Akif Cabbarlı
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən Muğam müsabiqələri gənc ifaçıların yaradıcılıq potensialının üzə çıxarılması, xalq musiqisinin yaşadılaraq yeni nəsillərə ötürülməsi və Azərbaycan musiqi sənətinin beynəlxalq aləmdə tanıdılması ilə bağlı həyata keçirilən əvəzolunmaz mədəni tədbirlərdən biri hesab olunmalıdır. Sayca 9-cu Muğam müsabiqəsinin gedişini izləyən milyonlarla tamaşaçı, dinləyici və muğamsevərlər hamılıqla bu qənaətdədir və bu yazının müəllifi də onlarla tam həmfikirdir. 2005-ci ildə keçirilən ilk müsabiqəni bütün təfərrüatı və aydınlığı ilə yaxşı xatırlayıram. Onu da deyim ki, o vaxtdan bütün müsabiqələri əvvəldən axıra izləməyə çalışmışam və qaliblərin əllərini sıxmağı və müsiflər heyəti üzvlərinə ifaçılara obyektiv və dürüst yanaşmalarına görə təşəkkür etməyi özümə borc bilmişəm.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin 120 illiyinə həsr olunan ilk müsabiqədə tamaşaçıların və münsiflər heyətinin yekdil rəyinə və səsvermənin yekununa görə Təyyar Bayramov və Babək Niftəliyev müsabiqənin qalibləri elan olunublar. 2007 – ci ildə keçirilən müsabiqədə Ehtiram Hüseynov, Nasir Ətapur və Rəvanə Ərəbova, 2011-ci ildə baş tutan yarışmalarda Mirələn Mirələmov, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Ariz Hüseyinov, Nigar Şabanova, Mustafa Mustafayev, 2013-cü ildə keçirilən müsabiqədə Murad Əbdüləzimov, Mirpaşa Şükürov, Sərxan Bünyadzadə, Xətai Hacıyev adlarını qaliblər sırasına yazdırıblar. Sonrakı müsabiqələrdə Məhəbbət Səfərov, Sədəf Budaqova, Rəvanə Əmiraslanova, Almaxanım Əhmədli, Pərviz Qasımov, Daşqın Kürçaylı və digər istedadlı gənclər Böyük Muğam Evinə vəsiqə qazanıblar. Bu adlar muğama dərindən bələd olan hər kəsə yaxşı tanışdır və yaxşı bilirik ki, onlar indi yeniyetmələri böyük səhnəyə hazırlayan müəllimlərlə, peşəkar musiqiçilərlə bir sıradadırlar.
Azərbaycanın ustad musiqiçiləri və şeir - sənət biliciləri - Xalq artistləri Vamiq Məmmədəliyev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Mələkxanım Eyyubova, Sərdar Fərəcov, Nəzakət Teymurova, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi 9-cu Muğam Müsabiqəsi iştirakçılarına obyektiv yanaşmalarına görə tamaşaçılar tərəfindən alqışlarla qarşılnırlar. Onların haqlı iradları, tövsiyə və tapşırıqları hər kəsin ürəyindən xəbər verir. Çünki münsiflərin heç birinin çıxışında hər hansı bir qərəz hissi, biganəlik meyli duyulmur. Yeganə məqsəd odur ki, ifaçılar səhvlərini başa düşsünlər, səslərinin cilalanmasına, mətnlərin dərindən öyrənilməsinə çalışsınlar, muğamın aliliyinə ucalmağı bacarsınlar.
Hələ o qədər də bərkdən – boşdan çıxmamış, bulaq suyu kimi saf, bakirə səsləri ilə, muğam oxuma tərzlərinin, texnologiyalarının dəqiqləşdirilməsi yolunda axtarışları və səhnəqrafiya prinsiplərini tam müəyyənləşdirməmələri ilə təbiidirlər, gözəldirlər, dəyərlidirlər. Öz müəllimlərindən, ustadlarından öyrəndiklərini hər kəsin, eləcə də özlərinin ürəyincə ifadə etmək cəhdləri büllur səslər bəhsləşməsinin ecazkarlığına minbir naxış vurur. Onların hər biri qarşıdakı yolun elə də hamar olmadığını yaxşı dərk edir və ustad sənətkarların imtahanından üzüağ çıxmaq iddiasındadır. Bu müsabiqədə kimin qalib olacağını indidən söyləmək əlbəttə çətindir. Amma iştirakçılar arasında ümidverici ifaçıların olması şəksizdir. Elə ilk 10-luğu qazanan və bu rəqəmin sayını asanlıqla artıran Aytac kimi. Təbii ki, müsabiqənin sonunadək aytacların daha bir neçəsi boy göstərəcək, tamaşaçıları və müsifləri heyrətləndirəcəklər. Müsabiqənin aparıcıları Xədicə Nəzirova və Mümtaz Xəlilzadə dinləmələri olduqca bacarıqla idarə edir, ifaçılarla münsiflər heyətinin üzvləri, eləcə də tamaşaçılarla canlı ünsiyyət körpüsünü qurmaqda əvəzsiz rol oynayırlar. Səhnə arxasında intizarla növbəsini gözləyənlər, daha sonra musiqiçilər, aparıcılar, münsiflər heyətinin üzvləri və tamaşaçılar... Daha sonra mavi ekran qarşısında çıxışları diqqətlə və həyacanla izləyən milyonlarla tamaşaçı. Bu silsiləni bütövləşdirən qəribə bir üzvi bağlılıq var və hər kəsin də ürəyindən bir arzu keçir-kaş ki, ifaçı hansısa misranı unutmayaydı, səsi qırılmayaydı, pərdədən çıxmayaydı. İntizar, həyəcan və... uğurlu sonluq.
Musiqiçilərin gənc ifaçıları son dərəcə məharətlə müşaiyət etməsi də razılıqla qarşılanır. AzTV-nin səriştəli və təcrübəli rejissor, redaktor və operator heyəti, ümumiyyətlə bütün yaradıcı və texniki personal öz işinin öhdəsindən bacarıqla gəlir, müsabiqənin çoxsaylı tamaşaçı kütləsinə yüksək bədii və texniki keyfiyyətlə çatdırılmasında müstəsna xidmətlər göstərir. Ana Televiziyamızın bütün yaradıcı kollektivinin, eləcə də rəhbərliyinin bu yorulmaz fəaliyyəti yüksək dəyərləndirilməlidir. 9-cu Muğam Müsabiqəsi də şübhə yoxdur ki, Azərbaycan Muğamının dünya miqyaslı uğurlarına xidmətin bariz nümunəsi, bütövlükdə dövlətimiz və Heydər Əliyev Fondu tərəfindən mədəniyyətimizə, musiqimizə göstərilən təmənnasız qayğının əvəzedilməzliyinin sübutu olacaq. Gənc ifaçıların səsləndirdikləri klassik muğam nümunələri, təsnif və mahnılar onların Böyük Səhnəyə doğru inamlı yürüşünün uğurla nəticələnəcəyi barədə çoxmilyonlu tamaşaçı və dinləyici qənaətinin formalaşmasına və möhkəmlənməsinə əsaslı zəmin verir.