Finlandiyadakı "Ahtari" zooparkı Çin sədri Si Cinpinin 2018-ci ildəki səfərindən bir neçə ay sonra bu ölkəyə göndərilən iki nəhəng pandanı inflyasiya səbəbindən geri göndərmək qərarına gəlib.
Modern.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb.
Finlandiya Lumi və Piri adlı pandalara 8 milyon avro xərclədiyini iddia edir. Çin liderinin səfəri zamanı heyvanların mühafizəsi üzrə birgə saziş imzalanıb. Müqaviləyə əsasən, pandalar Finlandiyada 15 il qalacaqdılar. Bununla belə, pandalar tezliklə Çinə göndəriləcək.
Zoopark heyvanların yaşadığı sahəyə 8 milyon avrodan çox xərc qoyulduğunu və illik 1,5 milyon avroya çatan baxım xərcləri ilə üzləşdiyini açıqlayıb. Həmçinin ümid edilirdi ki, pandalar Finlandiyanın mərkəzindəki bu yerə turistləri cəlb edəcəklər. Lakin gözlənildiyi kimi olmayıb.
Zoopark rəsmiləri inflyasiyanın tədricən xərcləri artırdığını vurğulayıblar və Finlandiya hökumətinin onların maliyyə dəstəyi tələblərini rədd etdiyini bildiriblər. Rəsmilər pandaların geri qaytarılması ilə bağlı danışıqların 3 il davam etdiyini açıqlayıb.
Qeyd edək ki, Çin Xalq Respublikası ticarət əlaqələrini gücləndirmək, diplomatik əlaqələri möhkəmləndirmək və beynəlxalq imicini yüksəltmək üçün xarici zooparklara pandalar göndərir. Buna "panda diplomatiyası" deyilir. Bu sevimli heyvanlar beynəlxalq münasibətlərdə yumşaq gücdən istifadə nümunəsi kimi qəbul edilir.
Çünki pandalar çox vaxt sevgi və müsbət emosiyalarla əlaqələndirilir ki, bu da ölkələr arasında müsbət atmosfer yaratmağa kömək edə bilər.