Modern.az

“Danışan abidələr: Azıx mağarası” filminin təqdimatı

“Danışan abidələr: Azıx mağarası” filminin təqdimatı

Mədəni̇yyət

30 İyun 2024, 14:31

“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin təşkilatçılığı,  Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Danışan abidələr” layihəsi çərçivəsində hazırlanan “Danışan abidələr: Azıx mağarası” adlı qısametrajlı filmin təqdimat mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında keçirilən tədbirdə millət vəkilləri, tarixçi və ziyalılar, Mədəniyyət Nazirliyinin rəsmisi, QHT və media nümayəndələri iştirak ediblər. 

 

Layihə rəhbəri Jalə Sabirqızı bildirib ki, layihənin məqsədi dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarasının timsalında işğal dövründə Azərbaycanın tarixi-mədəniyyət abidələrinə vurulan zərəri, törədilən erməni vandallığını bu dəfə fərqli formada dünyaya yaymaqdır. Bununla bağlı çəkilən filmdə 30 il işğal altında olan, silah anbarına çevirilən, sinəsinə dağ çəkilən Azıx mağarası “dilə gəlir”, məktəbli ilə dialoq qurur, başına gətirilən erməni vəhşiliklərindən danışır. Filmin rejissoru Elnur Cəbrayılov, ssenari müəllifi Esmira Namiqqızı, direktoru Anar Yusifoğudur. Azıx mağarası və Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli orta məktəbdə çəkilən filmdə müəllim obrazını həmin məktəbin tarix müəllimi Rəhim Məstəliyev, şagird obrazını 8-ci sinif şagirdi Nurlan Tahirov canlandırıb. Ssenari müəllifi Esmira Namiqqızı çıxışında qeyd edib ki, ssenari tarixi faktlara əsaslanaraq, bədii üslubda yazılmaqla dünyaya vacib mesajlar ötürür. Film bu məqsədlə ingilis dilinə tərcümə edilib.

 

Təqdimat mərasimində çıxış edən Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın katibi, Müsabiqə Komissiyasının üzvü Nihad Allahyarlı filmin ssenari, rejissor işi və məzmununu yüksək qiymətləndirib. Bildirib ki, “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi Mədəniyyət Nazirliyinin müsabiqənin nəticələrinə uyğun olaraq dəstək verdiyi 23 QHT-dən biridir və təşkilatın layihəni uğurla icra etməsi qürur doğuraraq, yeni birgə əməkdaşlıqlara yol açır.

 

Millət vəkili Ceyhun Məmmədov torpaqlarımızın işğaldan azad olunmasından sonra ölkəmizin qarşısında mühüm vəzifələr durduğunu və yeni mərhələdə Azərbaycan həqiqətlərinin bütün dünyada təbliğ etməli olduğumuzu diqqətə çatdırıb. “Danışan abidələr: Azıx mağarası”nın tarixi-mədəniyyət abidələrimizə qarşı həyata keçirilən erməni saxtakarlığına qarşı mübarizə, vandallıq əməllərinin dünyaya çatdırılması üçün mühüm vasitələrdən biri olacağını qeyd edib.

 

“Azıx mağarası həm tarixi əhəmiyyəti, həm də doğulib boya-başa çatdığım kəndə yaxın ərazidə yerləşdiyi üçün mənə çox doğma məkandır” deyən millət vəkili Vüqar Bayramov filmin peşəkarlıqla hazırlandığını və bu kimi layihələrin vacib olduğunu vurğulayıb. Filmdə işğal faktı ilə yanaşı, Füzuli şəhərinin timsalında azad olunan ərailərimizdə aparılan bərpa-quruculuğun nümayişini yüksək dəyərləndirib. 

 

Millət vəkili Vüqar İskəndərov bildirib ki, filmdə müasir Füzuliyə həyatın qayıdışının əks olunması, qəhrəmanların real olaraq seçilməsi çox uğurlu alınıb. Onun sözlərinə görə, hazırda tarixi-mədəniyyət abidələrimizin film formatında təbliği çox güclü təsirə malikdir. 

 

Filmin ərsəyə gəlməsinə dəstək olan tarixçi alim Faiq İsmayılov hesab edir ki, filmdə ermənilərin xaricdən gətirdikləri mütəxəssislərlə birgə Azıx mağarasında apardığı qanunsuz qazıntıları, oradan tapılan qiymətli maddi-mədəniyyət nümunələrini xaricə daşıdıqlarını əks etdirən kadrların nümayişi böyük effekt doğuracaq və bu kadrlar həmin cinayətkarları beynəlxalq məhkəmələrdə ifşa etmək üçün tutarlı sübutlardır. 

 

Əməkdar jurnalist Elçin Mirzəbəyli filmdə bədii və sənədli yanaşma üslubunu, rejissor işini yüksək qiymətləndirib. Qeyd edib ki, Azıx mağarasının dilə gələrək işğal dövründə çəkdiyi əzabları, məruz qaldığı işgəncələri anlatması, şagirdin dilindən problemlərin sadalanması önəmıi faktorlardır. 

 

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli filmin konseptini uğuru hesab edib, ermənilərin törətdikləri cinayətkarlıqların ifşasına, eləcə də Zəfər tariximizə işarəni yüksək qiymətləndirib və iştirakçıların obrazları məharətlə canlandırdığını vurğulayıb. 

 

“Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov ilk saniyələrdən böyük maraq oyadan filmi “peşəkar komanda işi” adlandırıb. Onun sözərinə görə, film təbliğat baxımından özündə Azərbaycanın qədim tarixə malik ölkə olması, torpaqlarının 30 il işğal altında qalması, ermənilərin işğal dövründə vandalizmlə məşğul olması və artıq azad olunan ərazilərimizə qayıdışın başlanması kimi vacib məqamları əks etdirir.

 

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının direktoru Nərmin Xəlilova filmin hazırlığı və nümayişinin yüksək keyfiyyətdə həyata keçirildiyini bildirib. Həyat yoldaşı  - Vətən müharibəsi Şəhidimiz, Azərbaycan Ordusunun polkovnik-leytenantı Vidadi Xəlilovun Füzuli rayonunda hərbi xidmətini yada salaraq, azad Füzulidə aparılan quruculuq işlərinin onu qürurlandırdığını qeyd edib. 

 

Sonda Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli orta məktəbin 8-ci sinif şagirdi Nurlan Tahirov və tarix müəllimi Rəhim Məstəliyev “Danışan abidələr” layihəsində fəal iştirakına görə Fəxri fərman və Təşəkkürnamə ilə təltif ediliblər. 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