Uşaq vaxtlarından baxdığımız filmlərdən qulağımızda qalan səslər olur. Müxtəlif filmlərin qəhrəmanlarını təkcə viziual görünüşünə görə deyil, səslərinə görə də xatırlayırıq. O səs bizi xəyala qərq edir, xatirələri oyadır, filmi bir daha seyr etməyə vadar edir.
Milli kinomuz bu baxımdan yaddaqalan səslərdən xali deyil. Modern.az saytı yeni layihəsini təqdim edir - “O məşhur səs...”.
Milli filmlərimizdəki populyar qəhəmanların dialoqları, ayrı-ayrı replikaları bu gün də dillər əzbəridir. Çox zaman həmin səsin sahibinin elə ekranda gördüyümüz aktyora məxsus olduğu düşünmüşük. Amma bu, heç də belə deyil. Hamının əzbər bildiyi kino replikalarını məşhur edənlər bəzən kadr arxasında qalıblar. Bilirsinizmi məşhur filmlərdəki populyar qəhrəmanlar kimlərin səsi ilə “danışıblar”?
Bu gün son dərəcə uğurlu alınmış “Uzaq sahillərdə” filminin qəhrəmanlarını xatırlayacağıq. Əlbəttə, qəhrəmanları tanıyırsınız. Amma çətin ki, qəhrəman Mixaylonun, alman zabiti Şultsun, gözəl Anjelikanın, cəsur partizan Veselinin və digərlərinin qulağımızda qalan səsinin sahibi barədə düşünmüsünüz..
...1958-cı ildə çəkilmiş “Uzaq sahillərdə” filmində 2-ci Dünya Müharibəsinin dəhşətlərindən və faşistlərə qarşı döyüşən əfsanəvi azərbaycanlı partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin igidiliyindən söz açılır. Ekranlara çıxdıqdan az sonra film böyük populyarlıq qazanıb və qəhrəmanların bütün replikaları sadə xalqın dilində əzbərə çevrilib.
Filmin əsas qəhrəmanı olan Mehdi (Mixaylo) rolunu acarəsilli Nodar Şaşıqoğlu oynayıb. Onun canlandırdığı rolu aktyorun özü deyil, kadr arxasında qalan Azərbaycanın xalq artisti Əli Zeynalov səsləndirib.
Əli Yusif oğlu Zeynalov 4 aprel 1913-cü ildə Salyanda anadan olub. Öz dövrünün tanınmış maarifçilərindən olan atası Yusif Zeynalov (1887-1965) ilk əlifba kitabının müəllifidir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Əli Zeynalov da öz atasının yolunu davam etdirib. Pedaqoji təhsil alıb. Aktyorluğa marağı böyük olduğundan müxtəlif dərnəklərə üz tutub. 1928-ci ildə Biləsuvar kənd cavanlarının hazırladığı "Şeyda" tamaşasındakı baş rolu ilə çoxlarının rəğbətini qazanıb. Bakı Pedaqoji və Teatr Texnikumlarını (1933) bitirdikdən sonra o, bir müddət Moskva teatrlarında istehsalat təcrübəsi keçib, geri döndükdən sonra Şəki Dövlət Dram Teatrında işləyib. İrəvan Teatrında (1934-1935), Dram Teatrında (1945-1975) işləyib.
Mərhum yazıçı İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesində Həsənzadə rolunun ifaçısı Əli Zeynalov böyük uğur əldə edib. Bu tamaşada onunla ilk dəfə olaraq Amaliya Pənahova Nargilə obrazını səhnədə oynayıb.
Ə.Zeynalov 30 (25 bədii, sənədli) filmi valehedici, ifadəli səs tembri ilə səsləndirib. Mərhum aktyor milli kinomuzda 40-a yaxın filmdə çalışıb. Yumşaq tembrli gözəl səsə, aydın diksiyaya malik оlan Əli Zeynalоv bədii qiraət ustası kimi də tanınmışdı. İncəsənət İnstitutunda "səhnə danışığı" fənnindan dərs deyib. Əli Zeynalov "İki ömrüm olsaydı..." kitabının müəllifidir. Azərbaycan xalq artisti (1964), Ermənistanın əməkdar artisti (1939), M.F.Axundov adına Respublika Mükafatı laureatı (1965) Əli Zeynalov 1988-ci ildə dünyasını dəyişib.
…”Uzaq sahillərdə” filmində ən koloritli obrazlardan biri də faşist mayoru Şultsdur. Mixaylonu ələ keçirmək üçün cani-dildən əlləşən bu qəddar hitlerçi üçün heç bir müqəddəs dəyər yoxdur. Filmdə onun replikaları da xüsusi yer tutur. “Bu rəssamlar niyə belə həyasız olur, Kraus?”, “Şeytandır, yadandır, axır ki, Mixaylonun özüdür!” və digər replikaları xalq arasında bu gün də deyilir.
Filmdə Şults rolunu RSFSR-in əməkdar artisti Qriqori Şpigel oynayıb. Epizodik rolların mahir ifaçısı sayılan Şpigel sovet filmlərində bir çox obrazlar yaradıb. Azərbaycanlı tamaşaçılar onu “Brilliant əl” filmində tanıya bilərlər. Filmin Bakıda, İçərişəhərdə çəkilmiş kontrabandaçıların sovet turisti ilə olan görüş səhnəsinədə məşhur “Çort poberi” replikası və Nikulinlə olan səhnədəki sarışın kişi məhz Şpigeldir. Onun xarakterik, çingiltili və yadda qalan səsi ilə SSRİ-nin bir çox məşhur cizgi filmlərinin qəhrəmanları “danışıb”. Uşaqlığı sovet dövrünə düşmüş azərbaycanlılar yəqin ki xatırlayarlar: “Üçüncü planetin sirri” adlı cizgi filmində donuz sifətli Veslçak obrazı Şpigelin səsi ilə danışır.
“Uzaq sahillərdə” filmində faşist zabiti Şults isə Azərbaycan SSRİ-nin xalq artisti Ağasadıq Gəraybəylinin səsi ilə danışır. Şpigeli filmdə bu məşhur azərbaycanlı aktyor dublyaj edib. Çox effektif və yaddaqalan bir dublaja nail olan Ağasadıq Gərabəyli Şpigelin filmdəki bütün vizual ifadələrini öz səsi ilə tamamlayıb.
1897-ci ildə Şamaxıda anadan olmuş Ağasadıq Ağaəli oğlu Gəraybəyli milli teatrımızın inkişafı yolunda sənət fədailərindəndir. Milli teatrımızın klassiklərindən olan Ağasadıq Gəraybəyli 200-dən çox müxtəlif rollar oynayıb. 91 il yaşamış, unudulmaz iz qoymuş Ağasadıq Gəraybəyli çox mükafatlara, fəxri adlara, orden-medallara layiq görülüb. “O olmasın, bu olsun” filmində oynadığı Rüstəm bəy rolu aktyra şöhrət gətirib.
X. SƏFƏROĞLU