Azərbaycanda icazəsiz şəkildə fəaliyyət göstərən Quran kursları ilə bağlı məsələlər yenidən gündəmə gəlib.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Quran kurslarının icazəsiz şəkildə təşkili və fəaliyyəti yolverilməzdir.
Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, dini biliklərin verilməsi yalnız müvafiq dini təhsil müəssisələrində mümkündür:
“Sadəcə məscidlərin nəzdində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xüsusi razılığı ilə fəaliyyət göstərən Quran kursları ola bilər. İcazəsiz şəkildə bu kursların təşkili və fəaliyyəti yolverilməzdir”.
Ceyhun Məmmədov vurğulayıb ki, belə halların qarşısını almaq üçün müvafiq qurumlar - yerli İcra Hakimiyyətləri və Dövlət Komitəsi bu proseslərə tam nəzarət etməlidirlər:
“İcra Hakimiyyətləri bilməlidir ki, onların ərazilərində fəaliyyət göstərən bu cür kurslar üçün rəsmi icazə mövcuddur, ya yox. Əgər icazə yoxdursa, bu fəaliyyətlərin necə və hansı əsasla təşkil edildiyi aydınlaşdırılmalıdır”.
Deputatın sözlərinə görə, məscidlərin nəzdində təşkil olunan kurslarda dərsləri yalnız dini təhsili olan peşəkar müəllimlər tədris edə bilərlər:
“Din xadimləri və kurs müəllimləri komitənin qeydiyyatında olmalı, onların fəaliyyəti mütəmadi olaraq yoxlanmalıdır.”
Millət vəkili əlavə edib ki, bir neçə il öncə qanunvericiliyə edilən dəyişikliklər məhz bu sahədəki boşluqları aradan qaldırmaq və nəzarəti gücləndirmək məqsədi daşıyırdı.
“Ona görə də bu cür halların təkrarlanmaması üçün məscidlərin və orada təşkil olunan kursların fəaliyyəti ciddi və davamlı şəkildə yoxlanılmalıdır. Həmçinin reydlər keçirilməli, nəzarət tədbirləri gücləndirilməlidir”.
Deputat onu da qeyd edib ki, belə hadisələr cəmiyyətdə narahatlıq yaradır, geniş müzakirələrə və suallara səbəb olur:
“İnsanlar haqlı olaraq soruşurlar – bu necə baş verdi və nə üçün müvafiq qurumlar bunun qarşısını vaxtında ala bilmədi? Bu səbəbdən bütün aidiyyəti orqanlar məsələyə ciddi yanaşmalı və bu kimi xoşagəlməz halların qarşısını almaq üçün lazımi tədbirlər görməlidirlər”.
Aytac Bəhruzqızı