Modern.az

Azərbaycan ailəsi modelinin fərqli tərəfləri

Azərbaycan ailəsi modelinin fərqli tərəfləri

Mədəni̇yyət

24 İyun 2025, 11:42

Azərbaycan ailəsi özünəməxsus tərəfləri olan, zəngin və milli dəyərləri özündə əks etdirən ilə modelidir. Azərbaycanda ailə institutu üçün xarakterik olan əsas cəhətlər ailə bağlarının güclü olması, milli adət və ənənələrə bağlılıq, valideynlərə və yaşlılara yüksək hörmət və diqqətin olması, eləcə də patrixial idarəetmədir. İstənilən Azərbaycan ailəsinin idarə edilməsində xalq dili ilə ifadı etsək, kişi “ailənin başçısı” və ya idaredicisi hesab olunur.

Azərbaycan qadınının ailədə əvəzsiz rolu

Bununla belə ta qədimlərdən bu günümüzə qədər ailələrdə qadınların, xüsusi ilə də anaların rolu həlledici mövqeyə malikdir. Belə ki, istər ailənin daxili tarazlığının qorunması, istrsə də uşaqların böyüdülməsi və təlim tərbiyəsində Azərbaycan qadınının rolu əvəzsizdir. Uşaqların tərbiyəsi və onların cəmiyyətə yararlı bir insan kimi  ötürülməsində ailə mühitinin böyük rolu var. Əgər uşaq ailədə böyüklər arasında qarşılıqlı olaraq hörmət, bir-birinə diqqət göstərilməsi, ortaya çıxan problemlərin birlikdə həll edilməsi, eləcə də yaxşı və pis hadisələrin ailə içərisində normal həllinin görürsə sözsüz ki bu o ailədə böyüyən uşaqların psixologiyasına öz müsbət təsirini göstərir. Eyni zamanda daima ailə münaqişələri yaşayan ailələrdə böyüyən, anası və özü məişət zorakılıqlarının qurbanına çevrilən uşaqlarda həm digər ailə üzvlərinə, həm də cəmiyyətə qarşı bir nifrət, aqressiya formalaşır ki, bu da sonradan həmin insanın istər cəmiyyətdəki yerinə istərsə də davranışlarına mənfi təsir edir. Bir sıra hallarda isə belə insanlar toplumda öz yerlərini tapa bilmirlər və da onlarda qisas almaq və digər bu kimi xoşagəlməz meylləri yaradır. Yaxud ailədə nəzarətsiz qalan uşaqların xoşagəlməz hallara meyllənməsi kimi hallarda ortaya çıxa bilir.

Çoxuşaqlı ailələrin sayının azalmasının səbəbləri

Qeyd edək ki, Azərbaycandakı ailə modelini başqa ölkələrdən fərqləndirən əsas amillər mili dəyərlə bağlı olsa da son illər şəhər urbanizasiysının artması, eləcə də ölkədə qurulan ailə ittifaqlarının hər il az qala 50%-nin dağılması, ölkədə doğumun səviyyəsinin ilbəil aşağı düşməsi tarix boyu böyük ailə modeli olan Azərbaycan ailələrində dəyişiklik yaradıb. Belə ki, əvvəllər ailələrdə valideynlərlə yanaşı ailənin ağsaqqalı və ağbirçəyi sayılan baba və nənələrin də olması uşaq sayından asılı olmayaraq var idi və yaşayış yerinin ölçüsündən asılı olmayaraq bu ailə icması birlikdə yaşayışı davam etdirirdilər. Müasir dövrdə isə Azərbaycan ailələrdə gənclərin müstəqil həyata tez atılmaq və müstəqil yaşamaq meylləri çox olduğuna görə artıq böyük ailə modeli də sıradan çıxıb. Eləcə də əgər ötən əsrin 70-80-ci illərində hər ailədə uşaqların orta statistik göstəricisi 3 və 4 arasında dəyişsə də, indiki Azərbaycan ailələrinin əksəriyyəti iki, yaxud bir uşaqla kifayətlənir ki, burda da artıq böyük ailə modelindən danışmaq yersizdir. Doğrudur, bir çox hallarda ekspertlər böyük ailə modelinin sıradan çıxmasını sosial-iqtisadi çətinliklərlə izah etsələr də, əslində bugünkü insanın sosial ehtiyacları baba və nənələrimizin yaşadığı dövrlərlə müqayisədə dəfələrlə çox və yaxşıdır. Bu baxımdan da burada sosial problemlərin əsas faktor olması o qədər də real görünmür. Sosioloqlar isə ilbəil doğumun azalmasını iki faktorla bağlayırlar. Onların fikrincə burada birinci faktor müasir insanların daha çox öz azadlıqları və rahatlıqlarını sevməsidir və heç kim uşaq böyütmək və digər bu kimi işlərə vaxt itirmək istəmir. Digər faktorun isə xarici təsirlər olduğu bildirilir. “Çünki əvvəllər bizim valideynlərimiz də, onlardan böyüklər də qapalı quruluşda yaşayırdılar. Müstəqillikdən sonra Azərbaycan insanı da xaricə inteqrasiya olmağa başladı və orada olan bir sıra adət və ənənələr biz istəsək də istəməsək də bizim cəmiyyətə də gətirildi.

Əsas amil

Azərbaycan ailəsini xarici ailələrdən fərqləndirən əsas amil isə Azərbaycanda hələ də kollektivçilik ənənəsinin qalmasıdır. İstər uşaqların böyüdülməsi, istər ailə qurması, istərsə də təminatı ilə bağlı Azərbaycanda ailə üzvləri arasında bir-biri ilə maddi və mənəvi bağlar var. Məsələn, Azərbaycanda nənənin öz nəvəsinə baxması, oğulun evləndirilməsi və ya qızın gəlin köçürülməsi, cehiz yığılması və s. kimi ənənələr kollektivçilik bağlarıdır.

Xarici ölkələrdə isə bu daha çox fərdi müstəvidədir. Hər kəs öz problemi ilə özü məşğul olur və bəzən ailələrdə övladların nə zaman evlənməsi, uşaqların dünyaya gəlməsi ilə bağlı elementar məlumat belə olmur. Həmçinin maddi təminat məsələlərində də fərdiyətçilik ön plandadır. Bu baxımdan da sosioloqlar son dövrlərdə Azərbaycan ailələrində uşaqların daha çox müstəqilliyə can atmasının gələcəkdə kollektivçilik bağlarını zədələyə biləcəyini ehtimal edirlər. Hesab olunur ki, əgər ailələrdə bu kimi meyllər artarsa valideynlər kiçik dövlət olan ailədə ümumi maraqların qorunmasına cəhd etməlidirlər. Çünki kollektivçilik ənənələrinin dağılması klassik Azərbaycan ailə modelini də sıradan çıxara bilər. Bu isə bizim qədimlərimizdən bu günə qədər yaşadılan milli dəyərlərimizin itirilməsinə təhdid yaradır.

Azərbaycan qanunvericiliyi ailə modelimizi qorumağa yönəlib

Azərbaycan qanunvericiliyi Azərbaycan ailəsi modelini qorumağa yönəlib. Ailə Məcəlləsinə əsasən, analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.

 Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. Nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir.  Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişdirməsinə səbəb olmur. Nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir.

Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.  Ailə kəndli təsərrüfatı üzvlərinin birgə mülkiyyəti üzərində ər-arvadın istifadə, sahiblik və sərəncam hüquqları Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müəyyən olunur.  Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

Nikah müqaviləsi

Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Nikah müqaviləsinə mediasiyaya dair şərtlər daxil edilə bilər. Nikah müqaviləsində nəzərdə tutulmuş hüquq və vəzifələr müəyyən müddətlərlə məhdudlaşa bilər, müxtəlif şəraitin yaranıb-yaranmamasından asılı ola bilər. Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin(arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz.. Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. 

Nikah müqaviləsi ər-arvadın razılığı ilə istənilən vaxt Ailə Məcəlləsində göstərilən qaydada dəyişdirilə və ya pozula bilər.  Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir. . Ərin (arvadın) tələbinə əsasən məhkəmənin qətnaməsi ilə nikah müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müqavilələrin dəyişdirilməsi və pozulması üçün nəzərdə tutulmuş əsaslarla və qaydada dəyişdirilə və ya pozula bilər. Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam verilir. Nikah müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə əqdlərin etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş əsaslarla məhkəmə tərəfindən tamamilə və ya qismən etibarsız hesab edilə bilər.  Müqavilənin şərtləri əri (arvadı) çox əlverişsiz vəziyyətə saldıqda nikah müqaviləsi onun tərəfindən mübahisələndirilə bilər. Nikah müqaviləsinin Ailə Məcəlləsinin digər tələblərini pozan şərtləri əhəmiyyətsizdir və müqavilənin bağlandığı andan etibarsız hesab edilir.

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda ailə dəyərlərinə qarşı hibrid təhdidlər” layihəsi çərçivəsində hazırlanıb. Əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir