Modern.az

Alban irsinə qəsd - Ermənilərin Ziyarət dağındakı saxtakarlığı

Alban irsinə qəsd - Ermənilərin Ziyarət dağındakı saxtakarlığı

Mədəniyyət

7 İyul 2025, 12:11

Qarabağ regionu əsrlər boyu Azərbaycanın ayrılmaz hissəsi olmaqla yanaşı, zəngin tarixi, mədəni və dini irsi ilə də tanınır. Bu torpaqlarda çoxsaylı məscidlər, türbələr, məbədlər, alban kilsələri və digər dini abidələr mövcuddur. Lakin son iki əsrdə - xüsusilə də XIX əsrdən başlayaraq - ermənilər bu bölgədə məqsədli şəkildə tarixi saxtalaşdırma və mədəni irsi mənimsəmə siyasəti həyata keçiriblər. Bu siyasətin əsas hədəflərindən biri də Qarabağdakı qədim alban kilsələrinə sahib çıxmaq, onları erməni apostol kilsəsinin mirası adı altında təqdim edərək erməni irsi kimi dünyaya tanıtmaq cəhdləridir.

Tarixdən məlumdur ki, Qarabağ ərazisində yerləşən bir çox qədim kilsə və monastır kompleksləri Qafqaz Albaniyasına məxsusdur. Qafqaz Albaniyası eramızdan əvvəl IV əsrdə təşəkkül tapmış və xristianlığı rəsmi din kimi qəbul edən ilk dövlətlərdən biri olmuşdur. Qafqaz Albaniyası öz yazısı, dini və kilsə sistemi ilə fərqlənmiş və bu günə qədər izləri qalan zəngin mədəni irs qoyub getmişdir.

Alban xristianlığı Qriqoryan (erməni) kilsəsindən fərqli olaraq, özünəməxsus bir inanc və idarəetmə sisteminə malik idi. Tarixi mənbələrdə göstərilir ki, VII əsrə qədər Qafqaz Albaniyası müstəqil kilsə sistemini saxlamış, daha sonra isə müxtəlif səbəblərdən zəifləyərək erməni kilsəsinin təsirinə düşmüşdür.

Ermənilər Qarabağ ərazisində yerləşən qədim alban abidələrini XIX əsrdən başlayaraq erməni kilsəsi adı ilə təqdim etməyə başlamışlar. Bu siyasət bir neçə mərhələdən ibarət olub. Ermənilər bu kilsələri özlərinə aidləşdirərək onların üzərində erməni xaçları, yazıları yerləşdirmiş, abidələrin memarlıq üslubuna müdaxilə etmişlər.

Bəzi kilsələrin daş kitabələri ya silinmiş, ya da onların üzərinə sonradan erməni yazıları əlavə edilmişdir. Bu isə abidənin mənşəyini dəyişmək üçün açıq-aşkar saxtalaşdırmadır.

Ermənilərin bu cəhdlərinin arxasında bir neçə əsas məqsəd dayanır:

- Qarabağın qədimdən erməni torpağı olduğunu sübut etməyə çalışmaq;

- Bölgənin xristian irsini öz inhisarına almaq;

- Azərbaycan xalqının dini və mədəni mirasını silmək və ya saxtalaşdırmaq;

- Beynəlxalq aləmdə Qarabağda mövcud olan abidələrin guya erməni mədəniyyəti ilə bağlı olduğunu sübut edərək siyasi və ideoloji mövqe qazanmaq.


Ermənilərin özününküləşdirmək istədikləri Qafqaz Albaniyasına məxsus dini qibləgahlardan biri də Xocavənd rayonu ərazisində dəniz səviyyəsindən 2480 metr hündürlükdə, Qarabağ silsiləsinin cənub-şərqində yerləşən Ziyarət dağındadır. Alban tarixçisi Moisey Kalankatuklunun məlumatına görə, Albaniyada çar I Urnayr tərəfindən xristianlıq rəsmi dövlət dini elan edildi. I Urnayrın ölümündən sonra 330-337(8)-ci illərdə xristianlığın yayılmasının ikinci mərhələsində ilk alban katolikosu Qriqoris olub. Onun ilk dəfn olunduğu yer Amaras şəhərinin Haband vilayətində yerləşən Ziyarət dağı idi. Moisey Kalankatuklunun məlumatına görə, Qriqorisin qalıqları Haband vilayətində yerləşən monastırın şimalında (cənubunda) olan kilsədə saxlanmışdır. Kilsənin cənubunda (şimalında) tikili qalıqları (ölçüləri: 9,8x3,8 metr) və qala divarlarının bir hissəsi zəmanəmizə qədər gəlib çatmışdır.

Bu barədə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin Qafqaz Albaniyası memarlıq abidələri və mənəvi irsinin tədqiqi sektorunun müdiri tarix üzrə fəlsəfə doktoru Natiq Alışov bildirib.

