Sosial mediada Xalq artisti Alim Qasımovun rep ifa etdiyi video yayılıb.
Görüntülər müzakirələrə səbəb olub. Bəziləri muğam ustasını bu hərəkətinə görə tənqid edib, bəziləri onun müdafiəsinə qalxıb.
Məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Modern.az-a bildirib ki, Alim Qasımov uzun illər Azərbaycan mədəniyyətini dünyada təmsil edən ən nəhəng sənətkarlarımızdan biridir:
“Onun zarafatla nəyisə fərqli ifa etməsi qüsurlu deyil, əksinə onun sənətkarlığının daha da zənginləşməsinə və dəyərlənməsinə xidmət edir”.
İctimaiyyətdə ciddi müzakirə olunan bu məsələyə S. Cəlaloğlu normal baxdığını vurğulayıb:
“Alim Qasımov orada peşəkar kimi rep ifa etməyib, Alim Qasımov bütün dünyada Azərbaycan muğam sənətini ən yüksək səviyyədə təmsil edən sənətkardır. Yəqin ki, öz diapazonunu həm də repdə yoxlamaq istəyib, burada heç bir qəbahət yoxdur”.