Modern.az

Sabahın məşhurları: Aydan Nuriyeva

Sabahın məşhurları: Aydan Nuriyeva

Mədəniyyət

13 May 2025, 09:30

Xankəndi Zəfər tarixi ilə bizə qürur verdiyi qədər, soy-kökü bu qədim yurd yerlərimizə bağlı olan soydaşlarımızın uğurları da qəlbimizi fəxarət hissi ilə döyündürür. 2025-ci il mayın 12-də söy-kökü Xankəndiyə bağlı olan, respublika və beynəlxalq müsabiqələr laureatı, xüsusi istedadı ilə seçilən və  tanınan Aydan Nuriyevanın (piano) Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “Musiqi dünyasına səyahət” adlı solo konserti   tamaşaçılarda xoş duyğular yaratdı. Səhnə mədəniyyəti, mükəmməl ifa, diqqət çəkən fəallıqla  müşayiət olunan, sürəkli alqışlarla yekunlaşan konsertdə  dünya şöhrətli Bethovenin, P.Çaykovskinin, V.Şopenin, S.Prokofyevin, R.Şumanın əsərlərindən nümunələr səsləndirildi.

Gəlin, Aydan Nuriyevanı yaxından tanıyaq.

2010-cı ildə Moskva şəhərində anadan olan Aydan Nuriyeva Qarabağın dəyərli ziyalısı, nəcib insan kimi xatirələrdə yaşayan, bütün şüurlu həyatını keçmiş Dağlıq Qarabağda, o cümlədən Xankəndidə maarifin, elmin yüksəlməsinə sərf edərək, pedoqoji fəaliyyəti ilə böyük hörmət qazanmış,   DQMV Xalq Maarif şöbəsinin müdir müavini vəzifəsinədək yüksəlmiş  Baxış Cahangirovun nəticəsi, Xankəndidə dünyaya göz açmış dəyərli həmkarımız – uzun illər SİTA-nın İstanbul təmsilçisi olmuş Azər Cahangirovun nəvəsidir.    

 Aydan ilk musiqi  təhsilini 4 yaşında nənəsindən - Rusiya Federasiyasının Ümumtəhsil Fəxri İşçisi, "Moskva Qrantı" mükafatı laureatı Nəzirə  Cahangirovadan alıb.

Aydan Nuriyeva 6 yaşında Moskvada "Vdoxnovenie" Uşaq İncəsənət Məktəbinə daxil olaraq, Rusiya Federasiyasının Ümumtəhsil Fəxri İşçisi, "Moskva Qrantı" mükafatı laureatı Yelena   Litvinanın sinfində musiqi təhsilini  davam etdirib.  Yelena Litvinaya Aydana hələ kiçik yaşlarında ikən yüksək dəyər verib:

"Aydan təhsilin ilk günlərindən musiqi istedadı, yüksək peşəkarlıq və yaradıcı potensialı ilə seçilirdi. O, böyük həvəslə çalışır, çox zəhmətkeşdir, ağıllıdır, geniş təxəyyül və iş qabiliyyətinə malikdir. Aydan gündəlik peşəkar işlərdən zövq alır və xüsusilə səhnədə çıxış etməyi sevir. Onun əsas xüsusiyyətləri - musiqi əsərlərinin emosional ifadəçiliyi, artistlik və xarizmatikliyidir. Onu dinləmək çox maraqlıdır." 

Hələ 8 yaşlındaikən azərbaycanlı qız pərəstişkarlarını heyran edə bilib. Aydan Nuriyeva Moskvada keçirilən gənc fortepianoçular müsabiqəsinin laureatı olub. Cənubi Koreyadan olan azyaşlı Kim Na Rin ilə Bethovenin sonatasını və Aleksandr Qlazunovun valsını ifa edib. 

Kiçik yaşlarından uğurlara imza atan Aydan Çaykovski adına Moskva Dövlət Konservatoriyasının təmsilçisi, Rusiyanın xalq artisti Vladimir Ovçinnikov   tərəfindən "Artistizm qabiliyyətinə" görə mükafatı ilə də təltif olunub.

Aydan Nuriyeva müxtəlif illərdə keçirilmiş “Sozvuçiye” VI açıq incəsənət festivalının, “Rusiyanın gənc musiqiçiləri” I Beynəlxalq müsabiqəsinin, S.İ.Taneyev  adına Gənc pianoçuların Beynəlxalq  festival-musabiqəsinin, “Barakko rəngləri” Gənc ifaçıların II Beynəlxalq festivalının,  “Dünya gənc musiqiçıləri” I Beynəlxalq şəbəkə musiqi festivalının, “Gələcəyin ulduzları” adlı XVI Beynəlxalq  festivalının və s. laureatıdır.

Aydan Nuriyeva həmçinin 2018-ci ilin iyun ayında I Beynəlxalq "Rusiyanın Gənc Musiqiçiləri" müsabiqəsində "Musiqi perspektivi" xüsusi diplomuna layiq görülüb. 2019-cu ilin aprel ayında   S.İ.Taneyev adına V Beynəlxalq Fortepiano Festivallarının, 2020-ci ilin may ayında   II Beynəlxalq "Dilly Melody"  instrumental yaradıcılıq müsabiqəsinin, XII Moskva "Ustalığa addımlar" gənc pianoçular müsabiqəsinin, 2020-ci ilin dekabrında "Moskva dostları qarşılayır" Beynəlxalq Festivalının  və s. qalibi olub. Aydan   2019-cu ildə İtaliyanın Qrosseto şəhərində, 2020-ci ildə   XII Moskva "Ustalığa addımlar" gənc pianoçular müsabiqəsinin, 2020-ci ildə Spivakov Fondunun təşkilatçılığı ilə keçirilən XVII konsert marafonunda  da  qaliblər sırasında olub.    

Müsabiqələrdə iştirakı ilə yanaşı, Aydan P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov zalında, "Qradski Hall" konsert zalında (Moskva), "Tsarskoye Selo" Dövlət Muzeyinin zalında (Sankt-Peterburq), Moskvada Xalq Təsərrüfatı Nailliyyətləri Sərgisinin "Azərbaycan" pavilyonunda, Nyu-York Carnegie Hallda, İtaliyanın Qrosseto əyalətində Duomo di San Lorenzo kilsəsindəki çıxışlarında yaddaqalan ifaçılardan biri olub, müxtəlif mükafatlara layiq görülüb.

2022-ci ilin fevralında Aydanın ailəsi Bakıya köçüb. Həmin ilin sentyabrında Aydan Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Əməkdar müəllimi Adilə   Rəhimovanın sinfinə qəbul olub və konsert fəaliyyətini uğurla davam etdirib. Belə ki, "Tutti" gənclər kamera orkestri ilə birgə çıxışlarında  (bədii rəhbər və dirijor — Azərbaycanın xalq artisti Teymur Göyçayev),  M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında və Kamera Orqan Musiqi Zalında ("Kirxa") konsertlərində,  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş qala konsertində, Üzeyir Hacıbəyli  adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə çıxışında (dirijor - Azərbaycanın əməkdar artisti Fuad İbrahimov)   lahiyəsi çərçivəsində keçirilən konsertdə iştirak edərək  tamaşaçıların böyük  rəğbətini qazanıb.

Aydan Nuriyeva   2023-cü ildə  ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş IV Respublika müsabiqəsinin I dərəcəli laureatı  və  XVI "Future stars" Beynəlxalq Klassik Musiqi Festivalının   II dərəcəli laureatı adlarına da layiq görülüb.  

Rusiyanın əməkdar müəllimi, beynəlxalq müsabiqələr laureate  Mira   Marçenko,   Rusiyanın əməkdar mədəniyyət işçisi  Natalya Folomeşkina,  Moskva Konservatoriyasının dosenti  Tatyana  Titova,   Gürcüstanın Əməkdar artisti Nino  Katamadze,   “Italia Giovani Musicisti Russi" festivalının rəhbəri  Qalina Çistyakova, Moskvadakı  "İnnovasiya Ustaları Məktəbi"nin rəhbəri Vera Kameneva kimi   tanınmış sənətçilərdən ustad, həm də fərdi dərslər alan Aydan Nuriyeva hal-hazırda Azərbaycanın əməkdar incəsənət xadimi, beynəlxalq və respublika müsabiqələri laureatı, professor Kəmalə Neymanovanın tələbəsidir.

15 yaşlı Aydana yeni-yeni uğurlar diləyirik. Əminik ki, xüsusi ifaçılıq istedadına malik olması ilə digər yaşıdlarından fərqlənən istedadlı, bacarıqlı Aydan Nuriyeva sabahın məşhurları sırasında olacaq.        

Hilmət Xudiyev,
Əməkdar jurnalist

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu