Azərbaycanın zəngin tarixi irsi sırasında Qafqaz Albaniyasına aid dini və mədəni abidələrin xüsusi yeri var. Bu abidələrdən biri də Kəlbəcər rayonun Vəng kəndində yerləşən bənzərsiz memarlıq xüsusiyyətlərinə malik Xudavəng (Dadivəng) monastır kompleksidir.
Təəssüf ki, bu qədim alban məbədi də uzun illərdir erməni saxtakarlığının və plagiat cəhdlərinin hədəfinə çevrilib. Ermənistan tərəfi bu abidəni Erməni Apostol Kilsəsinə aid olduğunu iddia edərək, tarixə, arxeologiyaya və sənədlərə zidd fikirlər yayır.
Tarixi mənbələrə görə, Xudavəng monastırı Qafqaz Albaniyasının ən iri xristian dini komplekslərindən biridir. Onun tikintisi eramızın VI-VII əsrlərinə təsadüf edir və məhz Qafqaz Albaniyasının xristian memarlıq məktəbinin nümunəsidir. Kompleksin memarlıq üslubu, yazılı mənbələrdəki məlumatlar və tarixi kontekst bu məbədin alban kilsəsinə mənsub olduğunu təsdiqləyir.
Məhz Albaniyada xristianlığın dövlət dini kimi qəbul edilməsindən sonra belə məbədlərin sayı artmış, Xudavəng isə dini və mədəni mərkəzə çevrilmişdir. Kompleksin daxilindəki yazılarda (epiqrafik abidələrdə) qədim alban əlifbası ilə yazılmış mətnlər də mövcuddur. Bu isə onun alban mənsubiyyətini şübhəsiz sübut edir.
“Xudavəng” sözü “tanrı məbədi” anlamını verir. Məbədin adı həm də onun yerləşdiyi Vəng kəndinin adından götürülüb.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva deyir ki, Kəlbəcərdəki Xudavəng monastır kompleksi Azərbaycan xalqının etnogenezində iştirak etmiş albanlara mənsub olub.
Onun sözlərinə görə, Xudavəng monastır kompleksi Azərbaycan xalqının əcdadlarının yaratdığı möhtəşəm maddi-mədəniyyət nümunəsidir.
Tarixçi bildirib ki, mövcud mənbələrə görə, Xudavəng monastırı İsa Məsihin həvarisi (apostolu) Faddeyin şagirdi Dadi tərəfindən inşa olunub. Bu isə monastırın Cənubi Qafqaz ərazisində ilk xristian məbədlərdən biri olduğunu sübut edir. Alban dövlətçiliyi kiçik alban knyazlıqlara dağıldıqdan sonra monastır müstəqil Xaçın knyazlığı sülaləsinin idarə etdiyi ərazidə qalıb:
"Knyazlığın hakim alban sülaləsinin etnik mənsubiyyəti mübahisəlidir: bəzi mənbələrə görə, onlar Mehrani nəslindən idi, digər fikirlərə görə onlar maskut (massaget) Ərşak nəslindən olub. Amma hər iki halda Xaçın knyazlığı sülaləsinin və knyazlıq əhalisinin erməni-haylara heç bir aidiyyatı yox idi. Xaçın knyazlığı sülaləsi və knyazlıq əhalisi Azərbaycan xalqının etnogenezində iştirak etmiş albanlara mənsub idilər".
Xudavəng məbəd kompleksinin kitabələrində qeyd olunan Xaçın knyaz sülaləsinin Arzu xatun, Tursun, Seyti, Hasan, Avaq, Şəms, Altun, Ağbux, Qaragöz, Mamaxatun kimi nümayəndələrinin bariz türk adları abidəni ucaldanların etnik mənsubiyyətinin türklüyünün dəqiq göstəricilərindəndir.
Monastırın divarlarındakı yazılardan məlum olur ki, Xaçın hökmdarı, Mehranilər sülaləsindən olan Böyük Həsən xanımı Mama xatunla birlikdə 1182-ci ildə öz mülklərini 6 övladı arasında bölüşdürüb Xudavəng monastırına yerləşiblər. Kitabədən Xaçın hökmdarının 1182-ci ildə bura özü ilə alban xaçdaşı da gəturdiyi məlum olur. Dünyəvi həyatdan uzaqlaşaraq dini rütbələr almış Xaçın knyazı Həsən və Mama xatun ömürlərinin sonuna kimi bu monastırda rahiblik həyatı sürərək yaşayıblar.
Monastır ərazisindəki 1182-ci ilə aid kitabədən məlum olur ki, o dövrdə Xaçın hökmdarı Həsənin qardaşı Qriqori alban yepiskopu idi və bu monastırda fəaliyyət göstərirdi. Xaçın knyazı Həsən və Mama xatun onun yanına gələrək rahibliyə başlayıblar. Xaçın knyazlığının yüksəlişi dövründə 1214-cü ildə monastır yenidən inşa edilib.
Ermənistan tərəfi isə uzun illərdir beynəlxalq elmi dairələrdə, xüsusilə Qərb mənbələrində Xudavəngin guya "erməni memarlıq irsi" olduğunu iddia edən məlumatlar yayırlar.
Ermənistan silahlı qüvvələri 1993-cü ildə Kəlbəcəri işğal edəndən sonra ermənilər monastırdakı bəzi yazıları silmək və ya dəyişdirmək cəhdləri edib. Alban xaçdaşlarının üstündəki yazılar məhv edilib, onların yerinə guya "erməni kilsəsi" olduğunu göstərən işarələr vurulub.
Bu gün də Ermənistanın turizm xəritələrində bu kompleks "erməni kilsəsi" kimi təqdim edilir. Halbuki istər UNESCO, istərsə də digər beynəlxalq ekspertlərin araşdırmalarında bu məbədin Qafqaz Albaniyasına aid olduğu vurğulanıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin məlumatında bildirilir ki, Xudavəng monastır kompleksinə ümumilikdə 9 tikili daxildir. Onlardan 5-i əsas, digərləri isə köməkçi və xidməti xarakterli tikililərdir. Kompleksə daxil olan abidələrin heç də hamısı dövrümüzə yaxşı vəziyyətdə çatmayıb, daha qədim olanlar nisbətən dağılıb. Kompleksin ətrafı digər alban monastırlarında olduğu kimi möhkəm divarlarla əhatə olunub. Üstü günbəz kimi tikilmiş bu binaların inşaatında ağac materialından istifadə olunub. Kompleksə daxil olan binaların inşası zamanı əsasən yerli qara bazalt daşından, bişmiş kərpicdən və əhəng məhlulundan istifadə edilib, binaların damı isə kirəmit və səliqə ilə kəsilmiş daşlarla örtülüb. Abidənin uzunluğu 16,2 metr, eni isə 5,8 metrdir.
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin açıqlamalarında qeyd olunur ki, ermənilər 1993-2020-ci illər ərzində - işğal dövründə - Xudavəng monastırını Qarabağın digər alban monastırları kimi erməni monastır kompleksi olaraq dünyaya təqdim ediblər. Eyni zamanda Xudavəng monastırında qanunsuz bərpa işləri görüb, bir çox xaç elementlərində dəyişikliklər aparıblar. Arzu xatun, Böyük Həsən kilsələri və kompleksə daxil olan digər tikililər üzərində saxtalaşdırma əlamətləri olan əlavələr edib, abidələrin bir çox hissələrini vandalizmə məruz qoyublar:
“Erməni işğalı illərində Xudavəng monastırında mövcud olmuş zəngin ornamentli xonça və həyat ağacı təsvirli xaçdaşları Ermənistana - Eçmiədzin kilsəsinə aparılıb. Burada bərpa adı ilə pərdələnən saxtalaşdırma işləri Erməni Apostol Kilsəsinin nəzarəti altında 1997-2011-ci illər boyu davam etdirilib. Monastırdakı çox sayda sənət əsərləri, knyaz Vaxtanqın, Arzu xatunun iki oğlunun təsvirləri həkk olunmuş freskalar, dini şəkillər və kitabələr işğal dövründə dağıdılaraq talan edilib”, - Dini Komitədən bildirilib.
2020-ci ilin dekabr ayında İrəvanda keçirilən sərgidə Xudavəng monastır kompleksindən oğurlanmış zəng, daş kitabələr, freskalar, xalçalar və Azərbaycan Respublikasına məxsus digər mədəni irs nümunələri qanunsuz olaraq nümayiş etdirilib. Daha sonra qanunsuz olaraq “VII-XIII əsrlərdə erməni xristian kilsələrində freskalar” adı altında İtaliyanın Padua şəhərində açılmış sərgidə Xudavəng monastırının freskaları "erməni ənənəvi incəsənət nümunələri" kimi təqdim olunub. Həmin sərgi İtaliyanın bir neçə şəhərində də təşkil edilib.
2020-ci ildə Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü nəticəsində erməni işğalçıları Kəlbəcəri boşaltmağa məcbur oldular. İşğal illərində monastıra yiyələnməyə çalışan erməni keşişləri Azərbaycan torpaqlarını tərk etmək məcburiyyətində qalanda Xudavəng monastırının bütün külsə avadanlığını, hətta unikal freskaları və kilsə zənglərini belə söküb özləri ilə Ermənistana aparıblar ki, bu da onların xislətini ortaya qoyur.
2020-ci il dekabrın 4-də Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələrinin Xudavəng monastır kompleksini ziyarət etmələri böyük əhəmiyyətə malik hadisə oldu.
2021-ci il yanvarın 8-də isə Azərbaycan Alban-udi dini icmasının nümayəndələri Xudavəng monastır kompleksində İsa peyğəmbərin mövludu gününü - Milad bayramını qeyd etdilər.
Xudavəng məbəd kompleksi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarı ilə təsdiq edilmiş “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri”nin siyahısına daxil edilib.
Tarixi faktlar, memarlıq xüsusiyyətləri və epigrafik dəlillər bu məbədin məhz Qafqaz Albaniyasına aid olduğunu qəti şəkildə təsdiqləsə də, ermənilər bu gün də Xudavənglə bağlı qondarma iddialarını sürdürürlər.
Xudavəng Azərbaycanın qədim alban irsinin canlı şahididir. Onun qorunması həm milli, həm də ümumbəşəri vəzifədir.
A.Zeynalov
Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” layihəsi çərçivəsində hazırlanıb.