Mənim həyatımızdakı dəyərlər sırasında öndə olanı Vətəndir. Sözdə də, əməldə də. Mən torpaqlarımızın qaytarılmasına sevinməyən adamı təsəvvürümə gətirə bilmirəm. 30 illik bizim təhqir olunmağımıza son qoyulub, buna necə sevinməmək olar? Kimsə deyə bilər ki, onların siyasi platformaları başqadır. Ancaq hər bir siyası partiya məramnaməsində qeyd edir ki, biz Vətən üçün çalışırıq. İndi bu Vətən bütövləşib, buna necə şad olmamaq olar?
Modern.az xəbər verir ki, bunu bəstəkar Cavanşir Quliyev "Qafqazinfo"ya müsahibəsində bildirib.
O qeyd edib ki, Azərbaycandakı partiyaların çoxu Qarabağ hərəkatından sonra yaranıb.
"Niyə yaranıblar? Torpaqları düşməndən geri almaq üçün. İndi torpaqlar işğalçılardan geri alınıb. Mən illər öncə müsahibələrimdə dəfələrlə demişdim ki, Şuşanın geri qaytarılacağına əminəm, amma o xoşbəxtliyi mənim görüb-görməyəcəyimə isə yox. Şükür ki, Şuşa azad edildi və mən ora dəfələrlə getdim. Mən buna niyə sevinməyim ki?! Torpaqları Prezident İlham Əliyev qaytardı, onun hakimiyyəti dönəmində işğaldan azad olundu. Siyasi ambisiyalar üçün bunu dananlar, əslində, mövcud vəziyyətdə İlham Əliyevə olan böyük sevgini daha da artırırlar. Çünki bu halda mənim kimi adamlar meydana çıxıb soruşur ki, niyə sevinmirsən, düşmən tapdağından azad etdi də torpaqları. İndi orta əsrlər dövrü deyil ki, ölkə başçıları atın belində savaşa getsin, özləri vuruşsunlar. Müharibə gedə-gedə mən dəfələrlə ordumuzu da, onun Ali Baş Komandanını da dəstəkləmişəm. Torpaqların düşməndən geri alınmasına siyasi düşüncəsinin fərqliliyinə görə şükür etməmək, Qarabağın azadlığının prezidentin adı ilə bağlı olmasına görə sevinməmək hansısa siyasi düşüncədən asılı olmayaraq, çirkin yoldur. O yolla hansısa məqsədlərə çatmaq heç zaman baş tutmaz", - bəstəkar deyib.