Tarixdə elə liderlər var ki, yalnız siyasi qərarları və dövlət quruculuğundakı rolu ilə deyil, həm də mədəniyyətə olan münasibəti ilə yadda qalır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev məhz belə şəxsiyyətlərdən idi. Onun dövlətçilik strategiyası yalnız iqtisadi və siyasi sabitliklə kifayətlənmirdi, o həm də xalqın ruhunu yaşadan, milli kimliyi formalaşdıran mədəniyyətə də eyni həssaslıqla yanaşırdı. Teatr salonlarında aktyorların oyununu diqqətlə izləyən, şeir bəndlərini əzbər deyən, muğamın incəliklərini anlayan və sənət adamlarına dərin hörmət bəsləyən Heydər Əliyev mədəniyyətin sadəcə estetik yox, strateji əhəmiyyətini bilirdi.
Hakimiyyətə gəldiyi ilk gündən mədəniyyət sahəsinə xüsusi qayğı göstərən dövlət başçısı ən çox sevdikləri barədə sağlığında Azərbaycan mediasına açıqlama verib. Onun mədəniyyətə aid suallara anında cavab verməsi jurnalistlərin diqqətindən yayınmırdı.
Modern.az Heydər Əliyevin mədəniyyət sahəsində ən sevdiklərini təqdim edir.
Ən sevdiyi şeir: Səməd Vurğun - “Azərbaycan”
Şeir 1949-cu ildə yazılıb. Bu dövr Sovet Azərbaycanının ideoloji çərçivələri daxilində olsa da, Səməd Vurğun şeirdə milli duyğuları ustalıqla ifadə etməyi bacarıb.
Şeir ilk dəfə "Ədəbiyyat və incəsənət" qəzetində çap olunub və dərhal oxucular arasında böyük rəğbət qazanıb.
“Azərbaycan” vətənpərvərlik mövzusuna həsr olunub və ölkə təbiətinin, insanının, tarixinin və mədəniyyətinin tərənnümüdür.
Əsərdə təkcə təbiət gözəllikləri deyil, eyni zamanda xalqın mübarizə ruhu, keçmişi və gələcəyi də öz əksini tapır.
Şeirin ən təsirli və məşhur misrası “El bilir ki, sən mənimsən” sətri ilə başlayan ikinci misradır. Heydər Əliyev bir çox tədbirdə səsləndirdiyi bu misra bəzən onun kövrəlməsinə də səbəb olub.
Ən sevdiyi şair: Şəhriyar
Məhəmmədhüseyn Behcət Təbrizi, ədəbi təxəllüsü ilə Şəhriyar 1906-cı il yanvarın 2-də Təbriz şəhərində anadan olub. Təhsil həyatına doğma şəhərində başlasa da, sonradan Tehranda tibb sahəsində ali təhsil alıb. Lakin poeziyaya olan sevgisi onu şairlik yoluna yönəldir. Bu sahədə ilk ciddi addımlarını fars dilində atan Şəhriyar qısa müddətdə dövrünün tanınmış ədibləri sırasında yer aldı.
Tehranda və digər şəhərlərdə müəllimlik edən Şəhriyar həm fars, həm də Azərbaycan türkcəsində əsərlər qələmə alıb. Onun lirik duyğularla zəngin şeirləri, dini motivli qəzəlləri və məhəbbət mövzusunda yazdığı poetik nümunələr bu gün də aktuallığını qoruyur.
Şəhriyarın Azərbaycan ədəbiyyatında xüsusi yer tutmasının əsas səbəbi onun 1954-cü ildə yazdığı “Heydərbabaya salam” adlı poemasıdır. Bu əsər yalnız kəndin təbiətinə, uşaqlıq xatirələrinə və sadə kənd həyatı ilə yanaşı, ümumən ana dilinə, milli kimliyə və mənəvi dəyərlərə ünvanlanan poetik əsər hesab olunur. Təbrizin Qaraçuxur kəndi yaxınlığındakı Heydərbaba dağı bu əsərdə xalq yaddaşının və şairin uşaqlıq duyğularının rəmzinə çevrilir.
Poema Azərbaycan türkcəsində yazıldığına görə, həm Cənubi, həm də Şimali Azərbaycanda geniş oxucu auditoriyası qazanıb. Sovet dövrünün ideoloji çərçivələrinə baxmayaraq, bu əsər Şimali Azərbaycanda sürətlə yayıldı.
Məhəmmədhüseyn Şəhriyar 1988-ci il sentyabrın 18-də Tehranda vəfat edib və doğma Təbrizdə, məşhur “Maqbarətüş-şüəra” (Şairlər məqbərəsi) adlı yerdə dəfn olunmuşdur. Onun vəfat günü 18 sentyabr İran İslam Respublikası tərəfindən “Milli Şeir Günü” kimi qeyd olunur.
Ən sevdiyi mahnı: Tofiq Quliyevin mahnıları
Tofiq Quliyev 1917-ci il noyabrın 7-də Bakıda anadan olub. Uşaqlıqdan musiqiyə xüsusi maraq göstərən Tofiqin bu həvəsi onu əvvəlcə Azərbaycan Dövlət Konservatoriyasına, sonra isə Moskva Konservatoriyasına aparır. O, burada professional musiqi təhsili alır, Avropa və dünya musiqi mədəniyyətinin klassik qaynaqları ilə tanış olur. Lakin T. Quliyev bu bilikləri yalnız kopyalamaq üçün deyil, Azərbaycan musiqisi üçün yeni bir sintez yaratmaq məqsədilə istifadə edir.
Tofiq Quliyev 1930-cu illərdən etibarən musiqi həyatında fəal rol oynamağa başlayır. O, ilk caz orkestrlərindən yaradılmasında iştirak edir və bu sahədə pioner hesab olunur. Azərbaycan xalq melodiyalarını caz musiqisinin formalarına uyğunlaşdıraraq təqdim etməsi onun musiqidə nə qədər yenilikçi olduğunun göstəricisidir.
Bəstəkarın yaradıcılığında mahnılar xüsusi yer tutur. O, musiqilərində xalq motivlərini qorumaqla yanaşı, onları yeni melodik forma və orkestr tərtibatı ilə zənginləşdirirdi. Tofiq Quliyevin bəstələdiyi “Azərbaycan” mahnısı bu gün də milli ruhun musiqidəki ifadəsi kimi qəbul olunur. Rəsul Rzanın sözlərinə yazılmış bu əsər Tofiq Quliyevin musiqi dili ilə xalqın vətən sevgisini birləşdirməsinin parlaq nümunəsidir. “Sənsiz”, “Qızıl gül olmadı”, “Bəxtəvər oldum”, “Gəl inad etmə” kimi mahnıları da uzun illərdir dillər əzbəridir.
Tofiq Quliyev həm də teatr və kino sahəsində də mühüm işlər görüb. O, bir çox filmlərə və tamaşalara musiqi bəstələyib. “Qızmar günəş altında”, “Telefonçu qız” kimi filmlərə yazdığı musiqilər həmin ekran əsərlərinin ruhunu formalaşdıran əsas amillərdən biri olub.
O, Azərbaycan SSR Xalq artisti fəxri adına, Dövlət mükafatlarına və “Şöhrət” ordeninə layiq görülüb. Bəstəkar 2000-ci il oktyabrın 4-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Ən sevdiyi pyes: Cəlil Məmmədquluzadənin “Ölülər”
Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olan Cəlil Məmmədquluzadə XX əsrin əvvəllərində xalqının mənəvi oyanışı və azad düşüncəyə çıxışı üçün dərin məzmunlu əsərlər yazıb. Onun ən məşhur və təsirli pyeslərindən biri olan “Ölülər” əsəri cəmiyyətin mənəvi durğunluğuna, zehni və əxlaqi geriliyinə qarşı yazılmış ədəbi ittihamnamə hesab edilir.
“Ölülər” pyesi 1909-cu ildə yazılsa da, onun ilk tamaşası yalnız 1916-cı ildə Tiflisdə gerçəkləşmişdir. Əsərin səhnələşdirilməsi çətinliklər yaradılır, bəzi dairələr tərəfindən etiraz və qadağalar qoyulur. Bunun başlıca səbəbi əsərdə dini fanatizm, xurafat, xalqın savadsızlıq içində istismarı və mollaların gerilikçi rolunun sərt tənqid olunması idi.
Cəlil Məmmədquluzadə bu əsərlə oxucunu sadəcə düşündürmək deyil, mənəvi silkələmək məqsədi güdür. O, “ölü” anlayışını simvolik səviyyəyə qaldıraraq göstərir ki, bəzən yaşayanlar ölü kimidir. O, düşünməyən, sorğulamayan, kor-koranə itaət edən və həyatın mənasını itirmiş insanları ölü adlandırır.
Pyesin hadisələri qəbiristanlıqda baş verir. Bu qəribə seçim ilk baxışda qeyri-real təsir bağışlasa da, müəllifin bu məkana yüklədiyi məna dərhal üzə çıxır: əsl “ölülər” qəbiristanlıqda deyil, gündəlik həyatda gəzənlərdir.
Əsərin əsas qəhrəmanı Şeyx Nəsrullah xalqın dini duyğularını istismar edən saxta mənəviyyat təmsilçisidir. O, “ölüləri diriltmək” adı ilə insanları aldadır, sadə xalqı möcüzə adı ilə manipulyasiya edir və fanatizmi yayır. Bu obraz əslində Məmmədquluzadənin Şərq aləmində geniş yayılan gerilikçi dini təbəqəyə qarşı sərt tənqididir.
Pyesin digər mühüm personajı İsgəndər maarifçi, mütərəqqi düşüncəli bir insandır. O, cəmiyyətdə dəyişikliklər etmək, insanları “oyatmaq” istəyir, lakin toplumun düşüncə cəhətdən dərin yuxuya getmiş olması bu cəhdin nə qədər çətin və nəticəsiz olduğunu göstərir.
“Ölülər” Azərbaycan dramaturgiyasında ilk fəlsəfi-satirik dram nümunələrindən biri sayılır. Cəlil Məmmədquluzadə bu əsərlə yalnız ədəbiyyat meydanında deyil, maarifçilik və düşüncə azadlığı sahəsində də öncül mövqedə dayanmışdır.
Ən sevdiyi bəstəkar: Üzeyr Hacıbəyli
Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Şuşa şəhərində anadan olub. Şuşa həmin dövrdə Azərbaycanın mədəni mərkəzlərindən biri kimi tanınırdı və bu mühit onun yaradıcılıq potensialının formalaşmasında mühüm rol oynayır. Gənc yaşlarından musiqiyə maraq göstərən Üzeyir bəy ilk təhsilini mədrəsədə alsa da, tezliklə rus-tatar məktəbində oxumağa başlayır, sonra isə müəllimlər seminariyasına daxil olur. Təhsilini davam etdirmək məqsədilə o, əvvəlcə Tiflisə, daha sonra isə Peterburqa gedərək musiqi nəzəriyyəsini, Avropa klassiklərini dərindən öyrənir.
1908-ci ildə yazdığı “Leyli və Məcnun” operası ilə Üzeyir Hacıbəyli bütün Şərq aləmində yeni bir ənənənin əsasını qoydu. Bu əsər Şərqdə ilk opera nümunəsi kimi tarixə düşdü. Muğamla klassik Avropa operasının sintezindən doğan “Leyli və Məcnun” milli musiqi teatrı yaratdı.
Ardınca gələn “Əsli və Kərəm”, “Şah Abbas və Xurşid Banu” və digər operaları bu məktəbin möhkəmlənməsinə xidmət etdi. Onun 1913-cü ildə yazdığı “Arşın mal alan” operettası isə təkcə milli deyil, həm də beynəlxalq səviyyədə tanındı. Bu musiqili komediya sonralar dünyanın 60-dan çox ölkəsində səhnəyə qoyuldu, bir neçə dəfə ekranlaşdırıldı və Azərbaycanın mədəni vizit kartına çevrildi.
Üzeyir Hacıbəyli yalnız musiqi bəstələməklə kifayətlənmirdi. O, bu sahənin elmi əsaslarını da yaratmaqla məşğul olurdu. 1920-ci illərdə onun təşəbbüsü ilə Azərbaycanda musiqi təhsili sistemli şəkildə qurulmağa başladı. O, Azərbaycan Dövlət Konservatoriyasının ilk rektoru olub, burada həm pedaqoji, həm də təşkilati fəaliyyət göstərib. Eyni zamanda o, muğamların elmi şəkildə təhlilinə başlayır, xalq musiqisinin nota alınmasında və orkestr üçün işlənməsində mühüm rol oynayıb.
1937-ci ildə Üzeyir Hacıbəylinin yaradıcılığında daha bir zirvə olan “Koroğlu” operası hazırlanır. Bu əsər Azərbaycan xalqının qəhrəmanlıq ruhunu, azadlıq istəyini, zalımlara qarşı mübarizəsini simvolizə edən bədii və musiqi şedevridir. “Koroğlu” operası musiqi baxımından zəngin orkestr tərtibatı, xor səhnələri və güclü dramaturji xətti ilə seçilir. Bu əsər Üzeyir bəyin yalnız bəstəkar deyil, həm də milli ruhun daşıyıcısı olduğunu sübut edir.
Üzeyir Hacıbəyli həm də tanınmış publisist idi. O, “Həyat”, “İrşad”, “Molla Nəsrəddin” kimi nəşrlərdə çıxış edərək cəhalətə, xurafata və qadın hüquqlarının tapdanmasına qarşı kəskin mövqe sərgiləyirdi. Onun maarifçi yazıları, satirik məqalələri və tənqidi fikirləri ədəbiyyat və mətbuat tarixində xüsusi yer tutur. O, sözlə xalqın fikrini oyatmaq, təhsilə və maarifə yönəltmək missiyasını daşıyırdı.
Üzeyir Hacıbəyli 1948-ci il noyabrın 23-də vəfat etmişdir. O, Fəxri Xiyabanda dəfn olunmuş və Azərbaycan xalqı tərəfindən böyük ehtiramla yad edilir. Onun adı bu gün Bakı Musiqi Akademiyasına, fonda, konsert salonlarına və beynəlxalq musiqi festivalına verilib.
Üzeyir Hacıbəylinin doğum günü 18 sentyabr Azərbaycan Respublikasında Milli Musiqi Günü kimi qeyd olunur.
Ən sevdiyi dramaturq: Hüseyn Cavid
Hüseyn Cavid 24 oktyabr 1882-ci ildə Naxçıvan şəhərində ruhani ailəsində anadan olub. Orta təhsilini əvvəlcə mədrəsədə, sonra isə Naxçıvan şəhər məktəbində alan Cavid, daha sonra Tiflisdə müəllimlər seminariyasında oxuyur, ardınca isə İstanbula gedərək “Darülfünun” universitetində fəlsəfə və ədəbiyyat təhsili alır.
İstanbul illəri onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb, burada Şərq və Qərb fəlsəfəsi ilə tanış olan Hüseyn Cavid poeziyaya da bu fikirləri gətirir.
Hüseyn Cavid Azərbaycan ədəbiyyatında romantik dram janrının əsasını qoyan şəxsiyyət hesab olunur. Onun ədəbi yaradıcılığı müasir insanın mənəvi dünyasını, vicdan və əqidə mübarizəsini əks etdirən güclü bədii təhlillərlə zəngindir.
