Modern.az

Qafqaz mədəniyyəti və Azərbaycan: gürcülərlə ermənilərə nədə uduzuruq?

Qafqaz mədəniyyəti və Azərbaycan: gürcülərlə ermənilərə nədə uduzuruq?

15 Oktyabr 2024, 12:16

Qafqaz regionunun sivilizasiyası əsasən coğrafi, etnik, dini və tarixi müxtəlifliyi ilə səciyyələnir. Bu bölgə Şərq və Qərbin kəsişməsində yerləşdiyi üçün müxtəlif mədəniyyətlərin, dillərin və dinlərin təsirinə məruz qalıb. 

Ortaq Qafqaz sivilizasiyası haqda Modern.az-a danışan sənətşünas Sədaqət Əliyeva bildirib ki, bölgə xalqlarının əsas cəhətlərinə etnik çoxtərəflilik, tarixi əlaqə, dil və din müxtəlifliliyi prizmasından yanaşmaq lazımdır. 

“Etnik çoxtərəflilik dedikdə nəzərə almaq lazımdır ki, Qafqaz regionunda bir çox müxtəlif etnik qruplar yaşayır. Bu etnik müxtəliflik regionun çoxəsrlik mədəni zənginliyinə töhfə verib. Buraya azərbaycanlılar, ermənilər, gürcülər, avarlar, ləzgilər və digər xalqlar daxildir.

Qafqaz coğrafi bir bölgə olaraq tarixi boyunca İran, Osmanlı, Bizans, Rus çarlığı kimi müxtəlif imperiyaların işğalçı yürüşlərinə məruz qalmış və Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi dövlətləri kimi türk əsilli sülalələr tərəfindən idarə edilmişdir. Bu da regionun mədəniyyətinə və siyasi strukturuna öz təsirini göstərmişdir. Lakin sadalanan böyük imperiyaların işğalı öncəsində də ərazinin müxtəlif xalqları, xüsusən prototürk və proqafqaz etnik xalqları arasında mədəni siyasi mübadilə mövcud olmuşdur. Sözsüz ki belə bir əlaqə ortaq mədəniyyət altında memarlıq abidələri, təsviri incəsənət və dekorativ tətbiqi xalq sənəti nümunələri yaradılaraq tarixdə silinməz miras qoymuşdur”.
 

Qafqazda müxtəlif dillərin aktiv istifadə olunduğunu bildirən sənətşünas qeyd edib ki, bölgədə Türk dilləri, Qafqaz dilləri (ləzgi, çeçen, avar, gürcü və s.) və hind-Avropa dilləri (erməni dili) geniş yayılmışdır. 

“Dini müxtəliflik də Qafqaz xalqlarının əsas cəhətidir və İslam (əsasən müsəlman əhali - türk, kürd, ləzgi, çeçen və s.), xristianlıq (gürcülər və ermənilər) və bir neçə digər kiçik dini icmalar (yezidilər, yəhudilər və s.) burada mövcuddur.

Müsbət cəhətlərinə diqqət edərkən mədəniyyətlərarası zənginlik, geyosiyasi əhəmiyyət, təbii resurs zənginliyi kimi vacib məqamları işıqlandırmaq lazım olduğunu düşünürəm. 

Etnik və dini müxtəliflik, Qafqaz mədəniyyətinin zənginliyini və unikal kimliyini formalaşdırması mədəniyyətlərarası zənginliyin əsas məqamlarındandır. Bu mədəniyyətlərarası qarşılıqlı təsir regionun musiqi, mətbəx, sənət və ənənələrində əks olunur. Məsələn. Qafqaz rəqsi, milli geyim oxşarlığı “Əli və Nino”, “Bahadur və Sona” kimi ədəbi nümunələr xalqlar arasında sevgi, sülh və mədəni birliyinin möhkəmlənməsi baxımından təməl ola bilər”.

 

“Qafqaz regionunun geosiyasi əhəmiyyəti yerləşdiyi coğrafi mövqeyindən çox asılıdır. Onun Şərq və Qərb arasında körpü rolunu oynaması bu bölgəyə ticarət yolları və beynəlxalq əlaqələr baxımından strateji əhəmiyyət qazandırır.

