Modern.az

“Cahangir Novruzovsuz teatr batacaq hökmünü vermək olmaz” - SƏNƏTŞÜNAS

“Cahangir Novruzovsuz teatr batacaq hökmünü vermək olmaz” - SƏNƏTŞÜNAS

Mədəniyyət

13 Aprel 2025, 11:49

“Cahangir Novruzov məşhur sənətkar ailəsində dünyaya göz açıb. Bakıda, Moskvada  və Sankt-Peterburqda rejissorluq ixtisası üzrə təhsill alıb. Əvvəlcə Bakıda Musiqili, sonra Şəki teatrında ilk addımlarını atıb. 1975-ci ildə tarixi Nuxa (Şəki) Dövlət Dram Teatrı bərpa edilərək yenidən fəaliyyətə başlayanda o sənət ocağının dirçəlməsində böyük əməyi keçmiş, dünyasını tez dəyişmiş baş rejissor Vaqif Abbasov və onun mənəvi övladı sayılan Hüseynağa Atakişiyevdən sonra baş rejissor vəzifəsində adları çəkilən sənətkarların yolunu, dəst-xətti deyərdim ki, Cahangir Novruzov layiqincə davam etdirib. Təəssüf ki, yüksəlişə doğru istiqamət götürmüş Şəki teatrının parlaq nəticələri bir neçə il ötdükdən, əvvəlcə rəhmətlik Hüseynağa Atakişiyev, sonra Cahangir bəy Bakıya qayıtdıqdan sonra səngidi. Yeri gəlmişkən, sovet dövründən indiyədək paytaxt və bölgə teatrları arasında həmişə səviyyə fərqi nəzərə çarpıb. Çünki müəyyən dairələrin və cəmiyyətin münasibəti eyni olmayıb, onillərdir rayondakıların üstünə “əyalət” yarlığı yapışdırılıb”.

Bu fikirləri Modern.az-a tanınmış sənətşünas, jurnalist Seymur Elsevər deputat Səyyad Aranın Türkiyədə yaşayan rejissor Cahangir Novruzovun ölkəmizə dəvət olunması ilə bağlı təklifinə münasibət bildirərkən deyib.

S.Elsevərəin sözlərinə görə, Şəki teatrı vaxtilə uğurlu fəaliyyəti ilə sayılıb-seçilib, öndə gedib:
“Haqqında söhbət açdığımız sənət ocağının 1970-ci illərin sonu və 1980-ci iilərdə adı dillərdə gəzirdi, ürəyaçan fəaliyyəti nümunəydi. 1975-ci ildə oranın səhnəsində aktyor kimi ilk addımlarını atmış Hüseynağa Atakişiyev az vaxtda mənəvi müəllimi, baş rejissor Vaqif Abbasovdan öyrəndiklərini təcrübədən keçirmək imkanı qazanmışdı. Taleyin qismətindən başına gəlmiş faciədən sonra Vaqif müəllimin yaralı canı sağalmadı və o cavankən rəhmətə getdi. Belədə teatrın bütün ağırlığı, yükü Hüseynağa müəllimin üzərinə düşdü. Yeni rəhbər etimadı doğrultdu, kollektivdə qısa vaxtda əsl sənət əhval-ruhiyyəsi, mühiti formalaşdı. O dövrdə nəinki SSRİ-də, Avropada uğur qazandılar. Halbuki həmin illərdə SSRİ miqyasında tanınmaq bu gün Avropaya çıxmağa bərabərdir. Bəli, elə-belə məsələ deyildi, Şəki teatrı bunu bacarmışdı. Təəssüf ki, biz belə nailiyyətlərə indi demək olar, həsrətik. Bu gün mən Azərbaycan teatrında, xüsusilə də bölgələrdəki sənət ocaqlarında elə uğuru görməyi arzulayıram. İnşallah, ümid edirəm bizə bu xoşbəxtlik nəsib olar”.

S.Elsevərin sözlərinə görə, 1990-cı illər bütün ölkə üçün ağır dövr idi:

“Bizim çox sənətkarımız xaricə üz tutdu. O cümlədən Cahangir Novruzov da Türkiyəyə getdi. Orada dərs dedi, tamaşalar hazırladı. Otuz ilə yaxındır Türkiyədə çalışan Cahangir bəyin məhsuldar ömrünün çox hissəsi artıq xaricdə fəaliyyətdə keçib. Onun vətənə qayıtmaq mövzusu məndə olan məlumata görə, əvvəllər də bir dəfə gündəmə gəlmişdi. Musiqili teatra direktor, yaxud baş rejissor vəzifəsinə təyin ediləcəyi barədə fikirlər dolaşırdı. Nədənsə məsələ reallaşmadı. İndiyə gəlincə, birincisi Cahangir Novruzovun özünün bunu istəməsi vacibdir. O artıq müəyyən  sambala, təcrübəyə malik sənətkardır, öz gücünü göstərmək üçün meydan verilməlidir. Bölgədə işləmək variantını seçmək istəyi az inandırıcıdır. Bakıda da bilmirəm ona harada belə bir şərait yaradılar”.

“Səyyad Aran tanıdığım, salam-kəlamım olan deputat, qələm adamıdır. Amma teatr sənətinin xüsusiyyətlərindən yumşaq desək, xəbərsizliyindən fikrində çiylik var. Bəzi məqamlar nəzərə alınmalıdır. C.Novruzova rəsmi dəvətdən, onun razılıq məsələsindən tutmuş, harada meydan veriləcəyi, hansı şərtlərlə çalışacağınadək suallar çoxdur. Teatr incəsənətin sintetik və sinkretik növüdür. Tamaşa kollektiv əməyin məhsuludur. Bir nəfərin iradəsiylə gül-gülzar olacağını düşünmək xam xəyaldır. Allah eləməsin, Azərbaycan teatrı batırsa, yalnız Cahangir Novruzovun sayəsində onu xilas etmək mümkünsüzdür. Yaxud da Cahangir Novruzovsuz teatrımız batacaq hökmünü vermək olmaz. Bir adam nə qədər istedadı, peşəkarlığı, hətta, fövqəladə qabiliyyətilə seçilsə də, yalnız onun  sənət prosesini düzəldəcəyi, yönləndirəcəyi yanlış fikirdir”, - S.Elsevər qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?