Modern.az

Azərbaycan kinosunun ƏCNƏBİ QƏHRƏMANLARI - “Yol əhvalatı”nın Mustafası - FOTOLAR

Azərbaycan kinosunun ƏCNƏBİ QƏHRƏMANLARI - “Yol əhvalatı”nın Mustafası - FOTOLAR

Mədəni̇yyət

14 Dekabr 2013, 15:06

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.

Modern.az saytı “Azərbaycan kinosunun əcnəbi qəhrəmanları” adlı rubrikasında oxuculara milli filmlərimizdə əsas rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumatın təqdimatına davam edir. 

Bu dəfə “Yol əhvalatı” filminin əsas qəhrəmanlarından biri olan Mustafa haqqında bəhs edəcəyik.

1980-ci ildə  “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş bu filmin ssenari müəllifi Asim Cəlilov, quruluşçu rejissoru Teymur Bəkirzadədir.
“Yol əhvalatı” iki sevən gəncin məhəbbəti və əliəyrilərin ifşası ilə bağlı hadisələri özündə əks etdirən kinokomediyadır.
Şən və xeyirxah sürücü, gənc Mustafa gözəl Zümrüdlə evlənmək arzusundadır. Ancaq oğlan qızın atasının, daha doğrusu, "işbaz", alverçi Qurbanın heç ürəyincə deyil. Bu uğursuz nişanlının öz sevgilisinə qovuşması üçün çalışması onu çətin vəziyyətlərə salır. Amma Mustafa inadından dönmür, nəhayət qalib çıxır. Zümrüd məhz ona ərə gedir. Film iki sevən gəncin məhəbbəti fonunda əliəyrilərin ifşası ilə sona yetir

“Yol əhvalatı” filminin əsas qəhrəmanlarından olan Mustafa rolunu Gürcüstanın teatr və kino aktyoru Vaxtanq Pançulidze canlandırıb. O, bu filmdə Səyavuş Aslan, Həmidə Ömərova, Yaşar Nuri, Hacı İsmayılov, Ceyhun Mirzəyev, Sofa Bəsirzadə, Eldəniz Zeynalov kimi məşhur aktyorlarla tərəf müqabili olub.

Film haqqında danışarkən Vaxtanq Pançulidze Səyavuş Aslan kimi aktyorla yanaşı çəkilməsindən xüsusilə məmnun qaldığını qeyd edib: "Səyavuş Aslan böyük aktyor və yüksək insani keyfiyyətlərə malik şəxsiyyətdir".

Gürcü aktyorun sözlərinə görə, o, “Yol əhvalatı” filmində çəkilişə dəvət aldıqda çox həyəcanlanıb: “Ssenarini də oxumuşdum, çox xoşuma gəlmişdi. Eşidəndə ki, filmdə məşhur aktyor Səyavuş Aslan da çəkilir, düzü, az qala etiraz edəcəkdim. Lakin Səyavuş Aslanla tanışlığımızın ilk anlarındanca bu fikirdən yayındım. O mənə ruh verdi, hər şeyi yerli-yataqlı izah etdi, yaş fərqimiz olmasına baxmayaraq dostlaşdıq”.

Vaxtanq Pançulidzenin sözlərinə görə, film şəkilərkən o, Gürcüstan Teatr İnstitutunun tələbəsi olub.
Gürcü aktyor Tbilisdə Səyavuş Aslanın xatirəsinə həsr olunan anım gecəsində onun dünya kinematoqrafiyasının böyük ustası olduğunu və azərbaycanlı aktyoru ömrü boyu unutmayacağını söyləyib. “Mən Səyavuş Aslandan çox şey öyrəndim”-deyə o, “Yol əhvalatı”ndan danışarkən qeyd edib. Filmin çəkilişləri zaman 3-4 ay Bakıda qaldığını xatırlayan Vaxtanq Pançulidze o vaxtdan bəri Azərbaycana gəlmədiyini, amma gəlməyi  çox istədiyini vurğulayıb.

“Bakı üçün çox darıxmışıam. Bakı bəzi məqamlarda Tbilisiyə də oxşayır”.

V. Pançulidze “Yol əhvalatı”nda sevdiyi Zümrüdlə - Həmidə Ömərova ilə yenə də filmlərdə çəkilmək arzusunda olduğunu bildirib: “Mən bizim birgə filmə çəkildiyimiz günləri unutmamışam. İnanıram ki,  yenə yaradıcılıq sahəsində görüşəcəyik. İstər Azərbaycan, istərsə də gürcü filmlərində müxtəlif rollarda oynayacağıq”. 









A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU