Hər il olduğu kimi, bu il də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə bağlı televiziyalar xüsusi proqramlar hazırlamışdılar. Bu proqramlarda səslənən bəzi musiqilər, oxunan bir sıra nəğmələr tamaşaçının zövqünü oxşadı. Lakin mahnı o zaman ürəyə yol tapır, sevilir ki, həm məharətlə, həm də doğru şəkildə ifa olunsun, eləcə də mahnını ərsəyə gətirən müəlliflər də tamaşaçıya təqdim edilsin.
Dekabrın 30-da “Lider” kanalında yayımlanan “Bu gün neçənci ildir?” verilişində müğənni Zamiq Hüseynovun oxuduğu “Pəncərəmə qondu çiçək” mahnısının sözlərinin müəllifinin yanlış təqdimatı bir daha müəllif hüquqlarının pozulması məsələsini gündəmə gətirdi.
Qeyd edək ki, verilişdə səslənin həmin mahnının sözləri görkəmli şair Nəbi Xəzriyə məxsus olsa da, yanlış olaraq Zeynal Cabbarzadənin adı çəkilib.
Nəbi Xəzrinin oğlu Arzu Babayevbununla əlaqədar Modern.az saytına açıqlamasında narazılığını ifadə edirb.
- Fürsətdən istifadə edib, “Lider” kanalının rəhbərliyini və kollektivini Yeni il münasibətilə təbrik edir və işlərində uğurlar arzu edirəm. Dekabrın 30-da “Lider” televiziyası çox maraqlı veriliş yayımladı - “Bu gün neçənci ildir?”. O verilişdə sanki zamanın çarxı geri fırladılmışdı, proqram sovet dövründən yaddaşlarda qalan ”Mavi işıq” pqroqramını xatırladırdı. Kənd zəhmətkeşlərindən və elm adamlarından müsahibələr alınır, sonra isə bir mahnı səsləndirilirdi.
Verilişi maraqla izlədik. İstedadlı müğənni Zamiq Hüseynov Tofiq Quliyevin Nəbi Xəzrinin sözlərinə bəstələdiyi “Möcüzələr adası” filmindən “Pəncərəmə qondu çiçək” mahnısını ifa etdi. Mahnının bəstəkarı düzgün göstərilsə də, sözlərin müəllifi təəssüf ki, səhv təqdim edildi və Zeynal Cabbarzadə göstərildi.
İstərdim, bu mahnının yaranma tarixçəsindən də danışım. 1962-ci ildə “Möcüzələr adası” filminin çəkilişləri başlayanda ssenari müəllifi və quruluşçu rejissor Həsən Seyidbəyli və bəstəkar Tofiq Quliyev atamdan xahiş etdi ki, ssenarinin iki səhnəsinə uyğun şeir yazsın. Onlardan biri neftçilərin katerdə hərəkət edərək mahnı oxuması səhnəsi, digəri isə aktyor Fazil Salayevin oynadığı Fazil obrazıyla bağlıdır. Belə ki, o, Neft Daşlarında salınmış bağdan çiçəklər qopararaq, bir dəstə düzəldir və onu birgə işlədiyi sevgilisinin pəncərəsinə qoyub və qapıda gözləyir. Onlar görüşəndə bu mahnı Anatollu Qəniyevin ifasında fonda səslənir. Filmin xronometrajına uyğun olaraq, üç bəndlik şeirin yalnız iki bəndi oxunmuşdu. Mən “Lider” kanalını qınamıram. Kanalın musiqi verilişləri departamenti çox güman ki, “Min bir mahnı” kitabından qaynaqlanıb. Orada “Pəncərəmə qondu çiçək” mahnısının sözlərinin müəllifi yanlış olaraq Zeynal Cabbarzadə göstərilib. Həmin kitabda yeganə səhv bu deyil.
- Haqqında danışdığınız kitabda bildiyimə görə bir çox mahnı mətnləri toplanıb. Daha hansı səhvlər yer alır və bu nədən qaynaqlanır?
- Kitabın bilavasitə tərtibçilərinə məsuliyyətsiz deməzdim, sadəcə olaraq, qanunlardan xəbərsiz olduqlarını deyərdim. Onların zəhmətlərinə heyfim gəlir, çünki onlar böyük zəhmət çəkib kitabdakı materialları bir araya toplayıb. Ancaq burada yer alan mahnı mətnlərinin misraları və müəlliflərinin düzgün olması böyük məsuliyyət tələb edir. “Müəllif Hüquqları haqqında” Qanunun 47-ci maddəsində göstərilir: “Bu qanunda nəzərdə tutulmuş müəlliflik hüququ və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə görə mülki, inzibati və cinayət məsuliyyət nəzərdə tutulur”. Əlbəttə, kitabı tərtib edənin bundan xəbəri olsaydı, o, hər bir misranın düzgünlüyü uğrunda çalışardı, müəlliflərin də düzgünlüyünü daha diqqətlə yoxlayardı, Mahnı müəlliflərinin - istər şair, istərsə də bəstəkarlarının kimliyini Azərbaycan dövlət radiosunun kollektivi ilə, şairlərin və bəstəkarların özləri və ya varisləri ilə əlaqə saxlayıb dəqiqləşdirə bilərdilər. Onların bu zəhmətinə həqiqətən təəssüflənirəm.
Məsləhət görərdim ki, kitabdakı müəllif hüquqları ilə bağlı pozuntular aradan qaldırılsın. Kitabda atamın yazdığı və Aşıq Hacalı Hacıyevin bəstələdiyi “Nar ağacı, nar çiçəyi” şeirində birinci bəndin ikinci misrası, üçüncü bəndin ikinci və dördüncü misraları tamamilə təhrif olunaraq başqa sözlər yazılıb. Eyni zamanda onu bildirmək istəyirəm ki, Aşıq Əvəzxan bu mahnıya müraciət etdikdə, nəqəratın ikinci misrasını özündən dəyişərək Nəbi Xəzrinin lirikasına və bu şeirin poetikasına yad olan “nə gözəldir yar göyçəyi ” ifadəsini əlavə edib. Müslüm Maqomayevin oxuduğu məşhur “Azərbaycan” şeirinin ikinci bəndinin birinci misrasında da təhrif var, axırıncı misrası isə tamamilə başqa sözlərdir. “Gözəlliklər məskənim” ifadəsi sonradan əlavə edilib. Əslində atam o ifadəni yazmayıb. Emin Sabitoğlunun bəsətələdiyi “Dərələr”mahnısının muğamat yerində atamın başqa “Azərbaycan” şeirindən iki bənd oxunur və şeirlər kitabında da bu cür çap edilib. Lakin “Min bir mahnı” kitabında o muğamat kimi oxunan şeir verilməyib. Mənim müğənnilərdən, eləcə də televiziyaların musiqi verilişləri departamenti rəhbərliklərindən xahişim odur ki, “Min bir mahnı” kitabından qaynaqlanmasınlar. Buradan hansısa mahnını götürəndə onların müəlliflərini, misraların düzgünlüyünü yoxlasınlar. Görəndə ki, mahnıların sözləri Nəbi Xəzrinindir, mənə zəng etsinlər, sözlərin düzgün olub olmadığını dəqiqləşdirsinlər.
Cavanşir Məmmədov 1994-cü ildə “Pəncərəmə qondu çiçək” şeirini məndən götürdü, lakin bir daha şeirin mətninin düzgünlüyünə əmin olmaq üçün atamla da əlaqə saxladı. Buna görə ona təşəkkürümü bildirirəm. Bilirsiniz, bu mahnılar bizim musiqi xəzinəmizdir, bu xəzinənin gələcək nəslə doğru şəkildə çatması üçün hamımız məsuliyyətli olmalıyıq.
- Bəs atanızın sözlərinə yazımış mahnıları oxumaq istəyən müğənnilər sizinlə necə əlaqə saxlasınlar?
- Kim əlaqə saxlamaq istəsə buyursun. Əlaqə telefonu (050) 210-07-43; E-mail: [email protected]
Bir daha “Lider” kanalından xahiş edirəm ki, dekabrın 30-da yayımlanmış “Bu gün neçənci ildir?” verilişində düzəliş etsinlər, "Pəncərəmə qondu çiçək" mahnısının müəllifini Nəbi Xəzri yazsınlar.
Əfsanə Ələsgərli