Mahir Qabiloğlu
Hörmətli Qara müəllim, salam. Sizə yazan bizik – yeni qoyulan abidənizin ərazisində inşaat işləriylə məşğul olan fəhlələr. Yazırıq ki, gec də olsa Sizdən üzr istəyək. Qəbahətimiz böyükdür. Bu günəcən estrada ulduzlarımızı dinləmişik, kliplərinə sevə-sevə baxmışıq. Amma sizi, dünya şöhrətli musiqi xadimimizi tanımamışıq. Yaxşı ki, sizin 96 yaşınız ərəfəsində, dövlət səviyyəsində abidənizi qoydular. Artıq siz də, Fikrət Əmirov da, Bülbül də həm musiqi, həm də heykəltaraşlıq nümunəsisiniz. Azərbaycan və Dünya musiqisi qarşısında xidmətləriniz danılmazdır. Bu öz yerində.
Qara müəllim, inanmazsınız. Siz həm də bizə çörək verdiniz. Təkcə bizə yox.
2011-ci il noyabrın 28-də “Nizami” kinoteatrı təmir-yenidənqurma işlərindən sonra yenidən istifadəyə verildi. Bizim briqadaya da binanın içi yox, çölü, yəni ki, indi sizin heykəlininz qoyulan bağın abadlaşdırılması tapşırıldı. Biz də düzün desək, canla-başla işləyirdik. Bağa yanmış qranitdən üzlük döşədik. Yeni, qədim Bakı stilinə uyğun oturacaqlar qoyduq, işıqlandırma sistemi çəkdik. Yaşıllıqlar saldıq. Bir sözlə tamam dəyişdirdik. Bütün bunları edib oturduq yerimizdə. Yox, Mədəniyyət və Turizm Nazirliyindən təşəkkür məktubu-zad almadıq. Sadəcə çörəkpulumuzu qazandıq. Elə bekar qalmışdıq ki, dedilər gəlin iş var. Nə İş? Dedilər ki, asan işdir. Gətirdilər bizi təzədən o bağa. Dedilər ki, necə buranı düzəldibsiniz, eləcə də sökün-dağıdın. Əvvəl qorxduq. Elə bildik ki, nəyisə səhv eləmişik. Ona görə də özümüzə sökdürürlər. Pis olduq. Zənn etmişdik ki, pulumuzu verməyəcəklər.
Skameykaları maşınlara doldurduq. İşıq dirəklərini sökdük. Ağac, gül kollarını çıxartdıq. Yerə də nə qranit üzlük yapışdırmışdıqsa hamısını şumladıq. Pulumuzu da çıxarıb artıqlamasıyla verdilər. Dedilər ki, uzağa getməyin. Bəs burda Qara Qarayevin heykəlini qoyacağıq. Sizin hələ işiniz çoxdur. Bax onda Sizi tanımağa başladıq. Biz fəhlə babayıq. Opera, balet, simfoniyadan çox uzağıq. Təkcə Üzeyiri çox istəyirik. Yox, birdən Üzeyir Hacıbəyov başa düşərsiniz a... Üzeyir Mehdizadəni deyirik. Ara müğənnisi sayılır. Bomba mahnıları var.
İkinci, dedilər ki, bax yaxşı işləyin a... bu kişi dahi bəstəkar olmaqla yanaşı, həm də mədəniyyət nazirimizin əmisidir. Onun atasının adını daşıyır. Sevindik. Çünki köhnə mədəniyyət nazirinin atasına- Bülbülə heykəl qoyanda bir şey qazana bilməmişdik. Cəmi üç-dörd dənə 50 yaşı olan ağac kəsdik. Vəssalam. Bütün xeyri heykəltaraş, memar, bir də sifarişçi gördü. Qınamırıq. Sabiq nazirdən nə umasan ki...
Nə başınızı ağrıdaq. Bunu eşidib canla-başla işə başladıq. Bağın ərazisinə cilalanmış, par-par parlayan qranit döşəmə saldıq ki, yüz göz istəyir ki, tamaşa etsin. Xatırladaq ki, əvvəl bu yanmış ranitdən idi. Post-modernistdir, nədir.... Nəsə əndərabadi üslubda oturacaqlar, müasir işıqlandıqma sistemləri quraşdırdıq. Bakı mühitinə uyğun olmayan ağaclar əkdik. İşləri yüksək səviyyədə həyata keçirdik. Pulumuzu alıb qoyduq cibimizə.
Ayağınız o qədər ruzuludur ki, bizdən yenə əl çəkmədilər. Dedilər ki, bəs Bakıda demək olar ki, bütün heykəllərin altını qazıb dayanacaq tikirlər. Qara Qarayev kimdən əskikdir ki... Amma artıq gec idi. Digərlərindən geri qalmayasınız deyə, bağın sağ hissəsindən səki qarışıq 3 metr bağın içərisinə girdik. Piyadalara da dedik ki, canınız çıxsın yolun o tərəfindəki səkiylə gedin. Buranı asfaltladıq. Altı maşınlıq, müasir, pultla idarə edilən şlaqbaumlar quraşdırdıq. Qara müəllim, bu Bakı mühitində analoqu olmayan bir dayanacaq kimi tarixə düşdü. Pulumuzu aldıq qoyduq cibimizə. Yenə də əl çəkmədilər. Dedilər ki, bəs memar səhv edib. Bağ qəşəng görünsün və sizin qardaşınız oğluna xoş gəlsin deyə, cilalanmış, par-par yanan qranit üzlüklər döşəyib. Yağış- qar yağan kimi buz meydançasına dönür. Bəs hərəniz əlinizə bir laqunda götürüb, başlayın yonmağa. Dedik ki, əvvəlcə bura yanmış qranit salmışdıq da... Day niyə sökdürdünüz? Dedilər ki, çox danışmayın. Pulunuzu qazanın. Deyin ki, Allah Qara Qarayevə rəhmət eləsin. Nazirimizə də uzun ömür versin.
Nəyisə, Qara müəllim, sizdən çox razıyıq. Bu qış aylarında çörək verdiniz bizə. Amma onu da deyim ki, hələ işimiz qurtarmayıb. Xəbərləri yoxdur. Qranit döşəməni yonanda elə biabır hala salmışıq, çat-çat etmişik ki, 2-3 aydan sonra yenə təmirə bağlayacaqlar. İnciməyin, bəlkə abidənin altını qazıb dayanacaq da elədik.
Sizdən bir xahiş edək. Nəbadə soruşmayın ki, ay fəhlələr bağı sökdünüz tikdiniz. Təzədən sökdünüz, yenə tikdiniz. Əlavə parkovka yeri də yaratdınız. Təzədən döşəməni cırıq-cırıq elədiniz. Bu bağ dövlətə neçəyə başa gəldi? Köhnə bağdan çıxarılan skameykalar, işıq dirəkləri hansı istiqamətə aparıldı? Biz bunu deyə bilmərik. Balaca adamlarıq. Nəvaxtsa qardaşoğluyla görüşəndə soruşarsınız. Düzün o bilir. Bir də ki, nəyinizə lazım. Biz sizin musiqi yazmaq sirlərinizi soruşuruq? Onda Siz də bizim maliyyə işlərimizə qarışmayın. Nə yemişiksə, deyin Allah bərəkət versin. Dalı gəlsin.
Sizə isə söz veririk ki, bundan sonra ancaq Qara Qarayevin əsərlərinə qulaq asacağıq. Çünki çörəkverəni hamı sevir. İstər bəstəkar olsun, istərsə də nazir...