Cavidin “Şeyx Sənan” (1914), “İblis” (1918), “Peyğəmbər” (1922), “Topal Teymur”, “Xəyyam”, “Səyavuş” kimi əsərləri təkcə Azərbaycan ədəbiyyatı deyil, ümumtürk və dünya ədəbiyyatının fəlsəfi düşüncə istiqamətindəki mühüm örnəkləridir.
Cavidin ən məşhur əsərlərindən biri olan “İblis” pyesi insanın daxilindəki xainlik, müharibə və qan tökülməsinə susqunluq, eyni zamanda, əqidə və əxlaq qarşıdurmasını qabarıq şəkildə göstərir. Burada İblis insanın mənəvi çöküşünün və zəifliyinin simvoludur.
Əsər həm də sosial-siyasi tənqid vasitəsidir. Cavid burada böyük güclərin törətdiyi faciələri, xalqların bir-birinə qırğınını tənqid edərək bəşəriyyətin əxlaqi məsuliyyətini gündəmə gətirir.
1937-ci ilin repressiyaları Hüseyn Cavidin də həyatına qara kölgə saldı. Siyasi ittihamlarla həbs olunan şair 1937-ci ildə Sibirə – İrkutsk vilayətinin Tayşet rayonuna sürgün edilir. Bu sürgün zamanı o, ağır şəraitdə yaşayır və 1941-ci ildə Tayşetdə dünyasını dəyişir.
Hüseyn Cavidin adı yalnız 1956-cı ildə bəraət aldı. Daha sonra onun əsərləri yenidən çap olunmağa, səhnəyə qoyulmağa başladı. 1996-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə Cavidin nəşi Tayşetdən Naxçıvana gətirilərək dəfn olundu.
Ən sevdiyi sənətkar: Ömər Eldarov
Ömər Eldarov 1927-ci il dekabrın 21-də Dağıstanın Derbent şəhərində anadan olub. Uşaqlıq illərindən bədii qabiliyyəti ilə seçilən Ömər Eldarov sonradan Bakıya köçür və burada sənət təhsilinə başlayır. 1945-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirən Eldarov, daha sonra təhsilini Leninqrad (indiki Sankt-Peterburq-red) Bədayeçilik İnstitutunda davam etdirir.
Bu təhsil yolu onun yaradıcılığında klassik rus heykəltəraşlıq məktəbinin təsirlərini göstərsə də, Ömər Eldarov bu təməli Azərbaycan milli ruhu ilə birləşdirərək özünəməxsus, təkrarolunmaz sənət üslubu formalaşdırıb.
Onun yaratdığı portretlər arasında Azərbaycanın elm, ədəbiyyat və siyasət tarixində iz qoymuş şəxsiyyətlərin heykəlləri xüsusi yer tutur. Nizami Gəncəvi, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi kimi ziyalıların obrazlarını yaratmaqla, Ö. Eldarov bir növ milli yaddaşı heykəllərlə danışdırır.
Ömər Eldarovun yaradıcılığının zirvələrindən biri şübhəsiz ki, Hüseyn Cavidin Naxçıvanda ucaldılmış məqbərəsi hesab olunur. Heydər Əliyevin təşəbbüsü tarixin ədalətsizliyinə qarşı sənətkar etirazına çevrilib. Bu abidədə Cavidin idealizmi, qüruru və əzabkeş həyatı bədii dillə daş üzərində əbədiləşdirilib.
Ömər Eldarovun fəaliyyəti yüksək dövlət təltifləri ilə qiymətləndirilmişdir: O, SSRİ Xalq rəssamı, Azərbaycanın Xalq rəssamı fəxri adlarına, eyni zamanda Şöhrət, İstiqlal və Heydər Əliyev ordenləri ilə təltif olunub. Ömər Eldarov Beynəlxalq sərgilərdə dəfələrlə təmsil olunaraq Azərbaycan heykəltəraşlığını dünyaya tanıdıb. O bu ilin dekabrında 97 yaşını qeyd edəcək.