(Ruhun şad, məkanın cənnət olsun)
Uzun illər məktəb direktoru kimi dostluq etdiyim Rafiq Həsənovun övladı, bu gün ata yolunun şərəfli davamçısı Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Laçın rayon sektoru üzrə 32 saylı məktəbin direktoru Samirə Həsənovanın və Laçın ziyalılarının sosial şəbəkə hesablarında paylaşmalarında çox nüfuzlu bir gəncimizin -Xəzər Cabbarlının vaxtsız və qəfləti dünyasını dəyişməsi xəbərini eşitdik.
Həyatda olmayan Rafiq müəllimin ailə üzvlərinə, əzizlərinə, Xəzərin valideynlərinə, dostlarına və onu sevən çoxsaylı insanlara başsağlığı veririk!
Əziz həmkarım, həmişə sevincini sevinc, kədərini kədər kimi qarşıladığım Samirə xanım! Xəzər haqqında düşüncələrini, onun həyat və təhsil yolunu, vaxtsız itkisini, xarici ölkədə apardığı ictimai işləri və Azərbaycan adını həmişə uca tutmasını üzülərək, ağrı içində elə dilə gətirmisən ki, hamımız Xəzər balanı yenidən tanıyırıq, sevirik və onun itkisini Sizi kimi yaşayırıq. Allah rəhmət eləsin! Ruhu şad, məkanı cənnət olsun!
Kiçik bir arayış: Xəzər Cabbarlı Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Laçın rayon sektoru üzrə 31 saylı məktəbin direktoru Azər Cabbarlının övladıdır. Xəzər tam orta təhsilini atasının rəhbərlik etdiyi məktəbində fərqlənmə attestatı ilə bitirib. 644 balla universitetə qəbul olub.
Bakalavr təhsilindən sonra Polşanın Krakov şəhərində magistratura təhsili almağa başlayıb. 25 yaşı var idi. 4-5 dil bilirdi. Qəlbində Azərbaycançılıq, Vətən eşqi, Qarabağ harayı sönməz idi. Polşada Azərbaycan mədəniyyətini, ədəbiyyatını, incəsənətini, adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi layiqincə təblığ edirdi. Orada "Odlar Yurdu" Gənclər İctimai Birliyinin idarə heyyətinin sədri idi. Ətrafına nə qədər özü kimi Vətən adını uca tutan, qeyrətli və təəssübkeş gənclər toplamışdı.
...Xəzər haqqında düşüncələrimi yazarkən beynimdə aşağıdakı misralar dolandı:
Hər insanın öz ömrü,
zirvəsi var.
Hər taleyin öz yolu var,
pilləsi var.
Öz zirvəsi ola bilməz
qorxaqların,
O şərəfli yüksəkliyə
qalxanların,
Gərək səbri bir ləngərli
dəniz ola,
Gərək fikri, əqidəsi
təmiz ola?
El arzusu gərək dinsin
həvəsində,
Ora isti aparsın
nəfəsində,
Ora həyat aparsın
nəfəsində.
Sehirli söz xəzinəmizin parlaq ulduzu olan Səməd Vurğuna həsr edilmiş bu misralarda Xəzərin kiçik və manalı ömür yoluna işıq saçan cizgilər gördüm. Əqidəsi, amalı təmiz, qəlbi el həvəsli XƏZƏR! Erkən dünyasını dəyişib tanıyanlarının, döğmalarının, valideynlərinin qəlbinə dağ olan XƏZƏR! Azərbaycan gəncliyinin parlaq ulduzlarından biri, adı gözəl, özü gözəl, nur üzlü XƏZƏR!
Samirə müəllimə, doğru deyir: Bu dünyadan bir Xəzər keçdi......
Tanıyan hər kəsin sevimli Xəzəri...
SƏXAVƏT TAĞLAR,
ƏMƏKDAR MÜƏLLİM,
PREZİDENT TƏQAÜDÇÜSÜ.