Ötən gün gecə saatlarında Bakıda güclü partlayış baş verib. Əvvəlcə sosial şəbəkələrdə Yasamal rayonunda partlayış səsinin eşidildiyi barədə paylaşımlar edilib. Partlayışı fürsət bilən xaricdə yaşayan bəzi blogerlər hadisənin “Alov” müdafiə sənayesi zavodunda olduğunu iddia etsə də, rəsmi qurumlar iddianı dərhal təkzib edib.
Ardınca rəsmi açıqlama verilib ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayış baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Kinostudiyanın tabe olduğu Mədəniyyət Nazirliyi bildirib ki, hadisə “Azərbaycanfilm”ın arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda qeydə alınıb. Rəsmi qurumlar hələlik partlayışın səbəbini açıqlamayıb və araşdırmaların davam etdiyi bildirilib.
Modern.az-ın məlumatına görə, dövlətə məxsus “Azərbaycanfilm” kinostudiyası 1920-ci ildə “Azərbaycan XMK-nın İncəsənət Şöbəsi” adı altında təsis olunub.
Müxtəlif dövrlərdə müxtəlif adlarla fəaliyyət göstərən “Azərbaycanfilm” yüzlərlə film istehsal edilib.
Hazırda kino qurumu Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərir. Kinostudiyanın hazırda direktoru yixdur. Əməkdar mədəniyyət işçisi Azər Quliyev qurumun rəhbəri vəzifəsini icra edir.
“Azərbaycanfilm”də bədii filmlərin ssenarisini təsdiq edən Bədii Şura (BŞ) fəaliyyət göstərir. Heyət hər il yenidən seçilərək təsdiqlənir. Təqdim olunan ssenari BŞ heyəti tərəfindən qəbul olunduqdan sonra Mədəniyyət Nazirliyinə təqdim olunur. Son sözü Mədəniyyət Nazirliyi deyir.
Elnur Əmirov