Qafqaz regionu təbii ehtiyatlarla, xüsusən də neft, qaz və minerallarla zəngindir. Bu sadalanan resurslar, iqtisadi inkişaf üçün böyük potensial yaradaraq, bölgənin müxtəlif resurs zənginginliyi baxımından həm ölkələr daxili, həm də dünya iqtisadiyyatında müsbət dinamika yaradır”- deyə müsahibimiz qeyd edib. 
 

Bununla yanaşı, Sədaqət Əliyeva etnik və siyasi problemlər, coğrafi müşkül şərait, siyasi təsirlər kimi faktların bölgədə gərginlik törətməsi baxımından danılmaz olduğunu vurğulayıb. 

 

“Xüsusən də siyasi gərginlik bölgənin etnik müxtəliflikləri arasında bəzən münaqişələrə və siyasi problemlərə səbəb olmuşdur. Ermənistan və Azərbaycan arasındakı Qarabağ münaqişəsi, Abxaziya və Cənubi Osetiyada Gürcüstanın daxili münaqişələri bu gərginliklərin bir nümunəsidir.

Coğrafi müşkül şəraitdə isə Qafqazın dağlıq coğrafiyası bəzən ölkələr arasında iqtisadi və mədəni əlaqələri məhdudlaşdırır. Eyni zamanda, bu dağlıq ərazilər hərbi və siyasi nəzarətin çətinliyinə səbəb ola bilər.

Siyasi təsirlər, xarici güclərin regiona təsiri, Qafqaz dövlətlərinin müstəqil inkişafını çətinləşdirə bilər. Bu da tez-tez bölgədə qeyri-sabitlik və qarşıdurmalara səbəb ola bilər. 

Bu ortaq sivilizasiya müxtəlif mədəniyyətlərin və dəyərlərin birgəyaşayışının mövcud olduğu rəngarəng bir məkandır. Lakin bu müxtəlifliyin müsbət və mənfi tərəflərə malik olması regionun gələcək inkişafı üçün həm milli, həm də beynəlxalq səviyyədə kompleks həllər tələb edir”.

 

Sosioloq Elçin Bayramlı mövzu ilə bağlı qeyd edib ki, Qafqaz hər zaman öz spesifikliyi ilə diqqət çəkib, lakin tarix boyu baş verən dəyişikliklər burada yaşayan xalqlara təsir edib.

“Azərbaycan tarix boyu istər mədəni, istər genetik baxımdan 3 qrup üzərində formalaşıb - Qafqaz, İran və türk. Etnogenetimizin əsasını bu üç faktor təşkil edir. Təəssüf ki, biz Qafqaz irsimizə sahib çıxmaqda maraqlı görünmürük və nəticədə erməni və gürcülər bu mədəniyyətə sahib çıxdılar. Biz özümüzü elə qələmə veririk ki, sanki mədəniyyətimiz türklərin regiona gəlişindən sonra və ya islamı qəbul etdikdən sonra başlayır və bu elementləri əsas tutaraq Qafqaz irsimizi unuduruq. Halbuki biz burada aborigen xalqıq. Qafqazın ən azı 10 min illik tarixi var və biz dolayısı ilə öz tariximizdən imtina etmiş oluruq. Gürcü və ermənillər isə tam əksini edir, dünyaya özlərini Qafqaz mədəniyyəti vasitəsi ilə tanıdır, minillik tarixlərini sübuta bu cür yetirirlər. Bizim bu mədəniyyətdən uzaqlaşmağımız gürcü və ermənilərə onu deməyə əsas verir ki, guya bura sonradan gələn xalqıq. Qafqaz irsimizi unudaraq tarixi, mədəni və siyasi məsələlərdə uduzuruq”. 

Sosioloq bildirib ki,qədim mədəniyyətimizin elementlərini ortaya çıxarmalı, onlara sahib durmalı və dövlət səviyyəsində bu mədəniyyətin təbliği və təşviqi üçün proqramlar təşkil etməliyik.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər