Həmyerlimiz, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kafedra müdiri, sosiologiya elmləri doktoru, professor Ağamalı Məmmədovun səhnə əsəri Yakutiyada tamaşaya qoyulub.
Modern.az xəbər verir ki, “Şüşə üzərində” pyesinin motivləri əsasında səhnələşdirilən “Qarın nəfəsi” adlı tamaşanın ilk premyerası paytaxt Yakutskdakı P.A.Oyunski adına Saxa Akademik Teatrında reallaşdırılıb.
Ağamalı Məmmədov saytımıza açıqlamasında əsərində vətəndən uzaqda yaşayan mühacirin tənhalıq həyatından, qürbət hissi yaşayan fərdin özünə qayıtmaq mövzusundan bəhs olunduğunu bildirib.
Ömrünün 40 ildən çoxunu Rusiyada, 20 ilindən çoxunu Yakutiyada yaşayan həmyerlimiz deyib: “Məncə, hər bir savadlı insan bu yer üzündə niyə və nə üçün yaşadığını, nələr edə biləcək qabiliyyətinə malikdir. Hər bir insan kamilləşdikcə, öz məninə, köklərinə qayıtmağı arzulayır. Məni həmişə bir sual düşündürüb, görəsən, öz Vətənindən kənarda yaşayan hər kəs xalqının, millətinin qayğısına qalır, ya öz kökündən uzaqlaşır? Düşünürəm ki, tamaşada bu suallara cavab verilib”.
Qeyd edək ki, 19 yaşından Moskvada yaşayan Ağamalı Məmmədov Rusiya Prezidentinin Mədəniyyət üzrə Premiya mükafatçısı və Potanin Fondunun "Educatıon-Online Grant" mükafatçısıdır. O həm də sosiologiya sahəsində 52 kitabın, 250 sayda məqalənin müəllifidir, 60-dan çox konfransda məruzəçi kimi çıxış edib.