Rusiyanın Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən, konsertlər, festivallar, tamaşalar, sərgilər və s. Mədəniyyət Nazirliyi tərəfindən ləğv edilib. Qeyd edək ki, 2025-ci ilin sonunadək Rusiyanın dövlət və özəl müəssələri tərəfindən ölkəmizdə ümumilikdə 9 mədəni tədbirin keçirilməsi nəzərdə tutulmuşdu.
Modern.az mövzu ilə bağlı vaxtı ilə Rusiyada incəsənət sahələrində ixtisaslaşmış mədəniyyət xadimlərimizin fikirlərini öyrənib.
"Rusların bizim ölkədə tədbir keçirməyinin çoxdan əleyhinəyəm"
Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutundan məzun olan şair Baba Vəziroğlu qeyd edib ki, onlara imkan verdikcə, daha çox bizə diqtə etməyə çalışır, elə bilirlər ki, biz onlardan qorxuruq:
“Mən o zamandan bunu görürəm, qabaqlarından çəkildikcə, daha da quduzlaşır, hərisləşirlər, üstə çıxmaq istəyirlər. Rusların bizim ölkəyə gəlib tədbirlər keçirmələrinin çoxdan əleyhinəyəm. Flip Kirkorovun Azərbaycanda nə işi var? Bunlar təmiz erməni kökənli, bizə nifrət edən adamlardır. Onda elə Kasparovu, “Bəyin oğurlanması” filmindəki erməni aktyor Karen Avanesyanı da çağıraq. Kirkorov onların nəyindən artıqdır, bunlar bizə eyni düşmən qüvvələrdir. Mən onların incəsənətini istəmirəm”.
“Mən Rusiyanı yox, Çexovu, Dostoyevskini, böyük rus rəssamlarını sevirəm. Amma şovinist ruhlu, özündən başqa millət, xalq tanımayan, yenidən imperiya hərisliyində olan toplumu sevmirəm və təbii ki, onların da başında Paşinyan demiş, Vladimir Vladimiriviç durur”- B.Vəziroğlu qeyd edib.
"Rusiyaya qarşı mövqeyimizi göstərməli idik"
Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinoşünaslıq fakültəsində təhsil almış azərbaycanlı kinorejissor Ayaz Salayev də Mədəniyyət Nazirliyinin addımını müsbət qiymətləndirib.
“Çox acınacaqlı vəziyyətdir. İş ondandır ki, bizə qarşı bu cür münasibət çoxdan - hələ Sovet dövrünün son illərindən başlayaraq var idi. Mən 8 il Moskvada yaşamışam, oxumuşam, belə şeyləri gözəl bilirəm. Biz bu baxımdan Rusiyaya qarşı mövqeyimizi göstərməli idik, onu da göstərdik. Təbii ki, bu addım əbədi deyil. Bunlara indiyədək nə qədər yerlərini bildirmişik, yenə də qanmırlar. Nəhayət başlarını divara vura-vura sonda bəlkə nəyisə başa düşəcəklər. Mən ümid edirəm ki, növbəti – Soveti görməyən nəsil artıq bizə "kiçik qardaş" kimi baxan Rusiyaya qarşı qətiyyətini göstərəcək”.