O qeyd edib ki, Ziyarət dağı xristianlıqdan öncə də müqəddəs məkan kimi Ağoğlan piri adı ilə tanınıb. Din dünyagörüşü dəyişir, lakin müqəddəs məkanlarda dəyişməz prinsip və işləmə mexanizmini biz Ziyarət dağında da görə bilərik. Hazırda burada mövcud olan kilsənin uzunluğu 11,75, eni 6,70, hündürlüyü 5 metrdir. Tikili birnefli bazilka olmaqla tağvari örtüyə və nalvari altara malikdir. Əsas giriş qərb divarında olmaqla, şərq, qərb və cənub divarlarında mizraqvari pəncərələr var. Kilsə kobud formada yonulmuş yerli daşlardan istifadə edilməklə inşa olunub. Alban tarixçisinin verdiyi məlumatlardan aydın olur ki, alban çarı III Mömin Vaçaqan hakimiyyətdə olduğu dövrdə müqəddəs Qriqorisin cəsədinin axtarışına çıxıb, onun qalıqlarını taparaq Amaras monastırında dəfn edilməsinə nail olub. Məlumatlardan belə aydın olur ki, xristianlıq Albaniyada rəsmi dövlət dininə çevrildikdən sonra alban çarları dövlət idarəçiliyi sahəsində mühüm qərarlar veriblər. Bu istiqamətdə Alban çarı III Mömin Vaçaqan tərəfindən V əsrdə çağırılmış Aquen kilsə məclisi mühüm rol oynayıb. Bu məclisdə Albaniya dövlətinin konstitusiyası rolunu oynayan 21 maddədən ibarət mühüm qanun qəbul edilib. Ölkə ərazisində ilin günlərinin sayı qədər kilsə və monastırların inşası davam etdirilib.
 


Qarabağ regionunun ən yüksək dağlıq ərazisində yerləşən bu möhtəşəm alban abidəsi də erməni işğalçılarının qeyri-qanuni fəaliyyətlərindən kənarda qalmayıb. Belə ki, 1993-cü ildən başlayan və 2020-ci ilə kimi davam edən işğal dövründə Ziyarət dağındakı məbəd ermənilərin hədəfində olub. Rusiya vətəndaşları olan erməni əsilli Arakeliyan qardaşları - Armik, Narvik və Tiqranın maliyyə dəstəyi ilə “bərpaçı memar” Samvel Ayvazyanın layihəsinə əsasən icraçı Martiros Çalumyanın nəzarəti altında alban kilsəsində qeyri-qanuni təmir-bərpa işləri görülüb. Tağvari örtüyə malik kilsənin dam örtüyü sökülərək çatmavari formaya salınıb, üzərinə dəmir beton konstruksiyası yığılaraq Ermənistan istehsalı olan kirəmitlər döşənib. Kilsənin daxili kompozisiyası da ciddi dəyişikliyə məruz qalıb.

44 günlük Vətən müharibəsi dövründə torpaqlarımızım işğaldan azad edilməsi ilə müqəddəs məkan sayılan Ziyarət düşmən tapdağından xilas edilib. Nəticədə buradakı alban məbədindəki saxtakarlığa da son qoyulub.

Azərbaycan Respublikası 2020-ci ildə Qarabağda ərazi bütövlüyünü bərpa etdikdən sonra erməni saxtakarlıqları ifşa etmək və tarixi ədaləti bərpa etmək istiqamətində mühüm addımlar atılır. Dövlət tərəfindən aparılan elmi tədqiqatlar, arxeoloji qazıntılar, memarlıq ekspertizaları və beynəlxalq mütəxəssislərin iştirakı ilə sübut olunub ki, Qarabağda yerləşən kilsələrin böyük əksəriyyəti Qafqaz Albaniyasına məxsusdur və erməni irsi ilə heç bir əlaqəsi yoxdur.

Eyni zamanda, UNESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində bu abidələrin orijinal formasına qaytarılması və qorunması istiqamətində işlər görülməkdədir. Azərbaycan həm müsəlman, həm də xristian dini irsinin qorunmasına xüsusi önəm verir.

Ermənilərin Qarabağdakı kilsələrə sahiblənmək cəhdləri təkcə bir mədəni mənimsəmə aktı deyil, həm də beynəlxalq hüquqa, tarixi reallığa və mədəni irsə qarşı yönəlmiş məqsədli təxribatdır. Tarixi saxtalaşdırmaqla milli irs qurmaq mümkün deyil. Azərbaycan xalqı və dövləti öz tarixi, dini və mədəni irsinə sahib çıxaraq, bu abidələri saxtakarlıqdan qoruyur və gələcək nəsillərə əsl simasında çatdırmaq üçün mübarizə aparır.

Tarixi abidələr tarixin səsini daşıyır - bu səs isə yalnız gerçəkliyi danışır.


A.Zeynalov

Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” layihəsi çərçivəsində hazırlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi