“Pasxa bayramı kilsə tarixində önəmli yer tutur”
Bunu Modern.az-a açıqlamasında Alov Xristian İcmasının sədri İdris Məmmədov deyib.
Onun sözlərinə görə, bu bayram məsihçilər arasında mütəmadi qeyd olunur:
“İsa Məsih 2025 il bundan əvvəl Yerusəlimə daxil olub. Həmin ərəfədə Yerusəlimdə din xadimləri tərəfindən ona şər atılır. Nəticədə həbs olunaraq çarmıxa çəkilir. Bu hadisə ona görə vacibdir ki, İsa Məsih çarmıxa çəkilməklə canını tapşırmır, satın alınmanı icra edir. Həmin hadisələri təqvimə görə baxsaq, ilk gün İsa Məsihin həbsi, ikinci gün çarmıxa çəkilməsi və ölməsi, bazar günü isə dirilməyi qeyd olunur. Məsihçi dünyası bu bayramın 2 məqamını qeyd edir. Biri satın alınmadır, ikinci məqam isə İsa Məsihin ölülər arasından dirilməsidir. İsa Məsih dirilmə ilə ona pənah gətirənlərin ölməyəcəyi ümidini verir”.
İ.Məmmədov qeyd edib ki, xristian icmaları bu bayramı hər il qeyd edirlər:
“Xüsusi qeydlər də sabahdan başlayacaq. Cümə axşamından İsa Məsihin əzablı günləri başlayır. Həmin gündə dualar edilir, iman edənlər bir araya gəlirlər. Bazar günü böyük bir bayram olur. Bu sözlərlərlə məsihçilər bir-birini tamamlayırlar “İsa Məsih dirildi, həqiqətən dirildi”. Bu bayramda da digər bayramlarda olduğu kimi qonşular bir-birinə sovqat aparıb təbrik etdiyi kimi təbrik edirlər. Bazar günü şirniyyatlar bişirilir və paylanılır. Burada da İsa Məsihin dirilməsi qeyd olunur və icmalarda süfrələr açılır”.