyəm, daha yaxşısan, gedək evimizə...

Amma ertəsi gün nə qədər istədimsə, dünənki ümidi qaytara bilmədim. Səni isə - sağalmamış! - evimizə qaytardım. Əlacsız halda dünyanın ən şirin ətri olan ana nəfəsinin sonuncu istisinə sığına-sığına, içimdə isə qovrula-qovrula qalmışdım. Artıq atəşdən quruyan dodaqlarına səpdiyim suyu belə uda, udquna bilmirdin. Ata, bacı, qardaş, dost, tanış, Anamın harayına yığışan hər kəs sanki məndən nə isə ümid gözləyirdi. Amma həmin gün mən o qədər aciz idim ki, həyatda heç vaxt bu qədər aciz olduğumu bilməmişdim.

Tarixi sınaqdan çıxmış bir deyim var: insanı qoruyan göydə Allah, yerdə anadır.

O gün mən təkcə Anamı yox, duaçımı itirdim...

Yola çıxanda uğuruma özü çıxardı, arxamca su səpərdi...

Telefonu açanda birinci “caaan” kəlməsini indi sükut əvəzlədi...

Mənim analı dünyamdan sonra yuvarlandığım bu boşluq dolası deyil!

Bəxtiyar Vahabzadənin bu misraları ilə desəm:

Sən məni dünyaya gətirdin, ana.

Mənsə yola saldım, dünyadan səni.

Dostlardan biri Anamı cümə günü haqqa uğurlamağımızın təsəllisi ilə sakitləşdirmək istədi məni, biri övlad çiynində son mənzilə getməyin valideyn üçün xoşbəxtlik olduğunu dedi...

Ernest Heminquey “Əcəl zəngi” romanını XVI-XVII əsr ingilis şairi Con Donnun bu sözləri ilə başlayır: “...tufan sənin, ya dostunun evini yerlə-yeksan eləsə - dünya bir ev azalar; eləcə də hər insanın ölümü mənim ömrümü gödəldir, çünki mən bəşəriyyətin ayrılmaz bir parçasıyam və elə ona görə də kilsə zənginin harayını eşidəndə heç vaxt soruşma ki, kimdir dünyadan köçən; sənsən dünyadan köçən”.

Bax beləcə...

...Sənsən dünyadan köçən... mənəm dünyamdan köçən!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda şok yenilik-Azərbaycan dilinə icazə verildi