Yəhudi əsilli rusiyalı Roman Abramoviçə məxsus "Qaraj" Müasir İncəsənət Muzeyinin satışının planlaşdırıldığı barədə teleqram kanalları tərəfindən yayılan məlumatlar təkzib edilib.
Modern.az xəbər verir ki, bunu “The Art Newspaper Russia”ya mətbuat xidmətindən bildiriblər:
“İnternetdə "Qaraj" Muzeyinin satışı ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Danışıqlar getmir. Muzey adi qaydada fəaliyyətini davam etdirir".
Muzeyin satışı barədə daha əvvəl "Ku-ku" teleqram kanalı məlumat vermişdi. Kanalın müəllifi, sənətşünas Kseniya Korobeinikova "bfm.ru"ya verdiyi şərhdə sahibkarın quruma marağını tamamilə itirdiyini bildirib.
"Qaraj" Müasir İncəsənət Muzeyi 2008-ci ildə Abramoviç tərəfindən təsis edilib. Qurumun həmtəsisçisi sahibkarın həyat yoldaşı Daria Jukova idi. Əvvəlcə muzey Moskvanın şimal-şərqindəki Baxmetyevski avtobus qarajı binasında yerləşirdi, sonra Qorki parkına köçürüldü.
Sərgi fəaliyyəti 2022-ci ilin fevralında dayandırılıb. Lakin saytda qeyd olunub ki, muzey daxilində Rusiyanın müasir incəsənətinin arxivinin toplanması, kitabların nəşri və incəsənət institutlarının dəstəklənməsi istiqamətində işlər davam etdirilir.