Modern.az

Fikrət Qoca: “Afrikada adamyeyən qəbilə başçısından soruşduq ki...” - MÜSAHİBƏ

Fikrət Qoca: “Afrikada adamyeyən qəbilə başçısından soruşduq ki...” - MÜSAHİBƏ

24 Dekabr 2013, 12:11

 


Modern.az saytı “XXI əsrin adamı ” layihəsində növbəti müsahibəni təqdim edir. Qeyd edək ki, layihədə müsahib öz əsrini dəyərləndirir, insan və zaman münasibətlərinə aydınlıq gətirməyə çalışır. Budəfəki qonağımız isə Azərbaycanın xalq şairi, Yazıçılar Birliyinin birinci katibi Fikrət Qocadır.

– 79 yaşın içindəyəm. Əvvəl nə etmişəmsə bu gün də onu edirəm. Əvvəlki kimi düşünürəm. Yarımçıq xatirələrimi hələ yazmamışam. Kitab halına salmış olsaydım indi arxayın ölümümü gözləyərdim. Deməli hələ yarımçıqdır. Son kitabım 2011-ci ildə buraxdım. Bu il də şeirlər yazdım. Təxminən bir kitablıq olar. Çoxunu çap etmişəm. Bəziləri isə hələ də arxivimdədir. Bu il həm də “Qarğa səsi” adlı bir povest də yazdım. Vaxtaşırı nəsrə qayıdıram. Lap gənclik illərimdən beləyəm. Elə mövzular var ki, onlar şeirdən prozaya adamı gətirib çıxarır. Elə ondansa nəsr yazmaq daha yaxşıdır. Nəsri nəsr kimi işləmək, insanların daxilini vermək lazımdır. Əslində nəsri sənin obrazların yazır, sən də oturub onları köçürürsən. Nəsr belə olmalıdır.

– Bəşəriyyətin inkişaf tarixində söz həmişə at oynadıb...

– Bilirsən kainat necə yaranıb? Allah deyib “Ol!” yəni kainat sözlə yaranıb. Ol dedi və partlayışdan sonra kainat yarandı. 

– XXI əsr isə elm texnika və sırf məntiqi düşüncəyə yönəlmiş bir əsrdi. Sizcə, Söz bu yüzillikdə öz yüyənini əldən verəcək yoxsa saxlayacaq? 

– Daha da möhkəmlədəcək. Əvvəla bütün əsrlərdə məntiqsiz heç nə olmayıb. Məntiqsiz bir şey varsa, onun özü də başqa bir məntiq üstündə qurulub. Məntiqin ümumi iqrari, nəticə iqrari “teoriyası” var. Bu çox ciddi məsələdir. Məntiqsiz adam şüuru işləməyən adamdı. Ancaq o məntiqsiz sözlər deyə bilər. Qırıq-qırıq əlaqəsiz dəxli olmayan sözlər deyə bilər. Hətta yaşayışın özündə məntiq var. Gecənin səhəri gətirməyi məntiqdir.

– Amma yeni sivilizasiya “robotların dövranıdır”. Robot hegemonluğunda söz möhkəmlənə biləcəkmi?

– Onlar boş şeylərdi. Söz yaradıcıdır. Söz elə belə şey deyil ki.  

– Amma Qərb filosof-kibernetikləri fərziyyə irəli sürür ki, bu yüzillikdən etibarən robotlar insanları “yeyəcək”. Amma siz deyəsən onlarla razı deyilsiz?

O qərb alimidir deyə mütləq ağıllı deyil ki. Orda da ağıllısı da var. Ağıllı olmayanı da var. İngiltərədə də bir vaxt deyirdilər ki, qoyunlar insanları yeyəcək. Niyə görə, çünki qoyun artırdı, həddindən artıq çoxalırdı. Buna əsasən deyirdilər ki, qoyunlar insanları yeyəcək. Qoyun min dəfələrlə artıb, amma hələ ki insanlar qoyunları yeyir. 

– Yenə qayıdaq bu yemək məsələsinə... XXI əsrdə qələmlər qılıncları yeyə biləcəkmi?

– Hegelin bir sözü var. Deyir, müharibələr sakit göl üzərindən əsən küləkdir. Onlar olmasa cəmiyyət çürüyər. Müharibənin də məntiqi var. Uzun müddət sakitlikdən sonra mütləq bir külək əsir, fırtına qopur. Dərmanlar o saat sağaltmır ki. Əvvəl yandırır, bakteriyaları mikrobları məhv edir sonra başlayır sağaltmağa. Həyatda da belə şeylər var. Qarabağ hələ də işğal altındadır. Gəlin görək, bu bizim hansı səhvlərin məntiqi nəticəsidir. Çünki ölkədə dartışma başladı. Özümüz özümüzlə başladıq vuruşmağa. Şərait bunu yaratdı. Biri çıxırdı, guya hərbi nazirdir, deyirdi ki, Şuşa gedən kimi mən başıma güllə vuracağam. Şuşa da getdi, başı da yerindədir. Yəqin gülləsi qurtarıbmış. Bilirsiniz, bunların hamısı bu əxlaqdan formalaşdı. Müəllim gəlib deyirdi ki, mən müdafiə naziri olacağam. Yığırdı uşaqları onlar da istefa-istefa qışqırırdı. Bunun nəticəsində Qarabağ getdi. Vuruşmaq üçün taktika lazımdı, hərbi təcrübə lazımdı. Bir Sovet İttifaqı Qəhrəmanı var idi, Məlik Məhərrəmov. O mənim qohumum idi. Ona dedim ki, ay Məlik müəllim, niyə gedib özünün təqdim etmirsən. Bir dəfə iki dəfə axırda hirsləndi dedi getmişdim, mənə dedilər, bu müharibə sən görən müharibələrdən deyil. Bu adam Akademiya qurtarıb, müharibəyə getmişdi. Böyük Vətən müharibəsi başlayanda da ora gedib ittifaq qəhrəmanı oldu. Bunun kimi hərbi savada təcrübəyə malik adama deyirlər ki bu sən görən müharibə deyil. Bu məntiqin nəticəsi Qarabağın getməyidir. Biz şüurən Qarabağın işğalına doğru gedirdik. Amma indi başqa bir şey var. Çürüməyə gedən əqidələr, düşüncələr müharibə ilə başa çatdı. Bir para Azərbaycanın gözəl guşəsi getdi. Amma həm də təmizləmə də apardı. Bayaq dediyim çürüməni də özü ilə apardı. İnsanların əxlaqı bərkidi, müharibə olmasaydı bəlkə biz 20 yanvara çıxmazdıq. Müharibə şüuru təmizlədi, insanlar birləşdi. 20 yanvar olmasaydı, sonradan onların dəfni üçün bir milyon adam bulvara çıxmazdı. Tankların gözü qabağında o adamlar çıxdı. Yuxarıdan helikopter izləyirdi. Gördü ki, artıq ölümə gedirik. Əli silahsız hər şeyə gedirik. Deməli təmizlənmə getdi. Bu təmizlənmənin də məntiqi nəticəsi o olacaq ki biz Qarabağı alacayıq. Çünki o yeri biz sağaltdıq. Şüur sağaldı.

– Fikrinizcə, o təmizlənmə Qarabağı almaq səviyyəsində inkişaf edibmi?

İndi bu saat yox. Ona görə də bu gün müzakirələr gedir. Bu müzakirələr həm də döyüşdən yaxşıdır. Çətindir, amma yaxşıdır. Çünki burda insan ölmür, qan tökülmür. Niyə mənim cavanlarım qırılmalıdır ki?! Torpaq mənimdi, mən bunu danışıqla qaytarmalıyam. Müharibə nəticəsində Ermənistan qalıb blokadada. Cavanlardan ölkədən qaça bilən qaçır. Torpaq da qalıb orda , qurd quş basır. Nə ondan istifadə edə bilirlər, nə də əl çəkirlər. Bütün dünyada deyəcəklər bu torpaq Azərbaycanındı. Bizim şöhrətimiz, ağlımız, pulumuz artdıqca biz qalib gəlirik. Bunun özü elə müharibədir. Bununla biz dünyaya sübut edirik ki bunlar axmaq millətdi. İndi bunu özləri özlərinə sübut edirlər. Bunlar axmaq millətdi. Bu boru kəmərlərinin biri Ermənistandan keçsəydi onlar ömürlük təmin olunacaqdılar. Özləri itirdilər. indi onlar o torpaqdan istifadə edə bilməyəcəklər. Ac adam çörək axtarır, şöhrət yox. Biz müharibədə artıq qalib gəlirik və sonda da gələcəyik bu əbədi qələbə olacaq. Amma biz bu gün müharibə edib qalib gəlsək bu bir az başqa şeyə oxşayar. Güləşə bənzəyər, bu gün sən yıxdın, sabah o güclənəcək səni məğlub edəcək. əksinə sən yıxandan sonra arxayınlaşırsan. Bizim güləşçilərə baxın. Bir dəfə dünya çempionu olur sonra gəlir oturur, şişir , kökəlir. Çoxu heç “trener”liyə də yaramır. Çünki o artıq arxayın olub. Dövlət də cəmiyyət də elədi. 

– Maraqlı məqama toxundunuz. Vaxtilə Sabir də deyirdi ki, dindirir əsr bizi dinməyiriz. Bu gün XXI əsr Azərbaycan cəmiyyətini danışdıranda ona cavab verə bilir yoxsa yenə susub oturur?

XXI əsr dünya üçün XXI əsrdir. Yer kürəsi dairə formasındadır. Dairə dünyada ən kamil fiqurdur. Çünki dairədəki hər nöqtə həm birincidir, həm ikinci və s. Hər nöqtə də özünü bu cür sayır. Ona görə də bu fiqur kamildir. Biz yer üzündə olan insanların heç birinə həqarətlə baxmamalıyıq. Mən Afrikanı gəzmişəm, ən mədəni ölkələrdə olmuşam. Hər yerdə insan insandır. Mən Afrikaya, Qvineya Bisauya, Yaşılburun adalarına getmişdim. Dedilər, bu ölkə yenidir. Burda başqa qəbilədən əllərinə insan düşəndə onu yeyirdilər. Sonradan nəzarət gücləndi bunlar da xahiş etdilər ki insan yox, meymun yeyək. Orda da qəbilədə yarıçılpaq adamlar idi hamısı. İnanırsan ki, orda ən yaraşıqlı insanları gördüm. Elə bil ki Allah bunları yonub düzəldib. Düz ayaqlar, boy-buxun, hər şey. Mən çaşıb qalmışdım. Tərcüməçi vasitəsilə soruşdum ki, bunlar niyə belə gözəldir? Çölün düzüdür, meşənin içidir, savannadır bura. Bəs bunların heç bir əyri ayaqlısı, şikəsti olmur. Tərcüməçi qəbilə başçısından bunu soruşdu. Dedi, olur, amma sağ qalanlar bunlardır. Yəni həyat qaçışdı. Bunların hamısı ovu tutmaq üçün , yaxud sən ov olmamaq üçün bərk qaçmalısan. Bu yarış deyil artıq. Bu can qurtarmaqdı. Buna görə onlar bu qədər düz ayaqlı düz qamətlidir. Mübarizə ancaq bunları sağ buraxıb. Dünyanın ən gözəl insanları kimi onlarda əxlaq da güclüdür. Cavan qızlar həsirdən otaqlar düzəldiblər. Yaş amilinə əsasən bir yerdə qalırlar. Uşaq vaxtı oğlanlarla qızlar bir yerdə qalırlar. Yaş artdıqca ayrılırlar. Oğlanlar bir qızlar bir yerdə qalırlar. Heç kim oralarda əxlaqsızlıq edə bilməz. 

–Afrikadan Azərbaycana qayıdaq. Sabirin dediyində əsas məqsəd əsrə düşüncə baxımından hazır olmaq idi. bu gün bizim cəmiyyətin düşüncəsi əsrin inkişafına cavab verir?

– Afrikadakının əsri elə o savannadır. Çünki orda televizor yox, bir şey yox. Onun əsri budur. Məni əsrim XXI əsirdir. Qonşularımızla müqayisə edəndə görünür. Gedirəm Amerikaya, görürəm ki, eyni şeyi biz də düşünürük. Biz bəzən havaya gedirik. Oradakı parıltının altında elə burda yaşadığımız həyat durur. Burda bir az çətindir. Amerika, Fransa İngiltərə, elə Türkiyədə də cəngəllik qanunları işləyir. Bunun bir az mədəni formasıdır. Ölür cəhənnəmə ölsün ondan var dövlət qoparır. Yəni, yaşa mənasındadır. Burda vicdan keçib ikinci plana. Bu ən yüksək mədəni ölkələrdə belədir. Çünki onlar oradan gəlib, bu cəngəllik də burdan. İnkişaf elədikdə bu cəngəllik də inkişaf edir sadəcə forması dəyişir. Ərəb ölkələri dağıdır, qırır, tökür. Onlar elə bilir ki inqilab edirlər, yox! Pul dövlətdə idi. Əslində ərəb ölkələrində yaxşı yaşayış var idi. Qəddafi pis yaşatmırdı camaatı. Gözəl dolanırdılar. İstədiyi kimi neftlərini satırdılar. İndi inqilab etdilər. Ağ günə çıxıblar?! Gündə terror, qızıllarını aparıblar. Nefti də aparacaqlar. Ölkə düzəldikdə Amerikanın təklifi ilə əlaqə zonası kimi saxlanılacaq. Amma Amerikada oturub orda deyir mən nə etdim ki? İstədim demokratiya yaransın cəmiyyətdə... 


– Siz azadlıq hərəkatları baş verən bir çox yerlərdə olmusuz. Çe Gevera və digər azadlıq mübarizlərinə həsr olunmuş şeir, poemalarınız da var. Deyə bilərikmi, XXI əsr sivilizasiyası və burdakı nisbi demokratik inkişaf məhz o hərəkatlardan doğub?

– Bunu dəqiqi demək olmur. Azadlığın da ağac kimi  iki başı var. Çünki azadlığı insanlar başa düşmür. Azadlıq əslində hər yerdə və hər kəsdə var. Ən mədəni, azad  ölkədə də məhkum var. Azadlıq hiss məndə varsa və məni aparıb zindana salsalar mən orda da azad olacağam. Burda düşündüyümü orda düşünəcəyəm. Məni orda məhkum edə bilməzlər. Çünki düşünürəm, daşınıram. Bir az çörək verəcəklər. Azadlıqda qaymaqla yeyirdimsə burda su ilə yeyəcəyəm. Yemək orda ikinci plana düşür. Ancaq o azadlıq səninlə yaşayır. Lakin bir daş otağın içində yaşayır. Azad deyiləmsə məni qızıl tacın içində gətirib otuzdur, qul təbiəti yenə də məndə olacaq. İnqilab edirlər, özlərini tankın altına atırlar. Heç kim də düşünmür ki onlar niyə belə edir. Azad olmaq üçün! Ölümdən gözəl böyük azadlıq yoxdur. Ölünü heç kəs qorxuda bilmir. Ölünü türməyə də salmırlar. Ölü ruhən azaddır. Amma o azadlığın  hesabına yaşayan adamlar çörək davası edir. Deyir, filankəsin pulu çoxdur, mənimki az. Öz ağlından şikayət eləmir. Mənim bir şeirim var, təxminən məzmunu belədir: görünür, Allah hər şeyi elə bölüb ki, hamı şikayət edir. Bircə ağlı bərabər bölüb. Çünki heç kəs ağlından şikayət etmir. Azadlıq da həmin şeydi. Hamı elə bilir ki, ona az düşüb. Allah sənə ürək verib , beyin verib, göz verib görürsən. Biz əllərimizə bir dəfə sağ ol demirik. Halbuki əlimiz olmasa onda bilərik, arzusu ilə yaşayarsan. Səni səhərdən axşama qədər sənə qulluq edir. Bir dəfə yada düşübmü deyəsən əlim çox sağ ol, nə yaxşı varsan. Ayağım çox sağ ol, məni gəzdirirsən. Deyirik , yox! Bunu özün özünə demirsənsə hansı azadlıqdan danışırsan?!

– Gevaraya aid poema yazdınız. Çe Gevaraçılıq mahiyyəti nədir? Hazırda işə yarayır?

– Bu şöhrətpərəstlikdən yaranıb. 9 nəfər durub inqilaba qalxdı. Bu əslində inqilabın başqa ölkələrə yoluxması idi. İnqilab ilk vaxtında ixrac olunma var idi. Azadlığı inqilablar vasitəsilə ixrac edirdilər. Çe Gevara da Kubada inqilab edən Kastro qardaşları, ümumilikdə 9 adam o vaxtkı SSRİ-nin xeyir duası, əl-altdan idarəsi ilə  Kubada inqilab etdilər. Kuba heyrətamiz gözəlliyə malik bir yerdir. Amma çürüməkdə idi. Artıq Amerikanın eyş-işrət yerinə dönmüşdü. Bu 9 nəfər də gedib ora kommunist partiyasını ideyalarını apardı. Daha doğrusu Kubanı təmizlədilər. Bayaq danışdığımız təmizləmə kimi. Amma indi yenidən istəyirlər ki Amerika ilə müttəfiq olsunlar. İndi Amerikaya çıxa bilmir. O tərəfə gedir. 

– Bu əsrin sonunda yaşayan insanlar indinin hansı şairlərini oxuyacaq?

– Bunu bilmək olmaz. İndi IX əsrə aid olan bir şairin şeirini tapsaq onu qiymətli bir tapıntı kimi saxlayarıq. Şeirdə bilmək olmur kimin bəxti gətirəcək. Zaman bir yerdə dayanmır. Nə bilirsən ki on əsr sonra nələr baş verəcək. İndi saymadığımız hansısa bədbəxt bir şairin şeiri ələ düşəcək və onu nadir tapıntı kimi göydən asacaqlar. Şeir bu dövrün mədəniyyət səviyyəsini göstərir. İstəyirəm ki o dövrə gedib çıxan şairin ilhamı ağlı yüksək səviyyədə olsun ki bizim barəmizdə də yaxşı danışsınlar.

 

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi