Ermənistanın tarix boyunca sistemli şəkildə apardığı mədəni oğurluq və saxtakarlıq siyasəti dünən olduğu kimi, bu gün də davam etməkdədir. Sabah da davam etməyəcəyinə qarantiya yoxdur.
Ermənilər vaxtaşırı Azərbaycan musiqisinə aid olan bir çox xalq havalarını və bəstəkar əsərlərini öz adlarına çıxarmağa çalışırlar.
Qafqaz Albaniyasına məxsus olan xristian məbədləri, xüsusilə də Qarabağ və Qərbi Azərbaycanda yerləşən Xudavəng, Gəncəsər, Amaras kimi qədim monastırlar əsrlərdir ki, alban kilsə arxitekturasının şah əsərləri sayılır. Ermənistan isə bu abidələri erməni-qriqorian irsi kimi təqdim etməklə onların tarixi mənsubiyyətini dəyişdirməyə çalışır. Halbuki bu məbədlərin kitabələrində və arxitektura üslubunda alban izləri açıq-aşkar görünməkdədir.
Azərbaycanın qədim sənət növlərindən olan xalçaçılıq da erməni saxtakarlığının hədəfindədir. Qarabağ, Qazax, Gəncə, Naxçıvan xalça məktəblərinə aid olan naxışlar və motivlər müxtəlif beynəlxalq sərgilərdə erməni məhsulu kimi təqdim edilir. Halbuki bu xalçaların üzərindəki ornamentlər və adlar açıq şəkildə Azərbaycan mədəniyyətinə aid olduğunu sübut edir.
Azərbaycanın zəngin milli mətbəxi də bu saxtakarlıqdan yan keçə bilməyib. Məşhur milli yeməklərimiz – dolma, kabab, piti, lavaş, paxlava, şəkərbura – beynəlxalq platformalarda erməni mətbəxinin nümunələri kimi tanıdılır.
Azərbaycan tarixində iz qoymuş bir çox şəxsiyyətlər və onların irsi də mənimsənilməyə çalışılır. Məsələn, Üzeyir Hacıbəylinin irsi kimi...
Ermənistanın uzun illərdir apardığı bu sistemli kultural plagiat və saxtakarlıq siyasəti bir məqsədə xidmət edir - tarixdə yer tutmaq, özünü qədim sivilizasiya daşıyıcısı kimi göstərmək. Lakin tarix sənədlərlə yazılır, xalqın yaddaşı isə silinməzdir.
Azərbaycanda erməni saxtakarlıqlarının ifşası ilə rəsmi mübarizə aparan əsas qurumlardan biri Əqli Mülkiyyət Agentliyidir. Agentlik bir ildə hansı erməni saxtakarlıqları və plagiatlıq faktlarını aşkara çıxarıb?
Agentlik 2024-cü illlə bağlı hesabatında erməni saxtakarlığını ayrıca bölmədə təsnifatlaşdırıb.
Agentlikdən verilən açıqlamada bildirilib ki, 2016-cı ildən başlayaraq “Don bəzəyər də, ifşa edər də” seriyasından kitab və broşurlar nəşri 2024-cü ildə də davam etdirilib. 2024-cü ildə bu seriyadan Agentlik tərəfindən hazırlanmış “Qərbi Azərbaycan torpaqları qədim və klassik mənbələrdə və DNT-analiz” və “Земли Западного Азербайджана в древних и классических источниках и ДНК-анализ” adlı yeni kitabları (müəllif Kamran İmanov) Azərbaycan və rus dillərində nəşr olunaraq yayılıb. “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə ölkəmizdə hər il erməni saxtakarlıqlarının ifşasına həsr olunan və 2016-cı ildən başlayaraq “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir...” devizi altında silsilə mövzular üzrə keçirilən tədbirlərin davamı olaraq 2024-cü ildə Əqli Mülkiyyət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir” mövzusunda növbəti konfrans keşirilib. Görkəmli alimlərin, tədqiqatçıların və tanınmış ictimai xadimlərin qatıldığı tədbirdə klassik mənbələr, tarixi sənədlər və faktlar əsasında ermənilərin maddi və qeyri-maddi mədəniyyət nümunələrimizə, eləcə də torpaqlarımıza olan iddialarının əsassızlığı göstərilmiş və erməni uydurmaları ifşa edilib.
2024-də dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının musiqisinin bir hissəsinin və Azərbaycan musiqi irsinin digər nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi ilə bağlı və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Mədəniyyət Nazirliyi ilə birgə bəyanatı yayılıb. Bəyanatda “O olmasın, bu olsun” komediyasının musiqisinin bir hissəsinin erməni bəstəkarı Arno Babacanyanın “müəllifliyi” ilə “Vaqarşabat rəqsi” adı altında “Youtube” platformasında yerləşdirilməsinə ciddi etiraz bildirilib, Üzeyir Hacıbəylinin müəllif hüquqlarının bərpa edilməsi, habelə Ermənistan Respublikasının ərazisində və ya onun subyektləri tərəfindən Azərbaycan mədəni irsi, xüsusilə də musiqi irsi nümunələrinin kütləvi şəkildə mənimsənilməsi hallarını aradan qaldırmaq və görülən tədbirlər barədə məlumat verilməsi tələb olunub.
Ötən il Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözləri erməni ifaçısı Gor Yepremyan tərəfindən dəyişdirilib və onun ifasında “Sirun jan” adı altında “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə “Youtube” platformasında yerləşdirilib. Agentlik tərəfindən görülən tədbirlər nəticəsində erməni Gor Yepremyanın erməni nümunəsi kimi təqdim olunan bu mahnı “Youtube” platformasından və “Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və platformalarından silinib. Qeyd edilən məsələ ilə əlaqədar Əqli Mülkiyyət Agentliyi tərəfindən 2024-cü il 9 iyul tarixində geniş şərh, 10 iyul tarixində Agentliyin Mədəniyyət Nazirliyi ilə birgə bəyanatı yayılıb.
2024-cü ildə Musiqisi Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus, sözləri bayatılardan ibarət olan “Yarımgilə” adlı mahnısının sözləri erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən dəyişdirilərək “Xrovel e im yare” adı ilə ifa edilib və “Youtube” platformasında yerləşdirilib. Əqli Mülkiyyət Agentliyi bu erməni oğurluğunun da qarşısını alıb və Minas Ovanesyanın (Mino) ifa etdiyi “Xrovel e im yare” adlı mahnı “Youtube” platformasında 5 (beş) səhifədən silinib.
Bundan başqa, “Youtube” platformasının “BehrooZ Abshar” adlanan səhifəsində erməni musiqi nümunələri kimi yerləşdirilmiş Azərbaycanın xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi “Yar gəldi, yar” (musiqisi bəstəkar Adil Gəraya, sözləri Əli Kərimə məxsusdur), “Töhfə” (musiqisi bəstəkar Firəngiz Babyevaya, sözləri Baba Vəziroğluna məxsusdur), “Getmə amandır” (musiqisi Hacı Xanməmmədova, sözləri Aşıq Ələsgərə məxsusdur), “Yavaş-yavaş” (musiqisi Nazil Qəmərlinskiyə, sözləri Bəxtiyar Vahabzadəyə məxsusdur) və “Bayram şamları” (musiqisi bəstəkar Cahangir Cahangirova, sözləri Şıxəli Qurbanova məxsusdur) mahnıları da Əqli Mülkiyyət Agentliyinin gördüyü tədbirlər nəticəsində həmin platformadan silinib.
Göründüyü kimi, Azərbaycanın maddi və mənəvi sərvətlərinə qənim kəsilən “erməni dəyirmanı” öz işindədir, dayanmadan saxtakarlıq və plagiat məhsullar üyüdür... Bu sadalananlar təkcə bir ildə qeydə alınan plagiat faktlarıdır... Hələ qeydə alınmayan o qədər faktlar var ki...
A.Zeynalov
Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” layihəsi çərçivəsində hazırlanıb.